Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-26 13:27:00
Sinifdə şagird çoxluğunun psixoloji zərərləri: “Təfəkkür yaxşı inkişaf etmir” – PROBLEM        

“Övladım paytaxtdakı ümumtəhsil müəssisələrinin birində təhsil alır. 2-ci sinfədək rayon məktəbində oxuyub. Dəqiq sayı yadımda qalmasa da, orada sinifdə elə də çox şagird yox idi. Burada isə sinif yoldaşlarının sayı 26-dır. Digər valideynlərdən eşitdiyimə görə, bu say qanunvericiliyin qoyduğu normaları aşmır.

Düzü, övladımın sinifdəki sıxlıqdan psixoloji olaraq o qədər də təsirləndiyini hiss etməmişəm. Amma şagirdin az olduğu əvvəlki sinfində daha intizamlı idi”.

Övladının təhsil aldığı sinifdəki sıxlıqdan narazı olan valideynlər az deyil. Aygün Dənyarlı belə valideynlərdən biridir. Düzdür, sinifdəki sıxlıqdan o qədər də etirazçı olmasa da, övladının intizamındakı fərqi aydın hiss edir.

Qeyd:

Ümumtəhsil məktəblərində sinifdə şagird sayı 20 nəfərdən az olmamalıdır. Bir sinifdə şagird sayı 20-ə çatmadıqda, mövcud sayla sinif təşkil olunmasına icazə verilir.

Sinifdə şagird sayı 30-dan çox olduqda və ya otağın ölçüsü bu  qədər şagirdlərin bir sinifdə tədrisinə imkan vermədikdə, həmin sinif üzrə ikinci paralel sinif təşkil edilir.

Bəs, bu say, normal tədris üçün kifayət edirmi? Ümumiyyətlə, sinifdəki şagird sıxlığının bir məktəbliyə hansı psixoloji və metodik təsirləri ola bilər?

Mövzu ilə bağlı AzEdu.az-a danışan Neftçala rayon, Şirvanlı kənd tam orta məktəbinin psixoloqu Elmir Tağıyev düşünür ki, siniflərdəki şagird sıxlığı problemi tədris ilinin sonuna qədər həllini tapacaq. Onun fikrincə, bu problem şagird psixologiyasına o qədər də mənfi təsir göstərmir:

“Təfəkkürləri lazımi qədər inkişaf etmir”

“Sadəcə, sıxlıq olduğuna görə, müəllim hər şagirdə yetərincə vaxt ayıra bilmir. Bu, yalnız tədrisdə müşahidə olunur. Psixoloji aspektdən yanaşsaq, nəticə  əksinə olar.  Sinifdə şagird çox olanda uşaqlar bir birilərinə daha tez qaynayıb-qarışırlar. Belə məktəblilərdə ünsiyyət bacarıqları daha tez inkişaf edir. Çünki bir–biriləri ilə ünsiyyətdə olmaq imkanları çox olur.

Şagird sıxlığı yalnız müəllim üçün çətinlik yaradır. O, şagirdləri bir araya toplamaqda çətinlik çəkir.

Bundan əlavə, şagird tədris materialını lazımi qədər mənimsəyə bilmir. Buna görə də problem şagirdlərdə dərs pozuntularına səbəb olur. Dərs zamanı onların fikirləri yayınır, təfəkkürləri lazımi qədər inkişaf etmir. Müəllim şagirdə individual yanaşa bilmədiyinə, məktəbli müəlliminin diqqətini hiss etmədiyinə görə, fikri yayınır”.

Psixoloqun fikrincə, belə sinfin aqibəti müəllimdən də asılıdır. O, sinfin diqqətini cəmləməyi bacarmalıdır. Bu, müəllimdən pedaqoq ustalığı tələb edir:

“Məsələn, müəllim dərsə maraqlı, həmişəkindən fərqli tərzdə giriş verə bilər. İstənilən səriştəli pedaqoq dərsdən əvvəl şagirdlərin diqqətini cəmləmək üçün bir neçə dəqiqəsini ayırmalıdır. Müəllim şagirdin diqqətini mərkəzləşdirməyi bacarsa, 45 dəqiqənin necə keçdiyini bilməyəcək.

Dərs başlayanda şagirdin fikri haradadırsa, 45 dəqiqə boyunca da elə oraya gedir. Bəzən o, müəllimin dediklərindən ümumiyyətlə, heç nə anlamır. Pedaqoqdan, daha doğrusu dərsin başlanğıcından çox şey asılıdır”.

“Bütün məktəblilərlə eyni cür davranmaq olmaz”

Şagirdlərin çox olduğu sinifdə hansı məktəblilərə daha çox diqqət yetirməyə gəlincə isə, psixoloq bildirib ki, bu, onun və həmkarlarının işidir:

“Psixoloq hər tədris ilində sinif rəhbərinə şagirdlər barədə məlumat verməlidir. Müəllim konfliktli ailələrdən çıxmış, körpəlikdən stress yaşayan şagirdləri tanımalıdır. Belə olduqda pedaqoq rəftarında nələrə diqqət etməli olduğunu anlayır. Şagird sıxlığı yaşanan sinifdə bütün məktəblilərlə eyni davranmaq olmaz. Müəllim şagirdlərin valideyni ilə mütəmadi əlaqədə olmaqla da balansı qoruya bilər. Əgər çatdıra bilmirsə, psixoloq dəstəyindən faydalanmalıdır. Şəxsən mən bütün şagirdlərin valideynləri ilə tanışam. Valideyn övladı barədə məlumat verdikdə onu nə dərəcədə tanıdığını hiss edirəm”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları