Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-24 15:27:31
Həftədə iki saatla ana dilini necə öyrənmək olar? –“Rus məktəblərində” ciddi problem-TƏHLİL  

Ölkəmizdə rus və ya digər dillərdə tədris aparılan bölmələrdə Azərbaycan dilinə rəsmi olaraq 2 saat ayrılır. Bəziləri isə bunun ana dili üçün çox az olduğunu və rus bölmələrindəki Azərbaycan dili dərslərinin quru nəzəriyyə tipində keçirildiyini deyirlər.

Onların fikrincə, bu fənni tədris edən müəllimlər ona ikinci xarici dil kimi baxıb, bir az da laqeyd yanaşırlar.

Bəs, rus bölməsindəki Azərbaycan dili dərsləri əslində neçə saat keçirilməlidir? Ümumiyyətlə, bu formallığın hansı mənfi cəhətləri var?

“Müəllim yükünü çoxaltmaqla fənnin keyfiyyətini artıra bilərik?”

Mövzu ilə bağlı AzEdu.az-a danışan Təhsil İnstitutunun direktor müavini, kurikulum mütəxəssisi Ənvər Abbasov bildirib ki, fənlərin neçə saat keçirilməsi  tədris planı ilə müəyyənləşdirilir. Onu istənilən formada və kortəbii şəkildə dəyişmək mümkün deyil:

“Kimsə öz arzusu ilə bu fənnin 4 və ya 8 saat tədrisini arzuladığını deyə bilər. Amma nəyə əsasən? Hansı faydası ola bilər? Bunu demək deyil, təcrübi, eksperimental, analitik təhlil edib əsaslandırmaq lazımdır. Bu, elmdir və elmi əsası olmalıdır.

Ümumiyyətlə, məktəblərdə humanizm prinsipi şagirdin təlim yükünün azaldılmasını tələb edir. Biz onun təlim yükünü çoxalda bilmərik. Hər hansı fənnin təlim yükünü çoxaltmaqla onun keyfiyyətini artıra bilərik? Onun yükünü artırmaq deyil, təlim keyfiyyətini qaldırmaq lazımdır”.

“Fənlərin sayını azaltmaq, inteqrasiya aparmaq istəyirik”

Ənvər müəllim qeyd edib ki, rus bölmələrinindəki Azərbaycan dili fənninin tədris saatları onu qane edir. İndiyədək bir dəfə də olsun, bununla bağlı etiraz, narazılıq eşitməyib:

“Vəziyyət keçən əsrin ortaları ilə müqayisədə dəyişib. İndi bu fənnin saatı daha çoxdur.

Tədris proqramında xeyli fənn var. Onların sayını azaltmaq, inteqrasiya aparmaq istəyirik. Ortaya o qədər problemlər çıxır ki, bunlar insanların maaşına təsir göstərə bilər. Amma bunlara baxmayaraq, gələcəkdə şagirdin təlim yükü azaldılmalı, keyfiyyəti artırılmalıdır.

Əlbəttə, mən də arzu edərdim ki, saatlar bir az da artsın. Amma mümkündürmü? azərbaycanca doğma dildir, digər bölmələrdə də dil mühiti yaratmaq lazımdır. Təlim mühiti isə dil mühiti ola bilməz. Dil mühitində şagird danışıq sferasında olmalıdır. Amma tədris planındakı saatları artıra bilmərik. Çünki onların ümumi sayı ümumi saatları keçə bilməz”.

“Bu, təkcə dərs saatı ilə əlaqəli deyil”

Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu isə dərs saatlarının “Dövlət dili haqqında” Qanunla tənzimləndiyini xatırladıb. Bildirib ki, dövlət dilinə maksimum diqqət olmalıdır.

Rus bölməsində təhsil alanların ana dili biliklərinin isə bu saatlarla əlaqəli olmadığını söyləyib:

“Gəncin, yeniyetmənin dil bilgisi ailəsindəki münasibət, vətənpərvərlikdən asılıdır. Rus dilində təhsil alan, ana dilində mükəmməl danışan insanlar var. Bu, fərdi məsələlərdir və təkcə dərs saatı ilə əlaqəli deyil. Azərbaycan bölməsində oxuyub vətənpərvərlik hisləri zəif olanlar da az deyil”.

“Öz dilimizdə danışmağı bacarsalar da, ruscaya üstünlük verirlər”

Cəbrayıl rayonu 1 nömrəli tam orta məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi Şahnazxanım Şükürzadə isə tədris etdiyi fənnin rus bölmələrində hər gün keçirilməsini məqbul hesab edir. Fikrini isə belə əsaslandırır:

“Azərbaycanda yaşayıb rus bölməsində təhsil alan həmvətənlərimiz çox vaxt ana dilində düzgün danışmağı bacarmır. Öz dilimizdə danışmağı bacarsalar da, çox vaxt rusca danışığa üstünlük verirlər.

Mənim qızım V sinifdə oxuyur və sinif yoldaşının anası-Anya rusdur. Anya Şuşa şəhərində məcburi köçkünlə ailə qurub və üç övladı var. Ərazidə rus bölməli məktəb olsa da, Anya uşaqlarını Azərbaycan bölməsində oxudur, onlarla Azərbaycan dilində səlis danışır. Milli adət-ənənələrimizə uyğun rəftarı, geyimi ilə yanaşı, bizə də Azərbaycan dilində müraciət edir və danışır.

Amma təəssüf, bizim bəzi valideynlər Anyaya rus dilində müraciət edir və rusca danışmağa can atırlar. Bu zaman içimdə ikrah hissi yaranır və etirazımı da bildirməyə bilmirəm: “ay bacı, axı görürsən, bu, milliyyətcə rus olsa da azərbaycanlılaşıb, sən hələ də damarlarında azərbaycanlı qanı daşıdığından xəbərsizsən”.

Onun fikrincə, təkcə rus bölmələrində deyil, təlim digər dillərdə olan bütün ümumtəhsil müəssisələrində Azərbaycan dili dərsləri həftədə 5 saat olmaqla keçirilməlidir:

“Çünki həftədə iki saatlıq təlim məşğələsi ilə ana dilini xarici dil kimi öyrənib mənimsəmək mümkün deyil. Azərbaycan bölməsində də hər hansı xarici dili həftədə 2 saat tədrislə öyrənməyə hər sinifdə 1-2 şagirdin gücü çatır. Yerdə qalanlar isə nəsə öyrənə bilmək üçün gərək əlavə hazırlıqlara getsinlər. Bu baxımdan Azərbaycan bölməsi olmayan, təlim digər dillərdə keçirilən məktəb və bölmələrdə Azərbaycan dilinə ayrılan 2 saatlıq məşğələ çox azdır. Hesab edirəm ki, bu, həftədə 5 saata qaldırılmalıdır”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları