Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-18 14:10:00
Azyaşlı eyni zamanda həm hazırlıq qrupları, həm də bağçada təhsil ala bilər? - Valideynlərin diqqətinə

2019-2020-ci dərs ili üçün məktəbəhazırlıq qruplarına avqustun 26-dan başlanmış elektron qeydiyyat prosesi sentyabrın 25-dək davam edəcək. Elektron ərizəsi qeydiyyata alınanların məktəbəhazırlıq qruplarına məktəblərdə sənəd qəbulu isə sentyabrın 2-dən 27-dək (həftənin III, IV, V, VI günləri saat 10:00-dan 16:00-dək) aparılacaq.

Son zamanlar övladını məktəbəhazırlıq qruplarına yazdırmaq istəyən valideynləri maraqlandıran məqamlardan biri də eyni vaxtda bağça və hazırlıq qruplarının dərslərində iştirak etməklə bağlıdır.

Sual:

Övladım 3 yaşından məktəbəqədər təhsil alır. Bu il isə 5 yaşı tamam olduğuna görə, hazırlıq qruplarında oxumasını istəyirəm.

Hazırlıq qruplarında məşğələlər həftədə 4 gün keçirilir. İşlədiyimə görə, övladımın həftənin 2 gününü evdə nəzarətsiz qalmamasını istəyirəm. Bu səbəbdən eyni vaxtda həm də uşaq bağçasında təhsil almasını arzulayıram.

Bir azyaşlı paralel olaraq həm hazırlıq qrupları, həm də uşaq bağçasında təhsil ala bilər? Yoxsa, hazırlıq qruplarında təhsilə başlayan azyaşlının məktəbəqədər təhsil müəssisəsindən çıxması mütləqdir?

Cavab:

AzEdu.az xəbər verir ki, məktəbəqədər təhsil haqqında qanunuhn 8.6-cı maddəsinə əsasən, bu hal müəyyən şərtlərlə mümkündür.

Qanuna görə,  bir uşağın, eyni zamanda, dövlət məktəbəqədər və ümumtəhsil müəssisələrində, habelə digər müəssisə və təşkilatlarda dövlət hesabına məktəbəhazırlıq təhsili almasına yol verilmir.

Amma məktəbəhazırlıq qruplarında təhsil alan azyaşlı eyni zamanda digər özəl məktəbəqədər təhsil müəssisələrində oxuya bilər.

Qeyd edək ki, qaydalara uyğun olaraq, məktəbəhazırlıq qruplarında məşğələlərin hər il oktyabrın 1-də başlaması nəzərdə tutulur. Valideynlər oktyabrın 1-dən övladını məktəbə gətirməlidirlər.

Məktəbəhazırlıq qruplarında təhsil alan azyaşlılar üçün noyabrın 16-dan 20-dək payız, yanvarın 27-dən 31-dək qış və mayın 1-dən 5-dək əlavə tətil nəzərdə tutulub.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları