Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-04 16:01:23
Təhsil işçisindən lisey sinifləri ilə bağlı təklif: “Tədris yalnız nəzəri biliklər əsasında qurulmasın”  

2019-2020–ci tədris ili üçün Gəncə, Şirvan, Şəki və Qubada lisey sinifləri təşkil olunacaq. Gəncə şəhəri və Quba rayonunda Təhsil Nazirliyinin tabeliyindəki Fizika, Riyaziyyat və İnformatika təmayüllü Respublika liseyinin, Şirvan və Şəki şəhərlərində isə Təhsil Nazirliyinin tabeliyindəki Kimya-biologiya təmayüllü Respublika liseyinin sinifləri yaradılacaq.

Lisey siniflərində tədris prosesini həyata keçirəcək pedaqoji heyət Təhsil Nazirliyinin komissiyası tərəfindən təmayül istiqamətlərindən asılı olaraq müvafiq şəhər və rayonlarda işləyən təcrübəli, eyni zamanda diaqnostik qiymətləndirmə nəticəsi yüksək olan müəllimlər arasından seçiləcək.

Bəs, təhsil işçilərinin yeni yaradılacaq siniflərdən gözləntiləri nələrdir?

“Qonşu rayonlardan olan məktəblilərin də gəlib burda təhsil almasına imkanlar yaranacaq”

Mövzu ilə bağlı AzEdu.az-a danışan Quba Rayon Təhsil Şöbəsinin əməkdaşı Qələmşah Dostuyev istənilən yeni açılan təhsil müəssisəsi çox önəmli və diqqət mərkəzindədir:

“Bu addımı rayon təhsil işçiləri çox müsbət qiymətləndirirəm. Burada şagirdlərin artıq aşağı yaş dövründən, VI sinifdən ixtisaslaşdırılması, konkret istiqamətlər üzrə  inkişaf etdirilməsi keyfiyyətli təhsilalanların yetişməsinə səbəb olacaq. Üstəlik, şagirdlərin yataqxana və yemək ilə təminatı digər qonşu rayonlardan olan məktəblilərin də gəlib burda təhsil almasına imkanlar yaradacaq. İstedadlı uşaqlar üçün yüksək təlim şəraitinin yaradılması mütləqdir. Yeni siniflərin rayonun təhsilinin inkişafında böyük rolu olacağını düşünür, bu addımı müsbət qiymətləndirirəm”.

“Tədris yalnız nəzəri biliklər əsasında qurulmasın”

Yeni yaradılacaq lisey sinifləri ilə bağlı təkliflərə gəlincə isə o bildirib ki, nəzərdə tutulmuş layihə kifayət qədər dolğundur:

“Sadəcə istərdim, yeni yaradılacaq siniflərdə tədris yalnız nəzəri biliklər əsasında qurulmasın. Qavrama, tətbiqetmə və təhlil  bacarıqlarının inkişafına da ciddi önəm verilsin. Əsas hədəf yalnız informasiya toplamaq deyil, həm də ondan yararlanmaq olsun.

Bundan əlavə, tənqidi təfəkkürün inkişafı təməl prinsiplərdən biri kimi qoyulsun. Şagirdlər öz üzərinə məsuliyyət götürə bilən şəxsiyyətlər  kimi yetişdirilsin”.

Qeyd edək ki, lisey siniflərinə şagird qəbulu, əsasən 6, 7, 8 və 9-cu siniflər üzrə aparılacaq. Qəbul prosesində həmin şəhər və ətraf rayonların ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər  iştirak edə bilərlər. Bilik və bacarığı ilə seçilən və həmin liseylərdə oxumaq istəyən şagirdlər üçün seçim imtahanı keçiriləcək. Eyni zamanda son iki ildə Təhsil Nazirliyi tərəfindən keçirilən fənn müsabiqələrində yüksək nəticə göstərmiş (50-dən yuxarı bal toplayan) şagirdlər 7, 8 və 9-cu siniflərə müsabiqəsiz qəbul ediləcəklər.

Təmayül siniflərinə qəbul imtahanı sentyabrın 10-da keçiriləcək. İmtahanlar Riyaziyyat və Azərbaycan dili üzrə fənn tapşırıqları, eləcə də məntiq suallarından ibarət olmaqla test üsulu ilə aparılacaq.

Lisey siniflərində təhsil dövlət hesabına həyata keçiriləcək.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları