Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-31 12:14:00
Olimpiada qalibi Əziz Hüseynov: “VII sinifdən respublika və beynəlxalq müsabiqələrə qatılıram"

"Məncə, uğur qazanmaq üçün gündəlik 3-6 saat dərs oxumaq kifayət edir"

Bu sözlərin müəllifi Sloveniyanın Maribor şəhərində keçirilən Yeniyetmələrin Avropa İnformatika Olimpiadasında gümüş medala layiq görülən Əziz Hüseynovdur.

Olimpiadada azərbaycanlı məktəblilərlə bərabər, Türkiyə, Belçika, Rusiya, Bolqarıstan, Xorvatiya, Estoniya, Fransa, Gürcüstan, Yunanıstan, Macarıstan və digər ölkələrin nümayəndələri də iştirak ediblər.

Xəzər Universitetinin nəzdindəki “Dünya” məktəbinin X sinif şagirdi Əziz Hüseynov müsabiqə ilə bağlı təəssüratlarını AzEdu.az-la bölüşüb.

“Avqustun 23-ü Lyublyanda çatdıq, oradan bizi olimpiadanın keçiriləcəyi Maribora şəhərinə apardılar. Növbəti gün isə müsabiqənin təntənəli açılış mərasimi baş tutdu.

Avqustun 25-i keçirilən birinci mərhələdə maksimum 300 baldan 215 toplaya bildim. Ertəsi gün bizi şəhərə gəzintiyə apardılar. II mərhələdə 173.1 bal topladıqdan sonra ümumi nəticəm 388.1 oldu. Beləliklə, gümüş medala layiq görüldüm”.

3 qızıl 1 gümüş medal sahibi Ə. Hüseynova görə, gündəlik bir neçə saat dərs oxumaq uğur əldə etmək üçün kifayət edir:

“VII sinifdən olimpiadalarda iştirak edirəm. Respublika səviyyəsində 3 qızıl, beynəlxalq səviyyədə isə 1 gümüş medal qazanmışam.

Məncə, uğur qazamaq üçün gündəlik 3-6 saat dərs oxumaq kifayət edir. Bütün gününü dərsə həsr etmək elə də effektiv deyil. Boş vaxtlarımda özümə də zaman ayırıram. Hobbi olaraq video oyunları, stolüstü tennislə maraqlanıram.

Bu müsabiqəyə əsasən həftə sonları hazırlaşırdıq. Olimpiadada iştirak edəcək namizədlər məlum olduqdan sonra isə hər gün hazırlaşmağa başladıq. Bu işə gündəlik 4 saat vaxt ayırırdıq”.

Sonda gələcək hədəflərindən danışan Əziz təhsilini xaricdə davam etdirmək istədiyini bildirib:

“Gələcəklə bağlı ən böyük xəyalım, 2020-ci ildə Sinqapurda keçiriləcək Beynəlxalq İnformatika Olimpiadasında uğur qazanmaqdır.

Təhsilimi isə xaricdə davam etdirmək istəyirəm”.