Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-29 16:09:00
Qrant müsabiqəsinin qalibləri: “Vətənpərvərliyi təbliğ etmək əsas məqsəddir” – Maraqlı layihələr  

Təhsildə İnkişaf və Sosial İnnovasiyalar üzrə III qrant müsabiqədə qalib layihələrdən artıq bir çoxunun icrasına başlanıb.

Müsabiqənin keçirilməsində başlıca məqsəd təhsil müəssisələrində və təhsilverənlərdə sağlam rəqabəti və innovativ fəaliyyəti stimullaşdırmaqdan ibarətdir.

Müsabiqə 6 mövzu - təhsilin idarəedilməsi; istedadlı uşaqların aşkar olunması və dəstəklənməsi üçün yaradıcı mühitin inkişaf etdirilməsi; keyfiyyətin idarə olunmasında müasir qiymətləndirmə vasitələrinin tətbiq olunması; təkmil forma və məzmunda metodik xidmət sisteminin yaradılması; sağlamlıq imkanları məhdud uşaqların təhsil alması üçün xüsusi imkanların və şəraitin yaradılması; informasiya kommunikasiya texnologiyalarının təhsilə tətbiqinin təbliğ edilməsi üzrə keçirilib.

Layihə - “Məktəb icmalarının inkluziv təhsillə bağlı maariflənməsi” 

“Seçdiyimiz məktəblərdə uşaqlar arasında psixoloji sorğu keçiriləcək”

Qalib layihələrdən “Məktəb icmalarının inkluziv təhsillə bağlı maariflənməsi”  layihəsinin kordinatoru Aytən Ağalarova AzEdu.az-a açıqlamasında layihə ilə bağlı görüləcək işlərdən danışıb.

A.Ağalarova  Salyan rayonu, Arbatan kənd tam orta məktəbinin direktorudur.

Direktor bildirib ki, Arbatan kənd məktəbində idman əsaslı məktəbə hazırlıq qrupları fəaliyyət göstərir və bu layihə ölkədə ilk dəfə məhz bu məktəbdə təşkil olunub:

“Kənddə bağça olmadığı üçün bu layihə bizdə çox uğurlu alındı. Məhz bunun icrasından sonra rayonda belə layihələrin sayı artdı.

Sonra fiziki məhdudiyyətli uşaqların məktəb mühitinə daha rahat alışması üçün başqa bir layihə həyata keçirmək qərarına gəldik. Açığı, əvvəl uğur qazanacağımıza inanmırdım. Layihə üçün Təhsil İnstitutu ilə birlikdə çalışacağıq. Uşaqlarla  mütəxəssis psixoloqlar məşğul olacaq. İlk olaraq, seçdiyimiz məktəblərdə uşaqlar arasında psixoloji sorğu keçiriləcək”.

Direktor bildirir ki, layihəyə əsasən, bu müddət ərzində həm şagirdlər, həm də müəllimlərlə daha çox psixoloqlar işləyəcək:

“Məlumat üçün bildirək ki, “Məktəb icmalarının inkluziv təhsillə bağlı maariflənməsi” layihəsi sentyabrın 15-dən başlayaraq 9 ay davam edəcək. Mayın 15-nə qədər icrası planlaşdırılan layihəyə 3 rayon üzrə txminən 200-300 uşağın cəlb olunması nəzərdə tutulur. Layihəyə əsasən, bu müddət ərzində həm şagirdlər, həm də müəllimlərlə daha çox psixoloqlar işləyəcək. Onlarla həm psixoloji təlim, həm də psixoloji sorğular həyata keçiriləcək”, -deyə Aytən xanım qeyd edib.

Layihə  - “Fərqli mədəniyyətlər və istedadlar bir bayraq altında”

VII-X sinifləri əhatə edəcək layihədə şagirdlər həmin məktəbləri gəzərək, müxtəlif adət-ənənələrlə tanış olacaqlar .

“Fərqli mədəniyyətlər və istedadlar bir bayraq altında” adlı layihəsinin koordinatoru İlkin Lətifov da layihə barədə AzEdu.az-a danışıb. Layihə Qəbələ rayonu Nic qəsəbə 2 saylı orta məktəbi tərəfindən təqdim edilib.

İlkin Ləfov bildirir ki, layihənin icrasında əsas məqsəd vətənpərvərliyin təbliğidir:

“Bizim regionda bir neçə azsaylı xalq yaşasa da, onların bir-birləri haqda o qədər də məlumatı yoxdur. Layihənin məqsədi də bu xalqlarda vahid vətənpərvərlik hissinin təbliğ edilməsidir. Ayrı dil, din, adət-ənənələrə sahib olsalar da, hamısı azərbaycanlıdır.

VII-X sinifləri əhatə edəcək layihədə şagirdlər həmin məktəbləri gəzərək, müxtəlif adət-ənənələrlə tanış olacaqlar .Hər turda 5-6 şagirdin iştirakı nəzərdə tutulub. Bəzən bu sayı məktəbin daxili imkanları hesabına artırmaq da mümkün ola bilər. Layihə icrasına avqustun 15-dən başlanılıb və dekabrın 15-nə qədər davam edilməsi nəzərdə tutulub.

Noyabrda artıq layihə ilə bağlı təqdimat keçirməyi planlayırıq. Bu təqdimatda Bakıda təhsil alan tələbələrin, həmin azsaylı xalqların millət vəkilləri, görkəmli şəxslərin iştirakı nəzərdə tutulub”.