Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-26 12:33:00
Məktəbəqədər hazırlıqlarda vəsaitlər pulsuzdur- Valideynlərin diqqətinə

Xəbər verdiyimiz kimi, bu gündən etibarən Təhsil Nazirliyində məktəbəhazırlıq qruplarına sənəd qəbuluna start verilib.  

AzEdu.az xəbər verir ki, proseslə bağlı məlumat verən Təhsil Nazirliyinin Ümumi təhsil sektorunun müdiri Firidun Həmzəyev bildirib ki, bu il ilk dəfə olaraq məktəbəhazırlıq qruplarına ərizələrin qeydiyyatı bütün respublika üzrə elektron qaydada həyata keçiriləcək:

“Ərizələrin onlayn qeydiyyatı ölkə üzrə dövlət ümumi təhsil məktəbləri, o cümlədən məcburi köçkün məktəbləri və ümumtəhsil proqramı ilə təhsilin təşkil edildiyi internat məktəblərini əhatə edəcək. Sənəd qəbulu sentyabrın 25-dək davam edəcək. Elektron ərizəsi qeydiyyata alınan şəxslər sentyabrın 2-dən 27-dək sənədlərini qəbul olunduqları məktəbə təqdim etməlidirlər”. 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini İlhamə Abdullayevanın sözlərinə görə, məktəbəhazırlıq qruplarına təhsil müəssisəsinin yerləşdiyi ərazidə yaşayan və bu il 5 yaşı tamam olan (2014-cü il təvəllüdlü) uşaqlar qəbul edilir:

“Məşğələlərin aparılması, bir qayda olaraq, bu sahədə davamlı iş təcrübəsi olan, həmin tədris ilində IV sinifdə dərs deyəcək və növbəti dərs ilində I sinfi qəbul edəcək ibtidai sinif müəllimlərinə həvalə olunur. Bu qruplarda təhsil dövlət hesabına həyata keçirilir. Uşaqlar dövlət vəsaiti hesabına müvafiq təlim və metodiki vəsaitlərlə təmin edilir. Qaydalara uyğun olaraq, məktəbəhazırlıq qruplarında məşğələlərin hər il oktyabrın 1-də başlaması nəzərdə tutulur. Uşaqların sayının 30 nəfərdən artıq olmasına yol verilmir.

Bundan başqa, məktəbəhazırlıq qruplarında təhsil alan uşaqlar üçün hər hansı ümumi forma nəzərdə tutulmayıb. Valideyn uşağın doğum haqqında şəhadətnaməsi ilə qeydiyyatdan keçə bilər. Elektron qeydiyyat sistemi ilə bağlı rayonlardan xeyli müraciət almışıq. Bu səbəbdən bildirmək istəyirəm ki, məktəblərdə valideynlərə kömək məqsədilə alternativ qeydiyyat mərkəzləri yaradılıb”.