Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-19 16:07:00
I sinfə qəbulla bağlı 45 mindən çox sorğu yerləşdirilib  

Elektron sistem vasitəsilə orta ümumtəhsil müəssisələrinin I sinfinə şagird qəbulu davam edir.

İyulun 19-na olan məlumata əsasən, paytaxt məktəblərinin I sinfinə elektron qeydiyyat (mektebeqebul.edu.az) üzrə 45648 sorğu yerləşdirilib.

Bu barədə AzEdu.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, onlardan 42 724 ümumi təhsil məktəblərini, 2 924 isə lisey və gimnaziyaları seçib.

Qeyd edilib ki, 2019-2020-ci tədris ili üzrə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün I sinfə qeydiyyat da ilk dəfə olaraq elektron formada aparılır.

Həmçinin, son illərdə ənənəvi olaraq məktəbəhazırlıq qruplarına qeydiyyat da elektron qaydada aparılır. Ötən tədris ilində dövlətin yaratdığı imkanlar sayəsində paytaxtda 264 məktəbdə 919 məktəbəhazırlıq qrupu fəaliyyət göstərib.

Məktəbəhazırlıq qruplarında 24 000-ə yaxın uşaq məşğələlərə cəlb olunub.

Məktəbəhazırlıq qruplarına elektron qeydiyyat prosesi başlayana qədər heç bir məktəbə müraciət etməyə ehtiyac yoxdur.

Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalara, eləcə də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinə I sinfə şagird qəbulu valideynin (qanuni nümayəndənin) elektron ərizəsinin mektebeqebul.edu.az saytında qeydiyyatı yolu ilə həyata keçirilir.

 Hər hansı səbəbdən özü elektron qeydiyyatdan keçə bilməyən şəxslər Bakı şəhərinin hər inzibati rayonunda I sinfə elektron sistem vasitəsilə ərizələrin qeydiyyatı məsələlərində vətəndaşlara kömək məqsədilə yaradılmış Alternativ Qeydiyyat Mərkəzlərinə müraciət edə bilərlər.

Qeyd edək ki, “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Prezidentinin 23 may 2011-ci il tarixli Fərmanının tələblərinin həyata keçirilməsini təmin etmək məqsədilə I sinfə şagird qəbulu elektron sistem vasitəsilə aparılır.

Bu, təhsil sahəsində əhaliyə göstərilən elektron xidmət dairəsinin genişləndirilməsi, şəffaflığın təmin edilməsi, şagird kontingentinin uçot sisteminin təkmilləşdirilməsi, valideynlərin əlavə vaxt itkisinin qarşısının alınması və cəmiyyətdə informasiya texnologiyalarından istifadə göstəricilərinin artırılması məqsədlərinə xidmət edir.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları