Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-19 10:13:42
Ucqar dağ kəndində yeni məktəb binası tikilir  

Yaxın günlərdə Lənkəran rayonu Gəgiran kəndində 264 yerlik yeni məktəb binasının tikintisinə başlanacaq. 

AzEdu.az xəbər verir ki, bu barədə həmin məktəbin direktoru Ziyafəddin Cavadov məlumat verib. O, bildirib ki, məsələ ilə bağlı Prezident İlham Əliyev xüsusi sərəncam imzalayıb.

22.01.2018-ci il tarixli 3593 saylı sərəncama əsasən, məktəb üçmərtəbəli və müasir tələblərə cavab verən formada inşa ediləcək. Məktəbin tikintisi üçün maliyyə - smeta xərcləri artıq ayrılıb.

Direktor bildirib ki, dəniz səviyyəsindən 1056 metr hündürlükdə yerləşən kənd məktəbinin son 2 ildə nəticəsi əvvəlki illərlə müqayisədə yüksək olub.

“2016 -cı ilə qədər ali məktəblərə qəbul zamanı cəmi 2 məzunumuz tələbə adını qazansa da, son 2 tədris ilində 8 məzunumuz ali məktəblərə qəbul olunub.

Sevindirici haldır ki, məktəb tarixində ilk qız məzunumuz tələbə adını qazanıb.

Bu il də 5 məzunumuz ali məktəblərə qəbul imtahanlarında nəticə göstərə bilib”.

Məktəb rəhbəri onu da qeyd edib ki, bütün uğurlar məktəbə onun rəhbərlik etdiyi dövrdə baş verib.

Qeyd edək ki, məktəbin köhnə binası 1972-ci ildə tikilib. Əvvəl 7, sonra isə 8 illik və 10 illik məktəb kimi fəaliyyət göstərib. Hazırda 11 illik tam orta məktəb hesab olunur.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları