Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-01 17:15:00
Türkiyədə yaşayan tanınmış jurnalistin müqayisəsi: “Burada uşaqların seçim sərbəstliyi var”

“Türkiyədə uşaqlar daha sərbəst böyüyürlər. Fikirlərini ifadə etməkdə xeyli rahatdırlar”.

Bu sözləri AzEdu.az-a Türkiyədə yaşayan jurnalist Məhsəti Şərif deyib.

O bildirib ki, Türkiyədə də başqa ölkələrdə olduğu kimi uşaq hüquqları ilə bağlı bəzi problemlər var:

“Gələcəyimizi düzgün tərbiyə edilən vicdanlı uşaqlar qurtaracaq. Onlar üçün təhsil önəmlidir. Amma düşünürəm ki, ədalət duyğusu ilə böyüyən uşaqlar hər sahədə cəmiyyətə faydalı ola bilər.

Türkiyədə uşaqlar üçün müxtəlif yarışlar təşkil olunur. Təhsil Nazirliyinin planı çərçivəsində azyaşlılar  buraya gələrək müxtəlif sahələrdə, xüsusi bilik yarışlarında iştirak edirlər. Türkiyədə yaşayan azərbaycanlı uşaqlar da belə imtahanlarda iştirak edir, müxtəlif (rəssamlıq, riyaziyyat, tarix, ədəbiyyat) sahələr üzrə uğur qazanırlar. 

Son zamanlar məni ən çox təsirləndirən “Ankara Ali Kuşçu ilkokulun” 2 d və Bakıdakı 47 saylı məktəbin 2 c sinif şagirdlərinin birlikdə həyata keçirdikləri layihədir. “Məktub qardaşlığı” ilə başlayan layihə artıq geniş müstəvi alıb. Məsələn, 23 apreldə  Türkiyədə qeyd edilən Uşaqlar Günündə Ankara məktəbində Azərbaycan bayrağı qaldırılıb, himni səsləndirildi. Azərbaycanın Respublika günündə məktəb üzrə “Türkiyə-Azərbaycan kardeşliği” mövzusunda rəsm müsabiqəsi elan edildi.

Azərbaycan cümhuriyyətinin 101-ci ildönümü ərəfəsində müsabiqə nəticələri elan edildi. 

Şagirdlərimiz Türkiyə-Azərbaycan qardaşlığını qələmləri ilə yaradıcı formada nümayiş etdirdilər.  Onu da bildirim ki, bu layihəni azərbaycanlı jurnalist İlhamə Qasımlı 7 yaşlı oğlu Azadla başladıb.  

Türkiyədə də başqa ölkələrdə olduğu kimi uşaq hüquqları ilə bağlı problemlər var. Amma azyaşlılara verilən hüquqlar da var. Fikrimcə, onların sağlamlığı hər şeydən önəmlidir”. 

Məhsəti Şərif bildirib ki, Türkiyədə  uşaqları ali təhsil və ixtisas seçimində daha sərbəst buraxırlar:

 “Sizə baş vermiş hadisəni danışmaq istəyirəm. Türkiyəyə yeni gəlmişdim.  Bir qız övladım dünyaya gəldi. Doğumdan sonra “daban tarama” testi edildi. 15 gün sonra isə Səhiyyə idarəsindən evə məktub gəldi və uşağın sağlamlığında problem olduğu bildirildi. 3 gün ərzində təyin edilən xəstəxanaya apamağımız tələb olunurdu. 2 gün keçdi və biz hələ uşağı müayinəyə aparmamışdıq. 3-cü gün səhər Səhiyyə idarəsindən zəng gəldi ki, 2 saat ərzində uşağı həkimə aparmasaq polis uşaq hüquqlarının qorunması çərçivəsində qızımı məndən alaraq xəstəxanaya aparacağını dedi. Buna çox təəccüblənsəm də, xoşuma gəldi. Qızım özəl xəstəxanada dünyaya gəlsə belə haqqında məlumatlar dövlətə verilmişdi. Yəni sözdə deyil, doğurdan da uşaq haqları dövlət səviyyəsində qorunur.

Türkiyədə uşaqlar daha sərbəst böyüyürlər. Fikirlərini ifadə etməkdə xeyli rahatdılar. Fikrimcə, burada uşaqları çox monopoliyaya almırlar. Məsələn, Azərbaycan təhsil məsələsində uşaqlara çox “basqı” edirik. Hər kəs zorla olsa belə  mütləq oxumalı, universitet diplomunu almalıdır. Türkiyədə isə fərqli yanaşma var. Burada uşaqları ali təhsil və ixtisas seçimində sərbəst buraxırlar. Bəlkə də bu, bir az fərqli görünə bilər. Amma məncə, uşaqların bu haqlarını istifadə etməsi çox yaxşıdır. Biz Azərbaycanda imtahandan kəsilib intihar edən uşaqlar gördük. Çox müqayisə etmək olar. Sadəcə onu deyə bilərəm ki, Türkiyədə uşaqların qərar və seçimlərində sərbəstlik verilir”.  

Günel Yaşarqızı
Müəllifin digər yazıları