Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-31 16:04:27
Valideynlərin diqqətinə! - Məktəbəhazırlıq qrupları ilə bağlı bəzi yeniliklər tətbiq ediləcək  

Növbəti illərdən etibarən, məktəbəhazırlıq qruplarına sənəd qəbulunun elektron şəkildə həyata keçirilməsi nəzərdə tutulub.

AzEdu.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin sektor müdiri Firudin Həmzəyev məlumat verib.

F.Həmzəyev bildirib ki, uşaqların məktəbə hazırlığının əhatəsinin növbəti tədris ilindən etibarən 90%-ə çatdırılması strateji hədəf kimi irəli sürülüb:

"2016-2017-ci tədris ilində 5 yaşlı uşaqların 55%-i, 2017-2018-ci tədris ilində 65%-i, 2018-2019-cu tədris ilində isə 75%-ni məktəbəqədər hazırlığa cəlb edilib".

Məlumata əsasən, məktəbəhazırlıq dərsləri hər biri 30 dəqiqə olmaqla, həftədə 4 dəfə təşkil olunur.

Qeyd edək ki, məktəbəhazırlıq qrupları Nazirlər Kabinetinin 11 iyul 2016-ci il tarixli qərarı ilə yaradılıb. Bu qrupların təşkilində əsas məqsəd 5 yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaqdır. Məktəbəhazırlıq qruplarında dərslər oktyabrın  1-də başlayıb, mayın 31-də başa çatır.