Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-27 17:41:00
Şagirdləri universitetlərə imtahansız aparacaq şans- Respublika fənn olimpiadası- REPORTAJ

Mayın 25-də Təhsil Nazirliyinin tabeliyindəki İlyas Əfəndiyev adına Elitar gimnaziyada Azərbaycan dili və ədəbiyyat, Riyaziyyat, Fizika, kimya, Biologiya, Tarix və Coğrafiya fənləri üzrə Respublika fənn olimpiadalarının final turu keçirilib.

Final turuna yarımfinal mərhələsində yüksək nəticə göstərmiş şagirdlər aşağı və yuxarı yaş qrupu olmaqla qatılıblar. Doqquzuncu və xüsusi istedadı ilə seçilən VIII sinif şagirdləri aşağı yaş qrupu, X və XI sinif şagirdləri isə yuxarı yaş qrupu olmaqla öz aralarında yarışırlar. Olimpiadada ümumilikdə 533 şagird iştirak edib.

“Olimpiadanın təşkili və keçirilməsi qaydalarına əsasən, iştirakçıların 50 faizini keçməmək şərti ilə qaliblər elan olunacaq”.

Bu sözləri AzEdu.az-a Təhsil İnstitutunun İstedadlı uşaqlarla iş şöbəsinin müdiri Fuad Qarayev deyib. Onun sözlərinə görə,  müvafiq yerləri qazanan şagirdlər bürünc, gümüş, qızıl medallarla təltif ediləcəklər:

“Olimpiadalarının keçirilməsi və təşkili qaydalarına əsasən, bəzi fənlər üzrə  4,  digərlərində isə 2,5-3 saat vaxt verilmişdi. Bu, fənlərin ağırlıq dərəcəsi və orada təqdim olunan sualların  sayından asılı olaraq dəyişir.

Nazirlər Kabinetinin qərarına əsasən, Respublika fənn olimpiadalarının qalibləri Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanında iştirak etmədən öz ixtisaslarına uyğun olaraq ali məktəbləri seçəcək və birbaşa tələbə adını qazanacaqlar.

Bəzən sual yaranır ki, sadəcə qızıl medal qazananlarmı ali məktəblərə imtahansız qəbul oluna biləcəklər? Nəzərinizə çatdırım ki, fərqi yoxdur, həm qızıl, həm gümüş, həm də bürünc medallı şagirdlər Respublika fənn olimpiadalarının qalibi sayılır və imtahansız tələbə adını qazanmaq şansı qazanırlar”

Respublika fənn olimpiadasının nəzarətçisi Nərgiz Cəfərova olimpiadanın final turunda  heç bir neqativ halla rastlaşmadığını bildirib:

Biologiya, Kimya, Riyaziyyat, Fizika fənləri üzrə test imtahanında nəzarətçi idim. İmtahan  çox şəffaf şəkildə keçirildi. Heç bir neqativ halla rastlaşmadım. Düşünürəm ki, bu kimi imtahanlarda şagirdlərimizin iştirakı çox əhəmiyyətlidir.

Olimpiada iştirakçısı Sübhan Mənsimov isə imtahanın çox yüksək səviyyədə keçirildiyini vurğulayıb:

Respublika fənn olimpiadasına Mingəçevir şəhərindən qatılıram. Olimpiadaya Azərbaycan dili və ədəbiyyat fənni üzrə iştirak etmək üçün gəlmişəm. İmtahan çox şəffaf şəkildə keçirildi.  Sualların olimpiada səviyyədə olması da çox yaxşı idi. Onu da bildirim ki,  olimpiada yarışlarında bir dəfə iştirak edib, Azərbaycan dili və ədəbiyyat fənni üzrə bürünc medal qazanmışam.

Digər olimpiada iştirakçısı  Şəhla Məmmədova bildirib  ki, bu yarışlarda keçən ildə iştirak edib:

“Respublika fənn olimpiadalarında həm aşağı, orta həm də çətin səviyyəli suallar salınmışdı. Olimpiada yarışlarında keçən ildə  iştirak etdiyim üçün təcrübəm çox yüksək idi. Onu da bildirim ki, bu olimpiadalarda şəffaflıq çox yüksək səviyyədə qorunur. Olimpiada da  yaxşı yazdığım üçün yüksək nəticə gözləyirəm”.

 Xatırladaq ki, Respublika fənn olimpiadaları “Kapital Bank”ın sponsorluğu ilə təşkil olunub.

Günel Yaşarqızı
Müəllifin digər yazıları