Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-11 16:10:00
I sinfə qəbulun “Növbəlilik” funksiyası nə zaman aktivləşəcək? –Faydaları

I sinfə elektron sistem vasitəsilə şagird qəbulu davam edir.

Sistemin prosesi kifayət qədər sadələşdirməsinə baxmayaraq, valideynlərdə suallar yaranmaqda davam edir.

Ən çox verilən suallar isə bütün yerləri tutulan məktəblərdə “növbəlilik” funksiyasının aktivləşdirilməməsi ilə bağlıdır.

Hətta bəzi valideynlər yaxınlıqdakı məktəb dolsa da, gözləmə menyusu ilə bağlı heç bildiriş verilmədiyini deyirlər.

Bakı Şəhəri üzrə Təhsil İdarəsiAzEdu.az-ın sorğusuna cavab olaraq,“Növbəlilik” funksiyası ilə bağlı bütün sualları cavablayıb.

İdarədən bildirilib ki, bu funksiya valideynin istədiyi məktəbi seçmək imkanlarının artırılmasına xidmət edir. O, lisey, gimnaziya və ya ümumi təhsil məktəbini seçmək istəyir, amma orada şagird yerləri tutulubsa və ya valideynin qeydiyyat ünvanı məktəbin müəyyən edilmiş ərazisinə uyğun deyilsə, bu funksiya vasitəsilə növbəyə yazıla bilər.

2019-2020-ci tədris ili üçün şagird yerləri tutulan və ya qəbulu üstünlük hüququ əsasında aparılan məktəblərdə valideynlər boş şagird yerləri yarandığı halda sorğu yerləşdirmək üçün növbəyə yazıla bilərlər.

Bu funksiya hansı məktəblərə şamil olunur?

“Növbəlilik” funksiyası I sinfə qəbulda şagird yerləri tutulmuş və yaxud qəbulu üstünlük hüququ əsasında aparılan məktəblərə şamil olunur.

Növbəyə kimlər yazılar bilər?

Növbəyə yalnız hər hansı məktəbə sorğusu yerləşdirilməyən valideyn və ya qanuni nümayəndələryazıla bilər. Valideyn növbəyə yazıldıqdan sonra başqa məktəbə sorğu yerləşdirə bilər. Amma sorğuya uyğun ərizəni çap edərkən, ona növbəsinin silinməsi barədə bildiriş göndərilir.

“Növbəlilik” funksiyası nə zaman aktivləşəcək?

Onlayn qeydiyyat sistemində “Növbəlilik” funksiyası şagird yerləri tutulmuş məktəblərdə 2019-cu ilin martın 27-dən aktivləşdirilib.

Bundan əlavə, idarədən bildirilib ki, şagird qəbulu üstünlük hüququ əsasında aparılan məktəblərdə siniflər üzrə boş şagird yerləri olduqda valideynlərə bəzi seçimlər verilir:

Valideyn “Üstünlük hüququm var” seçimini edib, amma həmin məktəbdə şagird yerləri tutulubsa, qeydiyyatdan keçir, uyğun üstünlük hüququ bəndini seçərək, məktəbə növbəyə yazılır. Onun qeyd etdiyi üstünlük hüququnun doğruluğu isə 3 iş günü müddətində sistem tərəfindən təsdiqlənir. Yalnız sistem təsdiqlədiyi halda, valideyn avtomatik növbəyə yazılır.

“Üstünlük hüququm yoxdur” bəndini seçənlər isə birbaşa növbəyə yazıla bilərlər. Yəni valideyn qeydiyyatdan keçib, məktəbə sorğu yerləşdirmədən birbaşa növbəyə yazıla bilər. Bu kateqoriyadan olan məktəblərdə şagird yerləri tutulduqdan sonra növbədə olan və prioritetlərə cavab verməyən sorğular silinə bilər. Bu barədə isə valideynə mütləq bildiriş göndərilir.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları