Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-05-23 09:35:00
Sertifikasiya repetitorluğun qarşısını alacaq?

Sertifikasiya imtahanlarından sonra əməyin diferensial qiymətləndirilməsi baxımından müəllimlərin maaşlarına müvafiq artımlar edilir. Bununla yanaşı sertifikasiya nəticəsində ümumi təhsil müəssisələrində artıq bilik və bacarıqları təkmilləşmiş müəllimlər fəaliyyət göstərir.


 
Bir çoxları düşünür ki, bu amillər repetitorluğun qarşısını bir qədər ala bilər.


 
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil təhsil texnoloqu dosent Şəmil Sadıqın sözlərinə görə sertifikasiya heç bir halda repetitorluğun qarşısını alacaq gücdə deyil:
 


“Sertifikasiya məktəbdə tədrisin səviyyəsini və keyfiyyətinin artırılmasına təsir edə bilər. Eyni zamanda müəllimin motivasiyasının yüksəlməsinə səbəb olar. Həmçinin, məktəblərdə bilik və bacarıqlı müəllimlərin sayının artmasına şərait yaradır. Lakin sertifikasiya repetitorluğun qarşısını heç bir halda ala bilməz. Çünki müqayisədə bu fəaliyyətdə daha çox gəlir var.


 
Eyni zamanda valideynlər də uşağını müəllim yanına qoymağa maraqlıdırlar. Artıq bu məsələ təhsilverənlərin sinifdə keçdikləri dərsin keyfiyyətindən də asılı deyil. Təəssüflər olsun ki, valideynlərdə belə bir sindrom var ki, övladı repetitor yanına getməsə uğur əldə etməyəcək, universitetə qəbul olmayacaq. Hətta o da müşahidə olunacaq ki, sertifikasiyadan yaxşı nəticə toplayan müəllimlər bunu repetitorluq fəaliyyətində reklam kimi istifadə etsin: “Mən yaxşı nəticə toplayan, seçilmiş müəlliməm” və s.


 
Təhsil texnoloqu 10-11-ci sinif kurikulum və məktəb dərsliklərinin dəyişib, hazırlıq proqramı əsasında olmasının zəruriliyini vurğulayıb:


 
“Müəllimlərin sertifikasiya nəticəsində maaşlarına olan əlavələrlə, repetitorluqla qazandıqları gəlir arasında böyük fərq var. Ona görə də repetitorluğun qarşısını almaq mümkün görünmür. Sadəcə olaraq, prosesi yüngülləşdirmək olar. Bunun üçün isə 10-11-ci siniflərdə kurikulum, yəni proqram və dərsliklər tamamilə dəyişib, hazırlıq proqramı səviyyəsində olmalıdır.


 
O zaman Məktəb müəllimi də bilər ki, 10-11-ci sinfə daxil olanda 5-11-ci siniflər üzrə təkrar dərs keçir. Yuxarı siniflərdə dərslər alınmır, bu gün təhsilimizin ən böyük problemi budur. Çünki hər sinfin öz proqramı var, müəllim həm o proqramı, həm də hazırlıq proqramını həmin saatlarla çatdıra bilmir, bu zaman isə universitetə hazırlaşan şagird üçün dərs maraqsız olur və müəllim çarəsiz qalır. O zaman bir çox şagirdin “onsuz da, mən bunu dərsdə də keçirəm”,- deyə düşünməyə başlayar ki, bu zaman repetitor yanına getməyə xüsusi ehtiyacı qalmaz. Tam olmasa da, qismən olaraq biz bununla məktəbdən kənar məktəbin, repetitorluğun qarşısını ala bilərik".