Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-19 09:00:00
Sağlamlıq imkanları məhdud Elçin: “Nazirlikdəki işim mənim üçün motivasiyadır”

Vətəndaşların Qəbulu Mərkəzinin operatoru – “Təhsil Nazirliyinin məni işə qəbul etməsi, təcrübəmi hazırda bu qurumda artırmağım həyatımın çox böyük motivasiyasıdır”.

Bu sözlər Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzinin fiziki məhdudiyyətli operatoru Elçin Qasımova aiddir.

Əvvəlcə özünü tanıyaq...

Elçin 1988-ci il təvəllüdlüdür. Orta məktəbi Cəlilabad rayon Göytəpə kənd məktəbində oxuyub. Sonra müəyyən səbəblərdən ailəsi ilə birgə Rusiya Federasiyasına gedən Elçin orta təhsilini elə orada davam etdirməli olur.

Rusiyada universitetə qəbul olunsa da, ali təhsilini orada  başa çatdıra bilmir.

Elçin Qasımov təqdimatına əlavə edir:

“VIII sinfə qədər Azərbaycanda oxudum, sonra müəyyən səbəblərdən Rusiyaya getdik. Elə XI sinfi bitirən  il Rusiyada ali məktəbə qəbul olundum.

Daha sonra isə...Avtomobil qəzasına uğradım... Nə deyim, belə alındı... O gündən etibarən yeriyə bilmədim. Hadisədən sonra Azərbaycana qayıtmalı olduq. Təhsilimi hazırda köçürülmə vasitəsilə Gəncə Dövlət Universitetinin İqtisadiyyat fakültəsində davam etdirirəm. IV kurs tələbəsiyəm, qiyabi təhsil aldığım üçün ildə 2 dəfə universitetə gedib, dərslərdə oturur və imtahanlarda iştirak edirəm”.

Müsahibimiz əhvalını bu cür dəyərləndirir: “Məmnun halda yola saldığım vətəndaşların fonunda özümü yaxşı hiss edirəm”

“Artıq 4 ildir, Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzində operator vəzifəsində çalışıram. Gün ərzində təkcə sadə vətəndaşlar deyil, həmçinin, müəllim, direktor və Rayon Təhsil şöbələrinin işçiləri də müraciət edirlər. Hər halda müraciətçilərin bütün problemlərinə rəğmən, işimin öhdəsindən gəlməyə, vətəndaşları məmnun etməyə çalışıram. Məmnun halda yola saldığım vətəndaşların fonunda isə özümü yaxşı hiss edirəm”.

Təhsil Nazirliyinə gəlişindən bəhs edən E.Qasımov: “Bu, mənim üçün gözlənilməz və çox xoş xəbər oldu”

“2015-ci ildə “Bak of Baku”nun  “Məhdudiyyətlərə meydan oxuyaq” adlı sağlamlıq imkanları məhdud şəxslər üçün nəzərdə tutulmuş sosial layihəsində iştirak edirdim. Layihə çərçivəsində iştirakçılara müxtəlif istiqamətli məlumat verilir, kompüter bacarıqları öyrədilirdi. Elə orada Təhsil Nazirliyinin elanı ilə tanış oldum, müraciətimiz nəticəsində sağlamlıq imkanları məhdud bir neçə şəxs iş üçün müsahibəyə dəvət olundu. Açığı, əvvəlcə belə bir iş imkanı olacağına inanmırdım. Daha sonra işə çağırılanda isə bu  şəxslərin də işlə təmin olunmasının mümkünlüyünə inandım və bu, məni çox şad etdi.

Müsahibədən sonra əlil arabasında olduğum üçün şəraitlə tanışlıq oldu. Nəticədə çalışmağım üçün hər bir şərait olduğuna və müsahibədən də uğurla keçdiyimə görə işə təyin edildim”.

“Vətəndaşlar maarifləndirmə nəticəsində ilbəil daha anlayışlı olurlar”

Elçin Qasımov maarifləndirmə məsələlərində Vətəndaşların Qəbulu Mərkəzinin rolundan bəhs edib. O bildirib ki, bu istiqamətdə mərkəzin operatorlarının rolu əvəzedilməzdir:

“Əvvəllər müəllimlərə “imtahan verərək, işə qəbul olunmalısız” deyəndə, onlar razılaşmırdılar. Bu, xüsusilə əvvəlki illərdə təcrübəsi olub, lakin müəyyən səbəblərdən uzun müddət işləməyən müəllimlərə aid idi. Gəlib deyirdilər ki, mənim 20 illik müəllimlik təcrübəm var, lakin 10 ildir, üzrlü səbəblərdən işləmirəm. Belə hallarda mən vətəndaşa vəziyyəti izah edirəm: artıq uzun müddətdir ki, fasilə vermisiz, dəyişən qaydalar var və siz də digər müəllimlər kimi imtahan verməlisiz və s. Ümumiyyətlə, işə qəbul üçün seçim aparmağın iki yolu var: ya kimisə müəyyən səbəblər üçün “şifahi” yolla, ya da test imtahanı keçirərək seçirsən. Beləcə, tədricən vəziyyət dəyişdi, artıq sosial şəbəkələrdə də müəllimlər öz aralarında müzakirə apardıqda bu seçimin daha şəffaf, obyektiv olduğunu vurğulayırlar. Belə demək olarsa, maarifləndirmənin nəticəsində vətəndaşlar daha anlayışlı olublar. Əlbəttə ki, maarifləndirici qüvvələrdən biri də məhz biz – Vətəndaşların Qəbulu Mərkəzinin operatorlarıdır”.

VQM-də işləməyin üstünlükləri barədə: “Təhsil məsələlərini yaxşı bilir və vətəndaşların nə üçün müraciət etdiklərini anında başa düşürük”

“Bizə əsasən, yaşlı nəslin nümayəndələri müraciət edirlər. Çünki onlar elektron sistemdən istifadəni yaxşı bilmirlər.

Burada işləməyin əsas üstün cəhətlərindən biri də budur ki, artıq təhsil problemlərini və vətəndaşın nə üçün müraciət etdiyini asan başa düşürük. Hansı yaş qrupuna aid insanların hansı problemlərlə bağlı bizə gəldiyini həmən anlaya bilirik. Misal üçün, birinci sinfə qəbul başlayıbsa, demək, bizə elektron sistemdən məlumatlı olmayanlar daha çox müraciət edəcək. Belə olan halda, rəhbərlik həmin mövzu ilə bağlı məlumatlandırıcı bir yazı da hazırlayıb çap edir, həmin bilgiləri müraciət edən vətəndaşlara veririk”.

“Gün ərzində fərqli psixologiyaya sahib insanlarla ünsiyyət qurmaq çox da asan deyil”

Gənc operator bir iş gününü təsvir edir: “Hazırda Bakıda kirayə qalıram, valideynlərim isə rayonda yaşayırlar. İş qrafikim belədir: səhər saat 09:00-dan 18:00-a qədər. Səhər saatlarında gəlib işə başlayanda, adətən, vətəndaşlar hansı problemlərlə müraciət edirlərsə, gün sonuna qədər də demək olar, eyni mövzular ətrafında sorğular davam edir; Çünki müraciətlər əsasən, gündəmlə bağlı olur.

Ümumiyətlə,  kadr yerdəyişmələri, müəllimlərin işə qəbulu, tələbələrin transferi ilə bağlı suallar hər zaman aktualdır. Qəbul etdiyim vətəndaş sayı da gün ərzində Vətəndaşların Qəbulu Mərkəzinə müraciət edənlərin ümumi sayından asılı olur. Nəzərə alaq ki, müraciətçilərin hər biri fərqlidir. Gün ərzində fərqli psixologiyaya sahib insanlarla ünsiyyət göründüyü qədər asan deyil”.

- Fərqli psixologiyaya sahib, aqressiv vətəndaşlarla necə davranır və ən əsası onları hansı üsullarla razı salırsız?

- Təbii ki, haqlı olan vətəndaşların haqqını özlərinə qaytarmaq üçün çalışır və istənilən halda onlara kömək edirik. Bu kimi məsələlər zamanı  məni şəxsən tanıyıb, birbaşa  özümə müraciət edənlər də olur.  Bəzi vətəndaşlar isə sırf nəsə şəxsi arzuları var deyə, haqsız yerə müraciət edirlər. Buna bir misal çəkim: müəllim Bakıda işləmək istəyir, ancaq balı çatmır, müsabiqədə tələb edilən keçid balını toplaya bilməyib. Bu halda əsassız şikayətlər edilir, bütün operatorlardan olduğu kimi, məndən də narazı qalanlar olur.

Vətəndaşlara MÜRACİƏT: “Müraciətçilər anlamalıdırlar ki, burada işləyənlər vətəndaşların problemlərini həll edib, onlara  kömək etməyə çalışırlar”

“Təkrar edirəm, biz əsaslı problemlərlə müraciət edənlərin bir nömrəli köməkçisiyik. Artıq uzun müddətdir burada işlədiyim üçün qayda-qanunları da yaxşı bilir, daim özümü inkişaf etdirmək üçün çalışıram. Bütün xidmət sektorlarında olduğu kimi vətəndaşlarla yaxşı ünsiyyət, üzüaçıq olmaq, haqsız olduqları halda onları başa salmaq, haqlıdırlarsa, kömək etməyə çalışmaq bizim vəzifəmizdir. Vətəndaş başa düşməlidir ki, burada oturanlar müraciət edənlərə qanun-qaydanı başa salmağa, haqlı olduğu halda isə kömək etməyə çalışırlar. Bizim - burda oturan operatorların əsas fərqimiz odur ki, təhsil sahəsinin bütün sferaları barədə məlumatlıyıq. Misal üçün, universitetdə çalışanlar yalnız ali təhsil sistemindən məlumatlıdırlarsa, bizim operatorlar təhsilə dair bütün məsələlər barədə məlumatlıdırlar”, - deyə Elçin Qasımov əlavə edir.

Sonuncu ölən ümidlərdir..

Son söz üçün deyilənlər: “Əngəl”im mənə bir çox həyati əngəlləri aşmaqda kömək edib. Təhsil Nazirliyinin məni işə qəbul etməsi və hazırda burada işləməyin isə mənim üçün olduqca böyük motivasiyadır. Lakin bütün bunlara baxmayaraq, təbii ki, əvvəlki vəziyyətimə qayıtmaq istəyirəm…”