Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-14 15:54:00
Şəhidin müəllim və qrup yoldaşlarından təsirli sözlər: “İki aya toyu olacaqdı”-FOTOLAR

 

Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən törədilən genişmiqsaylı təxribatın qarşısı alınarkən çoxsaylı hərbi qulluqçumuz şəhid olub.

 

Ermənistanın genişmiqyaslı təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olanlar arasında Bakı Dövlət Universitetinin (BDU) məzunu Hüseynov Erkin Әdalәt oğlu da yer alıb.

 

O, Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsini bitirib. 2016-2020-ci illərdə Fəlsəfə ixtisası üzrə təhsil alıb.

 

AzEdu.az mərhum şəhidin qrup yoldaşı və müəllimləri ilə ünsiyyətdə olub.

 

Onlar təəssüratlarını bizimlə bölüşüblər:

 

Fəlsəfə Kafedrasının müdiri Kəmalə Pənahova Erkinin tələbəlik həyatından və onun dərslərinə yanaşmasından söz açıb:

 

Erkin fakültəmizdə 2016-2020-ci illərdə təhsil alıb. Çox tərbiyəli, işgüzar, dərslərinə diqqətlə yanaşan və bütün kollektivin hörmətini qazanan  tələbə idi. Hər zaman müəllimlərə  deyirdi ki, fəlsəfəni sevirəm, amma  gələcəkdə hərbiçi olmaq məqsədimdir. Biz Erkinə görə çox pis olmuşuq. O, savadlı və hər kəsin hörmətini qazanmışdı, onunla bağlı kollektivin hamısı mütəəssir olub, çünki Erkin hamının xatirəsindədir. Bakı Dövlət Universiteti onun yetişməsində çox böyük rol oynayıb. Fəlsəfə ixtisası insanlara yalnız fəlsəfi biliklər vermir, həm də onları mənəvi olaraq yüksəldir. Bu, da  şəxslərin vətənpərvər ruhda yetişməsində  və şəhid olmağı belə gözə almalarına gətirib çıxarır”.

 

Şəhidin müəllimi, Fəlsəfə tarixi və mədəniyyətşünaslıq  kafedrasının dosenti Ağabəyova Ülviyyə Erkinin tələbəlik həyatından söz açıb:

 

Fəlsəfə tarixi ixtisası üzrə  5 semestr ərzində  Erkinə  dərs keçmişəm. Biz 3 il bir yerdə ailə kimi olmuşuq. İndi onun evinə gedirik və istəyirik ki, Erkinin dəfn mərasiminə çataq. O,  elə bir uşaq idi ki,əxlaqı ilə savadı vəhdət təşkil edirdi. Erkin çox nurlu və ədəbli tələbə idi. Bir dəfə də müşahidə etmədim ki, dərsə geciksin, böyüklərin  yerini həmişə bilirdi. Elə bir məqam olmayıb ki, o dərsdən icazə alsın. Heç vaxt mənə deməyib ki, dərsə hazırlıqlı deyiləm. Bizim hər birimizin mənəvi borcudur ki, onu son mənzilə yola salaq. Erkinin ruhu qarşısında baş əyirik. O, bütün yüksək dəyərlərə malik idi. Düzdü, çox cavan idi, istəməzdik ki, o yaşda dünyasını dəyişsin. Lakin Allahın istəyi ilə ən ali ad olan şəhidliyə yüksədi. Onun nurlu siması, ağıllı baxışları bizim qəlbimizdə daima yaşayacaq. Erkin ən yaxşı sözlərə layiqdir. Özüm, qrup yoldaşları və fakültə adından ailəsinə başsağlığı verir, onlara səbr diləyirəm”.

 

Müəllim Erkinin gələcəklə bağlı planlarından da  söz açıb:

 

Onunla dərsdənkənar zarafat edərdik və bizə deyərdi ki, mən filosof olmayacağam, polis olmaq istəyirəm. Sonra xəbər aldıq ki, hərbi istiqamətə yönəlib, çox məsuliyyətli insan idi.

 

Heç vaxt ona acıqlana bilməmişəm, çünki mənfi  hərəkəti olmayıb. Dərsdə necə idisə, dərsdənkənar da eyni insan idi. Çox məsuliyyətli və ədəb-ərkanlı  tələbəm idi”.

 

Erkinin qrup yoldaşı Şəbnəm Qarayeva onun xarakter və mənəviyyatından söz açıb:

 

Erkin layiq olduğu pilləyə yüksəldi. Düşünürəm ki, o,  tərbiyəsi, davranışları ilə şəhidlik zirvəsinə çata bildi. Onunla qarşıda  yaşanacaq çox gözəl günlərimiz var idi”.

 

O, qeyd edib ki,  Erkinin yaxınlarda toy mərasimi baş tutacaqdı:

 

Yaxınlarda onun toyu olacaqdı, biz Erkingilə onun xoş gününü bölüşməyə gedəcəkdik. Amma indi çox təəssüf hissi ilə lakin qürurlu şəkildə onun evinə yollanırıq. Qrup yoldaşlarımızla bərabər onu ən yüksək məqama yola salmağa gedirik. O, dostlarına demişdi ki, iki aya toy edib sizi də oraya dəvət edəcəm”.

 

Allah Erkinə və Vətən yolunda şəhid olan bütün qəhrəmanlarımıza rəhmət eləsin!

 

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları