Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-02 13:36:00
90 yaşlı institutun şöbə müdiri: “Təhsilimizə çox böyük töhfələr vermişik” -MÜSAHİBƏ

1 iyul tarixində Azəbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ) yaradılmasından 90 il ötür. Bu illər ərzində institut təhsilin müxtəlif sahələrində elmi-pedaqoji tədqiqatlar aparmaqla onun inkişafını nəzəri və praktiki cəhətdən təmin edib.

 

 

Belə ki, institutun tarixinə nəzər saldıqda görürük ki, o, Bakı şəhəri Xalq Maarifi Şöbəsinin 30 iyun 1930-cu il tarixli, 30 nömrəli və Xalq Maarifi Komissarlığının 29 iyun 1931-ci il tarixli, 87 nömrəli əmrinə əsasən 1931-ci il iyulun 1-də təhsil sahəsində ilk elmi-tədqiqat institutu olan Azərbaycan Elmi-Tədqiqat Pedologiya İnstitutunun əsasında yaradılıb. Onun adı və fəaliyyət istiqamətləri bir neçə dəfə dəyişdirilib.

 

 

Azərbaycan Respublikası Prezidentinin 14 noyabr 2016-cı il tarixli, 1107 nömrəli Fərmanı[2] ilə Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunun adı dəyişdirilərək Azərbaycan Respublikasının Təhsil İnstitutu adlandırılıb.

 

 

AzEdu Təhsil Portalı 90 illik fəaliyyətə qısa nəzər salmaq üçün ARTİ-nin Elmi-pedaqoji tədqiqatlar mərkəzinin Təhsilin iqtisadiyyatı və idarə olunması şöbəsinin müdiri Piralı Əliyevlə ünsiyyətdə olub.

 

 

-Piralı müəllim, ARTİ-nin yaradılmasından 90 il ötür. Təhsil işçisi olaraq sizi bu münasibətlə təbrik edirik. 90 illik böyük tarixi dövr ərzində ARTİ Azərbaycan təhsilinin inkişafına hansı töhfələr verib?

 

 

-1931-ci ildə Azərbaycan Elmi –Tədqiqat Pedologiya adı ilə fəaliyyətə başlayan institut, sonralar müxtəlif adlar daşımasına (1977-ci il mart ayından 2000–ci ilin iyununa kimi Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər  İnstitutu,  2000-ci ildən 2016-cı ilin 16 noyabrına kimi  Təhsil Problemləri, 2016-cı ildən indiyə kimi Təhsil İnstitutu) baxmayaraq 90 ildə Azərbaycan təhsilinin inkişafına çox böyük töhfələr verib. Təhsil sahəsində həyata keçirilən bütün islahatların elmi-nəzəri, pedaqoji-psixoloji, metodik əsasları burada hazırlanıb. Məzmunun müəyyənləşməsi, tətbiqi, alınan nəticənin yoxlanması, çətinliklərin və anlaşılmazlıqların təhlili və təkmilləşdirilməsi yolları həyata keçirilib. Fənn proqramlarının, dərsliklərin müzakirəsi, alınan rəylərin ümumiləşdirilməsi və nöqsanların islahı aparılıb. Fənnin məzmun və qiymətləndirmə standartları, təlim strategiyası və s. məsələlər işlənib. Şagirdlərin bilik, bacarıq və səriştələrinə verilən müasir tələblər hazırlanıb. İndi isə səriştəyönlü məzmunun və çalışmaların hazırlanması sahəsində əsaslı işlər həyata keçirilir.  

 

 

İnstitut böyüyən gənc nəslin milli və dünyəvi dəyərlər əsasında tərbiyə olunmasında əvəzsiz xidmət göstərib:

 

 

-Tarixi-mədəni ənənələr, milli-mədəni və ümumbəşəri dəyərlər, normalar, adətlər, tolerantlıq, ünsiyyət, həmrəylik, mədəniyyətlərarası dialoq, ərazilərin toxunulmazlığı ideyaları əsasında gənc nəslin dünyaya inteqrasiya prosesinə hazırlığına müvafiq inkişafının təmin edilməsi sahəsində sistemli işlər görülüb;

 

 

-Uşaq, yeniyetmə və gənclər mühitində humanist yanaşma statusunun yüksəldilməsi şəraitinin yaradılması, uşaqlarda öz ölkəsinin tarixi və mədəniyyəti, təbiəti, insanlarına humanist münasibətin formalaşmasına öz töhfəsini verib;

 

 

-Təhsil müəssisələrində tərbiyə işlərinin səviyyəsinin yüksəldilməsini  təmin edən tədbirlərin yerinə yetirilməsi, həmçinin: cəmiyyət, dövlət və ailənin aktual tələbləri və inkişaf prinsiplərinin yeni mahiyyəti əsasında tərbiyənin məzmun və vasitələrinin müasirləşdirilməsini hazırlamaq yolları işlənib;

 

 

-Valideynlərin maarifləndirilməsi və həyat şəraitinin yaxşılaşdırılması yolu ilə ailənin tərbiyəvi iş sistemi təkmilləşdirilib.

 

 

-İnstitut elmi-pedaqoji tədqiqatlar və elmi-pedaqoji kadr hazırlığı sahəsində nə kimi addımlar atıb və bundan sonra da  atmağı düşünür?

 

 

-İnstitut müstəqillik dövrünün tələblərinə uyğun olaraq elmi-pedaqoji tədqiqatları keyfiyyət və kəmiyyət baxımından yaxşılaşdırmağa çalışır. Elmi-pedaqoji tədqiqatlar ənənəvi və müasir yanaşmaları özündə ehtiva edir, cəmiyyətin sifarişini nəzərə alaraq müasirləşir.

 

 

Doktorant və dissertant hazırlığına xüsusi diqqət yetirilir. Onlara təklif olunan tədqiqat mövzuları Azərbaycan təhsilinin inkişafına verəcəyi yeniliklər nəzərə alınmaqla müəyyənləşdirilir.  

 

 

-Öz növbənizdə təmsil etdiyiniz Elmi-pedaqoji tədqiqatlar mərkəzinin Təhsilin iqtisadiyyatı və idarə olunması şöbəsi hansı tədqiqatları həyata keçirir və elm sahəsinə nə kimi yeniliklər verib? 

 

 

-Bu şöbə təhsilin idarə olunması və tənzimlənməsinin normativ-hüquqi sənədlərdə qoyuluşunun aktual problemləri; təhsil sisteminin idarə edilməsinin nəzəri-metodoloji əsasları; təhsil müəssisəsində idarəetmə prosesi;   təhsil prosesinin nəticəyönümlü  planlaşdırılması və idarə edilməsi; məktəbdaxili idarəetmənin təşkili və tənzimlənməsi; təhsil müəssisəsini idarə edənlərin qərarvermədə  təlimin qiymətləndirilməsi nəticələrindən istifadəsi; təhsil prosesinin reytinq sisteminin idarə olunması; təhsil müəssisəsində metodik xidmətin idarə edilməsi;  təhsilin dəyərləryönümlü idarə edilməsi-pedaqoji etika, ünsiyyət, əməkdaşlıq, pedaqoji münaqişə və həlli məsələləri; təhsilin iqtisadiyyatı: təhsil müəssisəsinin maliyyələşməsi, maliyyələşmənin mənbələri, təhsil müəssisəsinin sahibkarlıq fəaliyyəti, şagirdyönümlü maliyyələşmə, kolleclərdə tələbə kreditlərinin verilməsi və s. məsələləri araşdırır.

 

- ARTİ həm də bir çox dövlət proqramlarının icrasında iştirak edib...

 

 

-1.Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2019-cu il 22 iyul tarixli 1334 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının icrası üzrə 2020-ci il ərzində Təhsil Nazirliyinin tapşırığı ilə “Təhsilalanların narkotik vasitələrdən və psixotrop maddələrdən qorunmasının tibbi-pedaqoji profilaktikası” ( dərs vəsaiti) (2020) hazırlanıb;

  

 

2.Azərbaycan Respublikası Nazirlər KabinetininBMT-yə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası üzrə görülmüş işlərə dair 2019-cu il hesabatında Azərbaycan Respublikası Təhsil Nazirliyinin gördüyü işlər sırasında ARTİ-də hazırlanmış “Məktəblilərin narkotik vasitələrdən qorunması yolları” adlı metodik vəsaitin də ( 2018-ci il) adı verilib;

 

 

3.Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.1. Gənclərin vətəndaşlıq və vətənpərvərlik tərbiyəsi üzrə Təhsil Nazirliyinin tapşırığı ilə “Tam orta təhsil səviyyəsində təhsilalanların hərbi vətənpərvərlik tərbiyəsi işinin sistemi” adlı monoqrafiya hazırlanıb.

 

 

-Bu gün artıq qalib Azərbaycan dövlətində yaşayırıq. Sizcə Qarabağda yaradılacaq təhsil müəssisələrində keyfiyyət göstəricilərinin artırılması, o cümlədən təhsil imkanlarının genişləndirilməsi üçün nə kimi tədbirlər görülə bilər və təklifləriniz nədən ibarətdir?

 

 

-Xankəndində təhsil almış, Şuşada pedaqoji təcrübə keçmiş, Füzuli rayonunda Azərbaycan dili və ədəbiyyat müəllimi işləmiş, I Qarabağ döyüşlərində qardaşını şəhid vermiş insan kimi Vətən Müharibəsində bizə qələbə sevincini yaşadan Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevə sonsuz təşəkkürümu bildirirəm, şəhidlərimizə Allahdən rəhmət, qazilərimizə can sağlığı arzulayıram.

 

 

Qarabağda təhsilin qurulması ilə əlaqədar təkliflər paketim var. Lakin burada bir neçəsini sadalamaq istərdim: Beynəlxalq tələblərə cavab verən Qarabağ Universitetinin yaradılması (burada işləməyə həmişə hazıram); Müəllimlərin Peşəkarlığının İnkişafı İnstitutu; Elmi-Metodik Mərkəzin yaradılması və s.

 

Bir neçə kəndə yaxın olan ərazidə Peşə Liseylərinin yaradılması,  böyük kəndlərdə tam orta məktəblərin açılması, ibtidai və ümumi orta məktəblərin bütün kəndlərdə yerləşməsi və s.

 

 

-Post-pandemiya dönəmində ARTİ hansı təkliflər irəli sürməyi düşünür ki, tədris sistemi əvvəlki tempinə qayıda bilsin? 

 

 

-Həm təhsilalanlara, həm də təhsilverənlərə sağlamlıqlarının qayğısına qalmağı və özünütəhsillə məşğul olmağı tövsiyə edərdik ki, təhsil sistemi əvvəlki tempə qayıda bilsin.

 

 

-ARTİ gələcəkdə Azərbaycan təhsilinin çiçəklənməsinə nə kimi yeniliklər qatmağı planlayır və müəssisə hansı innovativ layihələr üzərində çalışır?

 

 

-ARTİ dəyişən dünyaya uyğun təhsilin məzmunu, idarə olunması, nəticələrin qiymətləndirilməsi sahəsində yeni alətlərin hazırlanması üzərində işləyir. İşəgötürənin tələblərini nəzərə almaqla böyüyən gənc nəsildə XXI əsrin səriştələrinin formalaşdırılması yollarının hazırlanmasını qarşımıza məqsəd qoymuşuq.

 

 

ARTİ bir komanda olaraq Azərbaycan Respublikasında təhsil siyasətini həyata keçirməyə çalışır. 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları