Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-06 14:33:00
Məktəbli partaları mütləq bu normalara cavab verməlidir, əks halda... – Qamət əyriliyinə səbəb  

Müasir dövrdə şagird çantalarının ağırlığı mütəxəssisləri narahat edən məsələlərdən birinə çevrilib. Onların fikrincə, bu problem şagirdlərdə sonradan qamət əyriliyinə də gətirib çıxaracaq. Tibb mütəxəssisləri  məktəblilərin qamət pozuqluğunun qarşısını almaq üçün mütəmadi maarifləndirici çıxışlar edirlər.

Şagirdin düzgün qamətə sahib olması yalnız fiziki aktivliyi ilə bağlı deyil. Arxasında əyləşdiyi masanın ölçüləri də burada müəyyən qədər rol oynayır. Şagirdin gününün çox hissəsini məktəbdə keçirdiyini nəzərə alsaq, sinifdəki partalar onun qamətinin qeydinə qala bilirmi?

AzEdu.az xəbər verir ki, Nazirlər Kabinetinin 2012-ci il 3 avqust tarixli qərarında şagirdlərin düzgün qaməti məsələsinə toxunulub.Qərarda parta və oturacaqların məktəblinin boyuna uyğun ölçü normativləri qeyd olunub.

Qərara görə, düzgün qamət üçün əsas göstərici partakənarının döşəmədən hündürlüyüdür. Boyu 100 sm-dən 115 sm-ə qədər olan şagirdlər üçün bu göstərici 46 sm, boyu 115-130sm aralığında olanlar üçün isə 30 sm-dir. Boyu 145sm-dən 160 sm-ə qədər olan şagirdin əyləşdiyi partanın kənarının döşəmədən hündürlüyü 64 sm olmalıdır. Bu göstərici 160-175 sm boya malik yeniyetmələr üçün 70, boyu 175sm-dən artıq olanlar üçün isə 76 sm-dir.

Oturacağın döşəmədən hündürlüyü isə ardıcıllığa uyğun olaraq 26, 30, 38, 42, 46 sm  nəzərdə tutulub. Bu ölçülər parta arxasında şagird qamətinin şuxluğunu təmin etmək üçün nəzərdə tutulub.

Qeyd edək ki, bununla yanaşı, hər şagirdin sinifdəki yeri boyu, görmə və eşitmə qabiliyyətinə uyğun olaraq təyin edilməlidir. Görmə və eşitmə məhdudiyyətli uşaqların partaları pəncərənin yaxınlığındakı ön cərgədə yerləşdirilməlidir. Kəskin respirator xəstəliklər, angina və soyuqdəymədən tez-tez əziyyət çəkən uşaqlar isə sinfin çöl divarlarından uzaqda əyləşməlidirlər.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları