Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-28 15:35:00
“Kurikulum sınaq”ından çıxanların narazılığı –  “Çox çətin idi, heç nə yaza bilmədim”

“Kurikulum sınaq”ından çıxanların narazılığı – “Çox çətin idi, heç nə yaza bilmədim”

Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən yeni qaydalarla sınaq imtahanı keçirilib. Repetitorlar şagirdlərin yeni qaydalara hələ uyğunlaşmadığını, imtahan zamanı çətinlik yaşayacaqlarını öncədən bildirmişdilər.

Bəs, abituriyentlərin sınaq təəssüratları necə oldu?

Kurikulum əsasında keçirilən ilk sınaq imtahanında III fənn bloku üzrə iştirak edən Nizami Xəlilov AzEdu.az-a açıqlamasında  bildirib ki,  həm çətin, həm də asan suallara rast gəlinirdi:

“Bacardığım səviyyədə cavabladım.  Nə hazırlıq, nə də məktəbdə keçmədiyimiz mövzulardan suallar salınmışdı.  Amma 4 səhv bir düzü apardığına görə, onları təxmin edib yazmadım. Suallar çətin olmasa da, asan da sayılmazdı. Orta səviyyədə tərtib edilmişdi”.

Onun sözlərinə görə Tarix fənnindən situasiya tipli test tapşırıqları xüsusilə çətinlik törədib:

“Azərbaycan dili və ədəbiyyat tapşırıqları  normal idi, amma tarixdəkilər çox çətin idi. Məsələn, İngiltərə, Azərbaycan Xalq Cümhuriyyətinə  aid suallar salınmışdı. Bu mövzuları isə hələ keçməmişik”.

I fənn bloku üzrə imtahan verən Xəlilzadə Nigar isə bütün sualların çox çətin tərtib olunduğunu qeyd edib.

Digər bir abituriyent Elvin Süleymanov da sualların çətinliyindən gileylənib:

“Çox çətin idi. Heç nə yaza bilmədim”.

Sınaq təəssüratlarını öyrənərkən aydın olub ki, abituriyentlər əsasən Kimya, Biologiya, Tarix fənlərindən çətinliklər üzləşiblər. Bu fənlər arasında riyaziyyat suallarının çətin tərtib olunduğunu xüsusilə vurğulayıblar.

Qeyd edək ki, abituriyentlər sınaq nəticələrini iş nömrəsini SMS-lə 7727-yə göndərməklə öyrənə biləcəklər.

 

 

 

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları