XƏBƏRLƏR

02.10.2018 09:53
II qrupa hazırlaşanlar  əlavə 12 kitab da oxuyacaqlar – Müəllif çətinlikləri sadaladı

 

“II ixtisas blokunda Riyaziyyat ağır fəndir. Bu qrupda Tarix fənninin proqramına dünya tarixinin əlavə edilməsi şagirdlər üçün əlavə yükdür”.

Bu sözləri AzEdu.az-a açıqlamasında  tarixçi Anar İsayev deyib. Onun sözlərinə görə, kurikulum sisteminin tətbiqi gənclərə yeni şanslar yaradır:

“Bu sistem tamamilə yenidir və gənc kadrların gözlərinin açılması üçün bir fürsətdir. Tarix fənni həm II, həm də III ixtisas blokunda var.

II ixtisas blokunda Riyaziyyat ağır fəndir. Bu qrupda Tarix fənninin proqramına Dünya tarixinin əlavə edilməsi şagirdlər üçün əlavə yükdür . Riyaziyyatla yanaşı, 12 tarix kitabını oxumaq onlar üçün çətinlik yaradacaq”.

Anar İsayev tarix dərsliklərindəki nöqsanların qəbul imtahanına təsiri barədə də danışıb:

“Tarix dərsliklərində olan səhvlər qəbul imtahanlarına heç bir təsir göstərməyəcək. Çünki dərsliklərdəki bütün ziddiyətli məqamlar qəbul proqramına daxil edilməyəcək”.

Xatırladaq ki, II ixtisas bloku üzrə tarix fənninə dünya tarixi də əlavə olunub. III ixtisas bloku üzrə isə ədəbiyyat fənninin proqramı V-XI sinif dərsliklərini əhatə edəcək.

Məlumat üçün qeyd edək ki, yeni modelə uyğun olaraq hər blokda 3 imtahan fənnin olması nəzərdə tutulub. Şagirdlərə hər fənn üzrə 30 test tapşırığı təqdim olunur. Bu tapşırıqların 22 si qapalı, 8-i isə açıq formalıdır. Açıq formalı tapşırıqlardan 3-ü yazılı şəkildə cavablandırılması tələb olunan situasiya və yaxud mətn əsasında hazırlanan tapşırıqlardır. Digər açıq formalı tapşırıqlar uzun müddətdir istifadə olunan hesablama, seçim, xronologiya, uyğunluğu müəyyənetmə tipli tapşırıqlardır. 

 

Nəzrin Rüstəmova Müəllifin digər yazıları