Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-27 20:19:00
AMEA ilə Rusiya Dövlət Geoloji Kəşfiyyat Universiteti  arasında razılıq

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində Sergo Ordjonikidze adına Rusiya Dövlət Geoloji Kəşfiyyat Universitetinin rektoru, professor Vadim Kosyanov və həmin universitetin prorektoru, professor Vaqif Kərimov ilə görüş keçirilib. AzEdu.az xəbər verir ki, görüşün keçirilməsində əsas məqsəd AMEA-nın fəaliyyəti ilə yaxından tanış olmaq və əməkdaşlıq haqqında müqavilə imzalamaq idi.

 

Qonaqlara rəhbərlik etdiyi elm ocağı haqqında məlumat verən AMEA-nın prezidenti, akademik Akif Əlizadə burada dünya elminin prioritet istiqamətlərində araşdırmaların aparıldığını, mühüm nəticələrin əldə edildiyini, nüfuzlu beynəlxalq elm təşkilatları ilə əməkdaşlıq əlaqələrinin qurulduğunu diqqətə çatdırıb.

 

Son zamanlar AMEA-da elm və təhsilin inteqrasiyası istiqamətində kompleks tədbirlərin görüldüyünü deyən akademik bu qurumda ilk dəfə 2015-ci ildən etibarən təşkil olunan magistratura pilləsi haqqında məlumat verib. Bildirib ki, əsas məqsəd gəncləri elmi mühitə cəlb etmək, onların elmi təfəkkürünü artırmaqdır.

 

A.Əlizadə müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin genişləndirilməsi istiqamətində uğurla fəaliyyət göstərən AMEA-nın Yüksək Texnologiyalar Parkından da söz açaraq, qonaqları bu müəssisədə həyata keçirilən pilot layihələrlə yaxından tanış olmağa dəvət edib.

 

O, həmçinin rusiyalı qonaqlara akademiyada geologiya, seysmologiya, hidrogeologiya, neft-kimya, kimya texnologiyaları sahələrində əldə olunmuş nailiyyətlər haqqında məlumat verib.

 

AMEA rəhbəri M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında Rusiya Dövlət Geoloji Kəşfiyyat Universiteti ilə birgə geologiya fakültəsinin yaradılması təklifini irəli sürüb.

 

V.Kosyanov rəhbərlik etdiyi ali məktəbin 1918-ci ildə fəaliyyətə başladığını bildirib. O, universitetin fəaliyyət istiqamətləri, laboratoriyaları, tədris prosesi və burada aparılan araşdırmalardan bəhs edib. Alim AMEA ilə neft və qaz yataqlarının kəşfiyyatı, geologiya və digər müvafiq sahələrdə birgə tədqiqatların, kadr və təcrübə mübadiləsinin aparılmasının vacibliyini vurğulayıb.

 

V.Kosyanov bildirib ki, rəhbərlik etdiyi ali məktəbdə peşəkar kadr hazırlığı həyata keçirilir, dünyanın müxtəlif ölkələrindən olan tələbələr burada təhsil alırlar.

 

Rektor AMEA rəhbərini nümayəndə heyəti ilə birgə Rusiya Dövlət Geoloji Kəşfiyyat Universitetinin Moskvada keçiriləcək 100 illik yubiley yığıncağına dəvət edib. O, 2019-cu ildə elm və təhsil sahəsi üzrə Azərbaycan-Rusiya sammitinin, eləcə də Xəzəryanı dövlətlərin birgə sammitinin keçirilməsini təklif edib.

 

Daha sonra iki qurum arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. Müqavilədə elm, təhsil və innovasiya sahəsində əlaqələri gücləndirməklə yanaşı, birgə konfrans və simpoziumların təşkili, məqalələrin çap olunması və prioritet elm sahələri üzrə elmi və elmi-texniki problemlərin araşdırılması nəzərdə tutulur.

 

A.Əlizadə əməkdaşlığa dair imzalanmış sazişin hər iki ölkənin elmi qurumlarının fəaliyyətinə müsbət təsir göstərəcəyinə əminliyini bildirib.