Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-14 10:59:00
Şagirdlərin nəzərinə - Bu universitetlər sizlərə çox böyük şanslar yaradır,  yetər ki...”

“Hər universitet orta məktəblərdə özü haqqında geniş məlumat verməlidir ki, şagirdlər seçim edəndə məqsədli olsunlar, ixtisas və universiteti kortəbii  deyil, sevərək seçsinlər. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti bu istiqamətdə daimi işlər görür, orta məktəblərdə özü haqqında geniş məlumat verir”.

Bu sözləri ADNSU-da keçirilən beynəlxalq konfransda çıxışı zamanı təhsil nazirinin  müavini Məhəbbət Vəliyeva deyib. O bildirib ki, universitetlə orta məktəb arasındakı münasibətlər təhsilin keyfiyyəti üçün çox vacibdir.

Məsələylə bağlı universitetlərdən  orta məktəblərdə  özləri, təhsil keyfiyyəti, ixtisaslar haqqında məlumatlar verilməsi üçün nə kimi tədbirlərin həyata keçirildiyini öyrəndik.

“Məktəblilərlə görüşür və qəbulda bunun effektini də görürük”

Azərbaycan Texniki Universitetinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri  Nicat Abdullayev  AzEdu.az-a açıqlaması Məhəbbət xanım tərəfindən verilən mesajın kifayət qədər   aydınlıq və vacibliyini bildirib:

“Azərbaycan Texniki Universitetində artıq bu təcrübə var. İxtisasların tanıdılması ilə bağlı orta məktəblərdə  tədbirlər təşkil etmək olar. Biz tədris ili boyu  bunu edirik. Məsələn, oktyabrdan bu tədbirlər başlayacaq. IX, X, XI sinif şagirdləri, əsasən də XI siniflərlə  görüşüb onlara AzTU-da tədris olunan ixtisaslar, həmin ixtisasları bitirənlərin harda işlə təmin oluna, hansı sənətə yiyələnə biləcəkləri barədə məlumat veririk. Bizdə  Xüsusi texnika və texnologiyalar fakültəsində  Biotexniki vasitələr mühəndisliyi ixtisası var. Bunu abituriyent ola bilər ki, oxuyub başa düşməsin. Həmin fakültənin professoru və ya dekanı və ya özümüz məktəblərdə olub, onlara bu ixtisası izah edirik. Qəbulda bunun effektini də görürük. Ölkədə texniki sahəyə adətən maraq azdır. Amma bu tədbirlərlə, PR  işini gücləndirməklə, çoxlu informasiya  yaymaqla nisbətən vəziyyəti müsbətə doğru dəyişə bilirik”.

“Bu universitetlər elə yarandığı ildən məktəblərlə işi yaxşı qurub”

“Azərbaycan Universitetləri” səhifəsinin admini Zöhrab Süleyman bildirib ki, bu, əslində çox yaxşı fikirdir:

“Buna oxşar bir təcrübədən bəzi universitetlər son illərdə istifadə edir. BANM, ADA yarandıqları illərdən məktəblərlə işi çox yaxşı qurub. Bu il Azərbaycan Memarlıq və İnşaat Universiteti və Aqrar Universitet bu praktikadan yararlanıb. İstər məktəb şagirdlərinin universitetlərin maddi texniki bazalarını yaxından görməsi, istərsə də ali təhsil müəssisələrinin yerlərdə olan məktəblərə  səfərləri mütləqdir. Sosial medianın tüğyan etdiyi dövrdə sosial şəbəkələrdən istifadə edən məktəb şagirdləri belə universitetlərin fəaliyyətini birbaşa izləyə bilirlər. Bu çox yaxşı addımdır. Ancaq istənilən halda bütün məktəblərin universitetlər haqda təsəvvürlərinin canlı olması lazımdır. Başqa sözlə, ölkədəki universitetlər öz reklamlarını məktəblərin özündə, şagirdlərin ayağına getməklə edə bilərlər. Buna böyük məbləğlər lazım deyil. Sadəcə əməli iş görmək lazımdır. Təbii ki, əgər universitet öz keyfiyyətini artırmaq istəyirsə”.

“Şagirdlərə universitet tərəfindən ciddi dəstək göstərilir”

Azərbaycan İqtisad Universitetinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Cavid Xəlilov  bildirib ki, UNEC artıq üç tədris ilidir ki, bu fəaliyyəti həyata keçirir:

“UNEC-in müəllim heyəti Bakı və regionların orta məktəblərində mütəmadi olaraq görüşlər keçirir. Analoji görüşlər UNEC-də keçirilir və orta məktəblərin nümayəndələri universitetimizə dəvət olunurlar. UNEC-i abituriyentlərə daha yaxından tanıtmaq və ixtisas seçimində onlara dəstək olmaq üçün “UNEC-i tanı!” layihəsi icra edilir. Bu məqsədlə ixtisas seçimi günlərində regionun ən böyük iqtisadyönümlü və 4 dildə təhsil verən universiteti olan UNEC-in qapıları abituriyentlərə açıq olur. Layihə çərçivəsində abituriyentlər UNEC-də tədris olunan ixtisaslar, fakültələr, keçid balları, təhsil haqları barədə ətraflı məlumat ala bilirlər. Eyni zamanda onlara ixtisas seçimi, seçmək istədikləri ixtisasın üstünlükləri və gələcək karyera imkanları istiqamətində dəstək göstərilir. Abituriyentlər UNEC-in tələbələrinə yaratdığı imkanlar, xüsusi təqaüd, Avropanın nüfuzlu universitetləri ilə ikili diplom və UDİD proqramları barədə məlumatlandırılırlar. Həmçinin təhsil almaq istədikləri ixtisasın tədris olunduğu bina və auditoriyalarla tanış ola bilirlər. Regionlarda yaşayan və UNEC-ə gəlmək imkanı olmayan abituriyentlər isə onları maraqlandıran sualları UNEC-in rəsmi facebook səhifəsinə ünvanlaya bilirlər. Eyni zamanda, müraciətlərini öz “facebook” səhifələrindən #UNECdənsoruş haştagı ilə paylaşa bilərlər. Qeyd edək ki, UNEC-ə I, II, IV və V ixtisas qruplarında 20 ixtisas üzrə tələbə qəbulu həyata keçirilir”.