Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-09 11:13:00
Qalayeri yaşayış məskənində arxeoloji tədqiqatlar aparılıb  

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutu direktorunun elmi işlər üzrə müavini, tarix elmləri doktoru Nəcəf Müseyiblinin rəhbərlik etdiyi ekspedisiya bu ilin iyulunda Qəbələ rayonundakı Qalayeri qədim yaşayış məskənində arxeoloji qazıntı işlərini davam etdirib.

İnstitutdan AzEdu.az-a bildiriblər ki, Leylatəpə arxeoloji mədəniyyətinə, eramızdan əvvəl IV minilliyin birinci yarısına aid Qalayeri abidəsi Qəbələ Beynəlxalq Aeroportu ərazisindədir. N.Müseyiblinin rəhbərliyi ilə bu abidədə 2012-ci ildən geniş arxeoloji qazıntı işləri aparılır. Bu il abidənin mərkəzi hissəsində qazıntı nəticəsində müəyyən edilib ki, burada xalkolit dövründə yaşayışın uzunmüddətli olduğunu sübut edən mədəni təbəqənin qalınlığı 3 metrdən artıqdır. Bu isə Leylatəpə mədəniyyəti abidələri üçün olduqca yüksək göstəricidir.

Qalayerində qazıntı zamanı qədim evlərin divarlarının qalıqları, müxtəlif saxsı qablarda körpə uşaqların dəfn edildiyi qəbirlər, qədim sənətkarlıq nümunələri olan saxsı qablara aid minlərlə fraqmentlər, müxtəlif cinsli daşlardan ibarət əmək alətləri aşkarlanıb. Bu yaşayış yerində hələ altı min il əvvəl metal istehsalını sübut edən kiçik alətlərlə yanaşı, mis ərintisi də aşkar olunub. Dulus çarxının qalıqlarının aşkalanması və saxsı qabların üzərində çarxda fırlanmanın izləri o dövrdə kütləvi keramika istehsalında ən yüksək texnologiyanın tətbiqini sübut edir. Əldə edilmiş maddi mədəniyyət qalıqları Qalayeri yaşayış məskəninin Şərqi Anadolu - Şimali Mesopotamiyanın qədim sivilizasiyalarının mədəni ənənələri ilə genetik bağlı olduğunu göstərir.

Ekspedisiya müddətində rayon ərazisində kəşfiyyat işləri də aparılıb və nəticədə bir neçə arxeoloji sahə aşkar edilib.