Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-28 10:33:00
Şabranda TOPs təlimləri

“TOPs – fiziki tərbiyə üzrə müasir təhsil texnologiyasının yaradılması” proqramının 6-cı mövsümü çərçivəsində növbəti təlimlər Şabran rayonunda baş tutub.

AzEdu.az  xəbər verir ki, proqram Təhsil Nazirliyi, “British Council” Azərbaycan, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası və “İnkişaf Naminə İdman” İctimai Birliyinin birgə əməkdaşlığı ilə həyata keçirilir.

Proqramın məqsədi fiziki tərbiyə müəllimlərinin nəzəri bilikləri və praktiki peşə bacarıqlarını TOPs metodikası vasitəsilə zənginləşdirməklə daha maraqlı və rəngarəng tədris prosesi təşkil etməkdir. Bununla yanaşı, ümumtəhsil məktəblərində şagirdlərin hərəki bacarıqlarını inkişaf etdirən əlverişli mühitin yaradılmasına və onların təhsil aldıqları müddətdə fiziki-psixoloji sağlamlığının qorunmasına nail olmaqdır.

Təlimlərə Şabran rayonu üzrə 47 orta ümumtəhsil məktəbdən 50 fiziki tərbiyə müəllimi cəlb olunub. Təlimlər zamanı müəllimlərə fiziki tərbiyə dərslərinin yeni metodologiya ilə öyrədilməsi yolları, dərsləri oyunlar şəklində təşkil etməyin əsasları keçilib. Həmçinin müəllimlərin praktiki bacarıqlarının artırılmasına və daha keyfiyyətli dərslərin tədrisinə nail olmaq üçün TOPs metodikası vasitəsilə praktiki fəaliyyətlər həyata keçirilib və yeni tədris metodları izah olunub.

Təlimlərdə müəllimlərə metodiki tədris kartları da təqdim olunub. Bu kartlar Milli Fiziki Tərbiyə Kurikulumuna uyğun hazırlanıb və gündəlik planlaşdırmanı əvəz edir.

TOPs təlimlərində iştirak edən müəllimlər mənimsədikləri müasir təlim üsullarını dərslərində tətbiq etməklə bərabər, dərsdənkənar müxtəlif idman festivalları da təşkil edəcəklər. Belə tədbirlər uşaqlarda həm fiziki, həm də liderlik bacarıqlarının inkişaf etdirilməsinə imkan yaradacaq.

2019-2020 tədris ilində TOPs proqramına Bakı, Gəncə, Mingəçevir, Sumqayıt, Abşeron, Qobustan, Şamaxı, Quba, Siyəzən, Xızı, İsmayıllı, Qəbələ, Laçın və Qubadlı rayonları üzrə məktəblər də cəlb olunub.

Xatırladaq ki, Azərbaycanda proqramın tətbiqinə pilot layihə kimi 2014-cü ildən başlanılıb.