Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-23 14:15:00
Kimlər AMEA prezidenti ola bilər? – Seçki qaydası və tələblər

Azərbaycan Milli Elmlər Akademiyasının  prezidenti Akif Əlizadə səhhəti ilə bağlı istefa ərizəsi yazıb. Onun ərizəsi artıq təsdiq olunub.

Bu gün keçiriləcək AMEA-nın ümumi yığıncağında Akademiyanın yeni prezidentinin kim olacağı məsələsi müzakirə ediləcək.

AzEdu.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsinin 88 və 95-ci maddələrində prezidentin hansı üsullarla seçildiyi və hansı vəzifələri yerinə yetirəcəyi öz əksini tapıb.

Həmin müddəaları təqdim edirik:

Akademiyanın fəaliyyətinə ümumi rəhbərliyi AMEA-nın prezidenti həyata keçirir.

Akademiyanın prezidenti AMEA-nın həqiqi üzvləri sırasından onun Ümumi Yığıncağında seçilir və Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilir.

Akademiyanın Ümumi Yığıncağında seçilən prezident Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəsinə təsdiq edilənədək AMEA-nın prezidentinin səlahiyyətlərini icra edir.

AMEA-nın prezidenti Akademiyanın Ümumi Yığıncağında səsvermədə iştirak edən Akademiyanın həqiqi üzvlərinin 2/3 səs çoxluğu və gizli səsvermə yolu ilə 5 il müddətinə seçilir.

Akademiyanın prezidenti  üzərinə qoyulan vəzifələrin icrasına görə şəxsən məsuliyyət daşıyır.

Akademiyanın prezidentinin icra etdiyi vəzifələr:

-Akademiyanın ümumi fəaliyyətini təşkil edir.

-Rəyasət Heyətinin fəaliyyətinə rəhbərlik edir.

-Akademiyanın Ümumi Yığıncağının və Rəyasət Heyətinin iclaslarına sədrlik edir.

Azərbaycan Respublikasının qanunvericiliyinə  və Akademiyanın Nizamnaməsi uyğun səlahiyyətlər çərçivəsində Akademiyanın müəyyən etdiyi qaydada Akademiyanın əmlakı, həmçinin maliyyə vəsaitləri barədə sərəncam verir.

Azərbaycan Respublikasının və xarici ölkələrin elmi və digər qurumlarında Akademiyanı təmsil edir, müqavilələr, sazişlər bağlayır, etibarnamələr verir və digər hüquqi hərəkətləri həyata keçirir.

Dövlət büdcəsindən ayrılan maliyyə vəsaitin Akademiyanın elmi, elmi xidmət, təhsil və sosial xidmət müəssisələri arasında Rəyasət Heyəti tərəfindən müəyyən edilən bölgüsünü təsdiq edir.

Qanunvericiliklə müəyyən edilən qaydada xarici ölkələrin elmi müəssisələri, qeyri-hökumət təşkilatları və hüquqi şəxsləri ilə, habelə beynəlxalq təşkilatlarla danışıqlar aparır.

Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə elmi və elmi-texniki məsələlərə dair beynəlxalq müqavilələr imzalayır.

Akademiyanın Rəyasət Heyəti tərəfindən təsdiq edilən mərkəzi aparatının işçiləri ilə və təsdiq olunan nomenklatur çərçivəsində işə qəbul edilən digər işçilərlə əmək müqavilələri bağlayır, müqavilələri ləğv edir, işçilər barəsində qanunvericiliklə müəyyən olunan qaydada mükafatlandırma, həvəsləndirmə və intizam tənbehi tədbirləri görür.

Qanunvericiliyə uyğun olaraq icrası məcburi olan əmr və sərəncamlar verir, normativ hüquqi aktları təsdiq edir, onların icrasını təşkil edir və onlara nəzarəti həyata keçirir.

Elmin ayrı-ayrı sahələrinin inkişaf etdirilməsi, monitorinqlərin aparılması, strateji fəaliyyət proqramlarının hazırlanması məqsədilə mütəxəssislərdən ibarət işçi qrupları, eləcə də koordinasiya və idarəetmə şuraları yaradır.

Elm sahəsində dövlət siyasətinin həyata keçirilməsi ilə bağlı təklifləri, qanun və digər normativ hüquqi aktların layihələrini Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edir.

Dövlət büdcəsindən ayrılan vəsait və ştat sayı hüdudlarında müəyyən olunan qaydada tabeliyində olan qurumların yaradılması, yenidən təşkili və ləğv edilməsi barədə müvafiq qərarlar qəbul edir.

Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq digər səlahiyyətləri həyata keçirir.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları