XƏBƏRLƏR

02.10.2019 12:37
AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun 90 illiyi qeyd olundu

Oktyabrın 2-də Azərbaycan Milli Elmlər Akademiyasının akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun yaradılmasının 90 illik yubileyinə həsr olunmuş yığıncaq keçirilib.

AzEdu.az xəbər verir ki, tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə, Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, Təhsil naziri Ceyhun Bayramov, akademik N.D.Zelinski adına Noosfera Mühafizə Mərkəzinin və Muzeyinin direktoru, professor Andrey Nikolayeviç Zelinski, İğdır Universitetinin rektoru, professor Mehmet Hakkı Alma, ali təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan akademik Akif Əlizadə yığıncağın Azərbaycan Prezidenti İlham Əliyevin 11 mart 2019-cu il tarixli “AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun 90 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamına əsasən keçirildiyini bildirib, bunun dövlətin elmə və alimlərə qayğısının növbəti göstəricisi olduğunu vurğulayıb. Akademik qurumun 1929-cu ildə “Azneft” İstehsalat Birliyinin Mərkəzi Kimya Laboratoriyası bazasında Azərbaycan Neft Tədqiqat İnstitutu kimi fəaliyyətə başladığını, 1959-cu ildən isə Azərbaycan Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutu adlandırıldığını deyib. Bildirib ki, bu illər ərzində institutun alimlərinin elmi işləri Azərbaycan neftinin tədqiqinə, yüksək keyfiyyətli yanacaq və yağların alınması məqsədi ilə effektiv emalın elmi əsaslarının işlənilməsinə, neft kimyası və neft emalı prosesləri üçün yeni texnologiyalar və katalizatorların yaradılmasına və s. həsr olunub. "Qurumun 90 illik fəaliyyəti dövründə kataliz, üzvi-kimya, yüksəkmolekullu birləşmələr kimyası, fiziki-kimya, neftkimya sintezi sahəsində fundamental tədqiqatlar aparılıb, Azərbaycanın neft kimyası və neft emalı sənayesinin kompleks inkişaf sxemlərinin hazırlanması istiqamətində mühüm işlər görülüb. İnstitut əməkdaşlarının bundan sonra da neft-kimya sahəsində yeni elmi nəticələr və nailiyyətlər əldə edəcəklərinə əminəm”.

Sonra Akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov “Elmin zirvələrinə aparan 90 illik yol” adlı məruzə ilə çıxış edib. Natiq bildirib ki, SSRİ-də ilk yüksək oktanlı aviasiya benzini, Bakı neftindən bir neçə növ reaktiv yanacaqlarının alınma texnologiyası, SSRİ miqyasında tətbiq olunmuş rəqabət qabiliyyətli parafinsizləşdirmə prosesi, eləcə də bu gün də uğurla istifadə olunan katalitik krekinq prosesi institutun nəticələridir. O bildirib ki, institut alimləri SSRİ-nin 6 dövlət mükafatına və Azərbaycanın 4 dövlət mükafatını layiq görülüblər.

İlin gənc müəllimi-Müraciət formu