XƏBƏRLƏR

17.09.2019 14:55
Bir sinifdə nə qədər şagird oxumalıdır? - Minimum və maksimum rəqəm  

Çoxları interaktiv təlim metodu ilə keyfiyyətli tədrisin sinifdə şagird sayından da asılı olduğunu düşünürlər.

Açıqlamasında sinifdə çox şagird oxuduğunu, bütün uşaqlara dərsi mənimsətməyin mümkünsüz olduğunu deyən müəllimlər də az deyil.

AzEdu.az xəbər verir ki, Ümumtəhsil Müəssisəsinin Nümunəvi Nizamnaməsində məktəbəhazırlıq qrupundan tutmuş, tam orta təhsil səviyyəsində təhsil alan şagirdlərin sayına qədər qeyd edilib.

Nizamnaməyə əsasən, ucqar yerlərdə şagird sayından asılı olmayaraq, ibtidai və ümumi orta ümumtəhsil məktəblərinin azkomplektli fəaliyyətinə icazə verilir. Şagirdlərin sayı az olan ibtidai siniflərdən isə komplekt siniflər təşkil olunur.

Nizamnaməyə əsasən, məktəbəhazırlıq qruplarında uşaqların sıxlığı aşağıdakı kimi müəyyənləşdirilir:

-Qəsəbə və kəndlərdə yerləşən ümumtəhsil məktəbləri üçün - ən azı 10 uşaq;

-Şəhərlərdə yerləşən ümumtəhsil məktəbləri üçün - ən azı 15 uşaq.

Bundan əlavə, dövlət ümumtəhsil məktəblərində yaradılan məktəbəhazırlıq qrupunda uşaqların sayının 30 nəfərdən artıq olmasına yol verilmir. Uşaqların sayı 10-dan az olduqda, məktəbəhazırlıq qrupları Təhsil Nazirliyinin regional təhsil idarələrinin razılığı əsasında yaradılır.

Ümumtəhsil məktəblərində isə sinifdə şagird sayı 20 nəfərdən az olmamalıdır. Zəruri hallarda bir sinifdə şagird sayı 20-ə çatmadıqda, mövcud sayla sinif təşkil olunmasına icazə verilir.

Sinifdə şagird sayı 30-dan çox olduqda və ya otağın ölçüsü bu  qədər şagirdlərin bir sinifdə tədrisinə imkan vermədikdə, həmin sinif üzrə ikinci paralel sinif təşkil edilir.

Tədris ilinin birinci yarısında hər hansı səbəbdən şagird sayı azaldıqda və ya artdıqda, siniflər birləşdirilir və ya paralel sinif təşkil edilir.

Qeyd edək ki, nizamnaməyə əsasən, məktəbə ilk olaraq onun yerləşdiyi ərazidə yaşayanlar qəbul olunurlar. Xüsusi proqram ilə təhsil verən məktəblər isə istisna təşkil edir.

Lamiyə Süleymanlı Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu