Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-05 13:15:00
“Üzvlərin hər birinin ictimaiyyətdə nüfuza sahib olması seçkinin şəffaflığına sübutudur” – İctimai Şuraya seçilənlər  

Sentyabrın 4-də Təhsil Nazirliyi yanında İctimai Şuraya seçkilər keçirilib. Səsvermənin nəticəsinə əsasən, 11 nəfər İctimai Şuraya üzv seçilib.

AzEdu.az bir neçə üzvlə əlaqə saxlayıb, şuranın gələcək fəaliyyəti ilə bağlı  təəssüratlarını öyrənib.

“Təhsil sahəsində belə bir məsləhət şurasının yaradılmasına da böyük ehtiyac var idi”

 Nadir İsrafilov şuraya təhsil sahəsində öz sözünü demiş şəxslərin seçildiyini bildirib. O qeyd edib ki, ölkə başçısının sərəncamı əsasında bu gün bir sıra universitetlərdə, komitələrdə aşkarlığın, demokratikliyin təmin edilməsi üçün məsləhət xarakterli İctimai Şuralar yaradılıb:

“Əsas prioritet sahələrdən biri olan təhsildə də belə bir şuranın yaradılmasına ehtiyac var idi. Təhsil nazirinin şuranın yaradılması ilə bağlı əmrindən sonra, üzvlərin və seçicilərin qeydiyyatı başlandı. Son nəticə olaraq, 34 namizəd və 44 seçici səsvermədə iştirak hüququ qazandı. Nazirlik əməkdaşları, QHT və media nümayəndələrinin iştirakı ilə Azərbaycan Fransız Universitetində (UFAZ) şəffaf həyata keçirilən səsvermənin nəticələri demokratik şəkildə elan olundu.

Əminliklə deyə bilərəm ki, İctimai Şuraya  elə-belə adamlar seçilməyib. Şahlar Əsgərov, Etibar Əliyev, Ülviyə  Mikayılova və s. təhsil sahəsində öz sözünü deyən  namizədlər seçilib. Onların təklifləri ilə elmdə inkişaf  əldə edəcəyimizə inanıram. Bir həftə sonra keçiriləcək ilk iclasda şuranın sədri, sədr müavini, katibləri seçiləcək.

Təhsil sahəsində belə bir məsləhət şurasının yaradılmasına böyük ehtiyac var idi. Təkcə keçən il “Təhsil haqqında” Qanunda 60-dan artıq  dəyişiklərin edilməsi bu sahəyə göstərilən diqqətdən xəbər verir”.

“Seçilən üzvlərin hər birinin təhsil sahəsində, ictimaiyyətdə kifayət qədər nüfuza sahib olması seçkilərin şəffaf keçirilməsinin sübutudur”

Təhsil eksperti Etibar Əliyev də İctima Şuraya üzv seçilənlər arasındadır. Eksper seçkilərin şəffaf keçirildiyini qeyd edib:

“Təhsil nazirinin 11 iyul tarixli əmrinə əsasən, Təhsil Nazirliyi Yanında İctimai Şura yaradıldı.

4 sentyabr tarixindəki seçkilərə qədər bütün qaydalar şəffaf həyata keçirildi. İstər seçici, istərsə də namizədlik üçün çoxlu  müraciət var idi. Sonda 44 seçici və 34 namizəd səsvermədə iştirak etdiyi seçkilərdə 11 nəfər İctimai Şuraya üzv seçildi.

Seçilən üzvlərin hər birinin təhsil sahəsində, ictimaiyyətdə kifayət qədər nüfuza sahib olması da seçkilərin şəffaf keçirilməsinin sübutudur. Namizədlərin KİV-də, sosial şəbəkə səhifələrində özlərini hansı formada təqdim etmələri seçkilərdə də mühüm rol oynadı. Seçicilərdə namizəd haqqında kifayət qədər məlumat yaratdı.

Bu gün təhsilimizin müxtəlif sahələrində qloballaşan dünya ilə bağlı problemlərlə bağlı çox ciddi diskussiyalara ehtiyac var.  Məktəbəqədər təhsildən ali təhsilə qədər bütün mühüm məsələlərin müzakirə olunmasında Təhsil Nazirliyinin dəstəyi ilə yeni müstəvidə bir çox problemin həlli mümkün olacaq”.

“İctimaiyyət öz fikrini Təhsil Nazirliyinə şura vasitəsilə bildirəcək”

Təhsil eksperti, professor Şahlar Əsgərov açıqlaması zamanı yaradılan İctimai Şuranın əhəmiyyətindən danışıb. O bildirib ki, belə bir şuranın yaradılması təhsil tariximizdə ilk addımdır:

“Prezidentin ictimi iştirakçılıqla bağlı sərəncamında bütün nazirlik və təşkilatların  ictimaiyyətlə əlaqələrinin qurulması bildirilib. Bugünə qədər müxtəlif universitetlərin ictimai şuraları olsa da, bu, Təhsil Nazirliyinin tərkibində yaradılan ilk ictimai şuradır.

20 gün ərzində şuranın əsasnaməsi qəbul olunacaq və görüləcək işlər müəyyənləşəcək. İctimaiyyət öz fikrini şura vasitəsilə Təhsil Nazirliyinə bildirəcək və nazirlik də fəaliyyətində bu fikirləri nəzərə alacaq”.

“Məsləhət, məşvərət, monitorinq və qiymətləndirmə şuranın əsas vəsifələrinə daxildir”

Təhsil elmləri üzrə tədqiqatçı, pedaqoq Ülviyyə Mikayılova isə  İctimai Şuraya seçiləcəyini gözləmədiyini, bu hadisənin xoş sürpriz olduğunu bildirib.Ü.Mikayılova belə bir şuranın yaradılmasını yerində alımış bir addım hesab edir:

“Artıq bir neçə nazirlikdə ictimai şura yaradılıb. Təhsil Nazirliyi tərəfindən də belə bir addımın atılması çox sevindirici haldır. Bugün idarə orqanlarında ictimaiyyətin rolu böyükdür. İctimaiyyət öz sözünü bizim vasitəmizlə nazirliyə bildirə bilər.

Məsləhət, məşvərət, monitorinq və qiymətləndirmə şuranın əsas vəsifələrinə daxildir. Zənnimcə ictimaiyyətlə əlaqələr üçün də xüsusi mexanizm yaradılacaq”.

Qeyd edək ki, Təhsil Nazirliyi yanında İctimai Şura Təhsil naziri Ceyhun Bayramovun 11 iyul 2019-cu il tarixli əmrinə əsasən yaradılır. Şuranın yaradılmasında əsas məqsəd nazirliyin fəaliyyətində şəffaflığı artırmaq, eyni zamanda təhsil sahəsində ictimaiyyətlə qarşılıqlı fəaliyyəti gücləndirməkdir. İctimai Şuraya namizədliyə və seçici qismində iştirakla bağlı Təhsil Nazirliyinə (elektron qaydada və ya Vətəndaşların Qəbulu Mərkəzinə) 125-dən çox müraciət daxil olub.

Sənədləri qanunvericilikdə nəzərdə tutulmuş tələblərə uyğun olan 44 seçici və 34 namizəd rəsmi qeydiyyata alınıb. Həmin müraciətlər Təhsil Nazirliyinin və vətəndaş cəmiyyəti institutlarının nümayəndələrindən təşkil olunmuş Seçki Komissiyası tərəfindən yoxlanılıb. Komissiyaya Təhsil Nazirliyinin 4 və vətəndaş cəmiyyəti institutlarının 5 nümayəndəsi daxildir