XƏBƏRLƏR

06.08.2019 12:50
“Elm” nəşriyyatının yeni loqosu və şüarı müəyyənləşib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) “Elm” nəşriyyatının yeni loqosu və şüarı müəyyənləşib.

AMEA-dan  AzEdu.az-a  bildirilib ki, bu barədə “Elm” nəşriyyatının direktoru Səbuhi Qəhrəmanov məlumat verib. O bildirib ki, müəssisənin korporativ imicinin yenilənməsi istiqamətində işlər “AMEA-nın “Elm” nəşriyyatının fəaliyyətinin təkmilləşdirilməsi üzrə 2019-2020-ci illər üçün tədbirlər planı”na uyğun olaraq həyata keçirilir. “Elm” nəşriyyatının yeni loqosu elm və kitabın simvolik vəhdətindən ibarətdir. Loqo cəmiyyətin intellektual tərəqqisini təmin edən elmin dəyərli kitabların mütaliəsindən doğması fikrini özündə ehtiva edir. Nəşriyyatın şüarı isə “Elm – tərəqqiyə aparan yol”dur. Nəşriyyat bu yola işıq tutacaq fundamental, tətbiqi və eksperimental tədqiqatların nəticəsi olan sanballı akademik nəşrlərlə yanaşı, elmi geniş ictimaiyyətə çatdıracaq elmi-populyar ədəbiyyatların da nəşrini qarşısına məqsəd qoyub. Həmçinin müəssisənin işini müasir tələblər səviyyəsində qurmaq üçün kompleks tədbirlər həyata keçiriləcək.

İlin gənc müəllimi-Müraciət formu