Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-24 10:27:00
“İndiyədək 700 bal toplayan bütün tələbə və məzunlar araşdırılmalıdır, çünki...” –Yeni metodun şərhi

 2019-cu ildə qəbul imtahanları tamamilə yeni model üzrə, kurikulum standartlarının tətbiqi əsasında keçirildi.

Ən önəmli yeniliklərdən biri isə şagirddən məntiqi təfəkkür tələb edən tapşırıqların imtahan suallarına əlavə olunması oldu.

Qəbul imtahanlarında iştirak edən abituriyentlərin təəssüratlarına əsasən, onların daha çox çətinlik çəkdikləri məqam məhz bu tipli tapşırıqların cavablandırılmasıyla bağlıdır.

Bəlkə də bu səbəbdəndir ki, 2019-cu ildə keçirilən qəbul imtahanlarında heç bir abituriyent 700 bal toplaya bilmədi.

Cəmiyyətdə 700 bal gözləntisinin əsas səbəbi ötənilki qəbul imtahanlarında bu sayın rekord həddə - 29 nəfərə çatmasıyla əlaqədardır. Normal olaraq, keçən il 29 nəfərin 700 bal topladığını düşünən fərd, bu il heç bir abituriyentin bu nəticəni göstərməməsini “faciə” hesab edəcək.

Məsələyə yanaşma bir qədər fərqli olduğu kimi, onun kökündə dayanan və fundament rolunu oynayan səbəblər də fərqlidir.

Azərbaycanda 27 ildir ki, test sistemi tətbiq olunur. Qəbul imtahanlarında şagirdlərin biliyinin qiymətləndirilməsi də məhz test üsulu ilə həyata keçirilir. Yəni, şagird mövzunu kitabdan oxuyaraq mənimsəyir və buna əsasən də test nümunəsində qarşılaşdığı suala cavab tapa bilir.

Yeni modelə bir qədər dəyişiklər qatıb, məntiq və təfəkkür, mühakimə tələb edən tapşırıqlar əlavə ediləndə də hazırda gündəmdə olan məsələ:  “Niyə 700 bal toplayan yoxdur?” kimi suallar ortaya çıxır.  

Bəs illərdir, təhsil sahəsində çalışan mütəxəssislər bu haqda hansı fikirdədirlər?

Təhsil üzrə mütəxəssis Elxan Nəcəfov builki qəbul imtahanlarında 700 bal toplayan abituriyentin yoxluğunu əvvəlcədən ehtimal edilən məsələlərdən biri olduğunu bildirib:

“Qəbul imtahanlarında həm məzmun, həm də forma baxımından bir xeyli dəyişiklərin edilməsi bu ehtimalları gücləndirirdi. Əvvəlki müsahibələrdə də dediyim kimi, qəbul və buraxılış imtahanları ilə bağlı sınaq imtahanlarının az keçirilməsi abituriyentlərdə imtahan təcrübəsində müəyyən sıxıntılar yaratdı. Açıq sualların tətbiqi, qiymətləndirmədə yuvarlaq rəqəmlərdən  istifadə  şagirdlərə ən yüksək nəticəni əldə etməyə mane olan səbəblərdəndir.

Buna baxmayaraq, ölkə üzrə nəzərdə tutulan yüksək nəticələr müşahidə edildi. Builki 690-680 ballıq nəticələr ötənilki 700 ballıq nəticə ilə eynidir. Heç bir halda bu il 680 bal toplayan şagirdi keçən il 700 bal toplayan şagirddən zəif hesab edə bilmərik. Əksər abituriyent yeni model imtahanlardakı çətinliklərin öhdəsindən gələ bildi”.

Elxan Nəcəfov hesab edir ki, qəbul imtahanlarının modelində hər hansı dəyişiklik edilməzsə, növbəti illərdə 700 ballıq nəticələr müşahidə olunacaq:

“Hazırda 700 balın olmamasını şagirdlərin bilik səviyyəsinin aşağı düşməsi və ya onların dərslərini zəif mənimsəməsi ilə əlaqələndirmək olmaz. Məsələnin, kökünü sadəcə texniki problemlərdə axtara bilərik”.

Bakı Mühəndislik Universitetinin Riyaziyyat və İnformatika kafedrasının baş müəllimi Bəhman Məmmədov qəbul imtahanlarına düşən sualları araşdırdığını və buna əsasən bir nəticəyə gəldiyini qeyd edib:

“Tapşırıqlar standartlara uyğundur. Sadəcə, cüzi incəlik, əsas dəyişiklik imtahana açıq və situasiya tipli sualların əlavə olunmasıyla bağlıdır. Bu tapşırıqlarda şagirddən mühakimə, sintezetmə və ümumiləşdirmə bacarığı tələb olunur.  Bu da ilk ildir ki, tətbiq olunmağa başladı. İlklər isə hər zaman problemlidir. İlk olan hər şey çətinliklərlə üzləşir. 1992-cı ildə test sistemi tətbiq olundu, 700 ballıq nəticə isə 2007-ci ildə göstərildi. Testin təkmilləşib bu formaya gəlməsi 15 il alıbsa, yeni anadan olmuş situasiya tipli tapşırıqları cavablandırmaq üçün şagirdlərə lazım olan mühakimə, sintez bacarıqlarının da oturuşması üçün zaman lazımdır. 700 balın olmaması ciddi sıxıntı sayıla bilməz. Kurikulum Azərbaycana ilk dəfə gələndə hansı qaynaqlara müraciət edirsiniz edin, maksimum 100-150 sual tapa bilərdiniz. İndi isə hər mənbədə azı 2000-2500 sual var. Hazırki kitablarda situasiya tipli tapşırıqların sayı çox azdır. Rəqəmlər bir ilə, 100, iki ilə 200, 3 ilə 300 sual artacaq və şagirdlər müxtəlifliklər görüb müxtəlif düşünəcəklər”.

Bəhman Məmmədov yoxlama prosesi ilə bağlı bir neçə məsələyə də diqqət çəkib. Onun fikrinə görə, qiymətləndirmədə insan faktorunun olmaması daha məqsədəuyğun olardı:

“İnsan faktoru olan yoxlamada 0,5 bal belə olsa, subyektivlik rol oynaya bilir. Bu da testin etibarlılığını zəiflədə bilər. Lakin builki imtahanlarında 690-dan yuxarı bal toplayan abituriyentlərimiz var. Bu balın da mahiyyəti 700-lə eynidir. Əgər 600-ü və ya 650 balı keçən olmasaydı, o zaman deyə bilərdik ki, ciddi problem var. Şagirdlərin mühakimə yürütmə bacarıqları üzərində dayanmalıyıq, onları inkişaf etdirməliyik. 700 bal savad ölçmə mexanizmi deyil. Bu bal şagirdin dahi olduğunu göstərmir. 2007-ci ildən 2018-ci ilədək 700 bal toplayanları araşdırmaq, statistikasını çıxarmaq, onların hazırda nə işlə məşğul olduqlarını, balı toplayacaq zəkanı həyatlarına necə tətbiq etdiklərini öyrənmək vacibdir.

Əsas olan minimum balların müzakirə olunmasıdır. İmtahan verənlərin 20%-nin 600-ü keçməsi önəmli deyil, əsas olan 150 balı neçə şagirdin toplamasıdır. Cəmiyyətimizdə ən çox qarşılaşdığımız insanlar 150-200 balla ali məktəblərə qəbul olunan şəxslərdir. Bu problemi necə düzəltməli olduğumuzu düşünməliyik”.

Bəhman Məmmədovun və Elxan Nəcəfovun fikirlərindən ortaq məxrəcə gəlsək ortaya belə bir nəticə çıxır ki, cəmiyyətin böyük səbirsizliklə gözlədiyi 700 bal və bu balı toplayan şagirdlər növbəti illərdə müşahidə olunacaq.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları