XƏBƏRLƏR

15.07.2019 16:44
Rezidentura imtahanının nəticələri açıqlandı - Yenilənib

Dövlət İmtahan Mərkəzi iyulun 14-də 2019/2020-ci tədris ili üçün Azərbaycan Respublikasında baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidentura səviyyəsinə qəbul imtahanının II mərhələsini keçirib.

AzEdu.az xəbər verir ki, imtahan nəticələri 15 iyul saat 16:53-dən etibarən Mərkəzin internet saytında yerləşdirilib.

İmtahanda iştirak etmiş hər bir namizəd DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər.

Namizədlər imtahan nəticələri barədə məlumatı, həmçinin mobil telefonla  iş nömrələrini 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

İmtahanda iştirakı gözlənilən 447 namizədin hamısı imtahana gəlib. Namizədlərdən 351 nəfər müsabiqə şərtini (ixtisas fənləri üzrə topladığı test balı 50-dən, ümumi balı 90‑dan az olmayan) ödəyərək ixtisaslaşma seçiminə buraxılıb.

II mərhələ üzrə ən yüksək nəticə toplanıla biləcək maksimal 100 baldan 89 bal olub. Hər iki mərhələ üzrə ən yüksək nəticə isə toplanıla biləcək maksimal 200 baldan 173 bal olub.

Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi iyulun 16‑dan 22‑dək aparılacaq. Müsabiqə şərtini ödəyən namizədlər bu müddət ərzində elektron ərizələrinə daxil olaraq baza ali tibb təhsili üzrə uyğun (bitirdiyi fakültəyə müvafiq olan) ixtisasları  “Rezidentura” jurnalının 3-cü nömrəsində dərc olunmuş “Rezidenturaya qəbul aparılan ixtisaslar” bölümündən (səh. 5-7) seçib təsdiq etməlidirlər.

Nəzərinizə çatdırırıq ki, “Rezidentura” jurnalının 3-cü nömrəsində “Namizədin elektron ərizəsi”ndə ixtisasların seçimi və təsdiqi üçün təlimat, "Namizədin elektron ərizəsi"ndə ixtisas seçimi formasının nümunəsi, rezidenturaya qəbul aparılan ixtisaslar və onların plan yerləri də dərc edilib.

Bu nömrədə, həmçinin 2018-ci ildә rezidenturaya qәbul müsabiqәsindә klinik bazaların ixtisasları üzrә formalaşmış keçid balları, qəbul planının müqayisəli təhlili və namizədlər üçün tövsiyələr də təqdim olunub

****

16:30

Dövlət İmtahan Mərkəzi iyulun 14-də baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidenturaya qəbul imtahanının II mərhələsini (ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsini keçirib.

İmtahanlar saat 11:00-da başlanıb və 2 saat 30 dəqiqə davam edib.

Hazırda rezident olmaq istəyənləri maraqlandıran əsas məqam isə imtahan nəticələrinin nə vaxt bəlli olacağıdır.

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a verilən məlumata görə, bugündən etibarən imtahan materiallarının emalına başlanıb. Nəticələrin yaxın dəqiqələrdə açıqlanması gözlənilir.

Qeyd eədk ki, imtahan iştirakçılarının müraciətlərinə baxılması üçün Apellyasiya Komissiyası yaradılıb.

Komissiya Nəsimi rayonu, Ə.Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binasında) ünvanında fəaliyyət göstərəcək. Namizədlər Apellyasiya Komissiyasına iyulun 15-17-də saat 10:00-dan 17:00-dək şəxsiyyəti təsdiq edən sənədin əslini və surətini təqdim etməklə şəxsən müraciət edə bilərlər. 

Lamiyə Süleymanlı Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu