Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-04 14:54:29
“Gələn ildən 700 bal toplayanların sayı getdikcə artacaq” - Deputatdan nikbin proqnoz  

“Buraxılış imtahanlarında nəticələrin zəif olma səbəblərindən biri də dinləmə mətnləri ilə bağlıdır. Kənd məktəblərində lazımi şərait yoxdur. Abituriyent isə hər yerdə abituriyentdir. Bəzi ucqar kəndlərdə ümumiyyətlə, ingilis dili müəllimləri çatışmır. Ümumi nəticənin aşağı olmasının səbəbi də bunla bağlıdır”

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü, deputat Sona Əliyeva deyib. Onun sözlərinə görə, qəbul imtahanlarında 700 bal toplayanların olmaması yeni imtahan modelinin tətbiqi ilə bağlıdır:

“Şəhər müəllimləri mərkəzdə olduqları üçün proseslərdən daha ətraflı məlumatlıdırlar. Hər bir halda regionlarda yeni imtahan modelinin tətbiqi ilə bağlı həm şagird, həm müəllim kontingentinin təcrübə toplamağına ehtiyac var. Yaz qəbul imtahanlarında 700 bal toplayan bir abituriyentin belə olmaması şagirdlərin bilik səviyyəsinin aşağı olması ilə bağlı deyil.

Əvvəlki imtahan modelində sualların hamısı bu və digər formada təkrarlanırdı . Uşaqlar proqramlarla hazırlaşanda bu sistemi mənimsəmişdilər. Hazırki imtahanlarda müəllimlər tərəfindən individual qiymətləndirilmə də mövcud olduğu üçün bu da nəticələrə təsirsiz ötüşmür. Hər müəllim nə qədər meyarlara uyğun yoxlasa da, təlimatlara əməl etsə də, tələbkarlıq baxımından individualdır. Gələn ildən başlayaraq 700 bal toplayan uşaqların sayı getdikcə artacaq”.

Deputat qeyd edib ki, yeni modelin özünü doğrultmağı barədə əvvəlcədən proqnoz vermək mümkün deyil:

“Qəbul imtahanlarına açıq sualların əvəzinə məntiqdən test tapşırıqları əlavə etsəydilər, daha yaxşı olardı. Bu, ənənəvi sistemə nə qədər bənzəsə də, bütün dünyada istifadə olunan təcrübədir.

Buraxılış imtahanlarında nəticələrin zəif olma səbəblərindən biri də dinləmə mətnləri ilə bağlıdır. Kənd məktəblərində lazımi şərait yoxdur. Abituriyent isə hər yerdə abituriyentdir. Bəzi ucqar kəndlərdə ümumiyyətlə, ingilis dili müəllimləri çatışmır. Ümumi nəticənin aşağı olmasının səbəbi də bunla bağlıdır. Uşaqların ən çox səhv etdikləri suallar  xarici dil üzrə olub”.

 
 
Nəzrin Rüstəmova
Müəllifin digər yazıları