XƏBƏRLƏR

29.05.2019 16:14
Azyaşlı hansı hallarda  bağçadan xaric edilə bilər? – Vacib qaydalar  

Azyaşlıların məktəbəqədər təhsil müəssisələrinə qəbulu mütəmadi olaraq müzakirə mövzusudur. Çoxları dövlət bağçalarına azyaşlı qəbulunun çətinliyindən, orada yer olmamasındangileylənirlər.

Bəs, bağçalardan xaric olunmaq necə? Ümumiyyətlə, azyaşlı hansı hallarda məktəbəqədər təhsil müəssisəsindən xaric edilə bilər?

AzEdu.az bildirir ki, bu barədə məlumatlar “Məktəbəqədər tərbiyə müəssisələri haqqında”Əsasnamədə qeyd olunub.

Əsasnaməyə görə, azyaşlının bağçadan xaric edilməsi üçün müəyyən hallar mövcuddur.

Valideynlərin arzusu ilə, bağçada uşağın tərbiyə olmasına mane olan vəziyyət barədə tibbi rəy olarsa, azyaşlı üzrlü səbəb olmadan 1aydan artıq məktəbəqədər müəssisəyə gəlməzsə, valideyn haqqı müəyyən olunmuş müddətdən sonra 2 həftə ərzində ödənilməzsə, təhsil şurası azyaşlını dövlət bağçalarından xaric edə bilər.

Valideynlərə övladının xaric ediləcəyi haqqında 7 gün əvvəl məlumat verilməlidir. Bağlanmış müqavilədə əksini tapmadığı halda, valideynin iş yerinin dəyişməsi ilə əlaqədar uşaqların məktəbəqədər müəssisədən xaric edilməsi qəti qadağandır.

Qeyd edək ki, ölkəmizdəki bağçalar təsisçinin təsdiq etdiyi və Təhsil Nazirliyi tərəfindən qeydə alınmış nizamnamə əsasında fəaliyyət göstərirlər.

Lamiyə Süleymanlı Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu