Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-01 10:42:00
“Dini dərslərin tədrisi gecikmiş qərardı, amma gərək, mollalara tapşırılmasın” - Təhsil gündəmi  

Son günlər orta məktəblərdə dini dərslərin tədrisi müzakirə olunmaqdadır. Bəziləri bunun xurafata gətirib çıxaracağını düşünsə də, doğru addım hesab edənlər də az deyil.

“Bunu gecikmiş addım kimi qiymətləndirirərm”

Mövzu ilə bağlı AzEdu.az-a danışan AMEA-nın Elm Tarixi İnstitutunun əməkdaşı, ərəb dili mütəxəssisi, şərqşünas alim Ələddin Məlikov bu addımı  yüksək qiymətləndirdiyini bildirib.

Qeyd edib ki, onsuz da universitetlərdə tədris olunan Multikulturalizm fənnində dinlərlə tanışlıq da tədris olunur. Hətta bu fənn orta məktəbdə də olmalıdır:

“Açığı, bunu gecikmiş addım kimi qiymətləndirirərm. Cəmiyyətimizdə çox insan müsəlmandır. Onlara öz dinləri barədə məlumat verilməlidir ki, radikalizmə, dini cərəyanlara qoşulmasınlar.

Fikrimcə, burada dərslik əsas rol oynayır. Zatən  çoxumuz müsəlman olduğumuza görə, dini adət-ənənələrimizi yaxşı bilirik. İnanıram ki, heç bir problem olmayacaq.

İlahiyyat Universitetinin yaradılması da öz müsbət təsirini məhz burada göstərəcək”.

“Avropanın XIV-XVI əsrdə gördüyü işləri biz indi edirik”

Ağdam rayonu 91 nömrəli məktəbin direktoruNemət Rüstəmli isə bildirib ki, bu tip mövzular əvvəllər də Həyat bilgisi fənninin içində tədris olunurdu:

“Modern cəmiyyətdə yaşayırıq. Hərənin öz dini inanc və həyata baxışı var. Bu heç kimə məcburi öyrədilməyəcək. Mən dinin əleyhinə deyiləm, amma dindar da deyiləm. Hər kəsin fikrinə hörmətlə yanaşıram. Amma dünyanın kosmosa çıxdığı, LütfiZadənin Rafiq Əliyevlə Qeyri-səlis məntiq  nəzəriyyəsinin üzərində işlədiyi vaxtda orta məktəbdə dini dərs keçməklə qatara gecikmiş kimi oluruq. Avropanın XIV-XVI əsrdə gördüyü işləri biz görürük”.

Onun fikrincə,bu fənni tədris edən kadrlar mütləq ali təhsilli olmalıdırlar:

“Təriqət bölgüləri və dini cərəyanları təbliğ etmək olmaz. Quranın yalnız bir uşağın anlaya biləcəyi surələrini öyrətmək mümkündür. Çünki Quranda elə çətin, mübahisəli məsələlər var ki, o, uşağa izah olunmasa, əks effekt verə bilər. Buna görə də fənni Şərqşünaslıq fakültəsini bitirən elmli mütəxəssislərintədris etməsi daha yaxşı olardı. Quranda faydalı çox şey var. Bizdə isə Quran evin bir küncündə qalır. O, yalnız and içmək üçün istifadə olunur.

Bu fənləri mollalar deyil, əsl islamşünaslar, savadlı insanlar tədris etsələr, nəticəsi yaxşı olar. Əks halda, bizə çox da yaxşı birşey vəd etdiyini düşünmürəm”.

Rayonlarda dindar ailələrin sayının artdığını deyən direktor bunun səbəbini işsizlikdə görür:

“Uşaqlar bu fənnin tədrisinə hazır deyillər. Heç nizam-intizamı düzgün qurmaq olmur,qaldı ki, dini dərslərin tədrisi...

Quranda mülki ayələr, ailə prinsipləri ilə bağlı surələr var. Onlar tədrisi yaxşı olardı. Amma bütün bunları düzgün tədris edən o qədər savadlı dinşünasıhardan tapacağıq?!Bu, birbaşa şərqşünasların işidir. Rayonlarda bu işə axundlar cəlb olunacaqlar. Onlar isə elmdən deyil, möcüzələrdən danışacaqlar. Heç nə... Elm bizdən uzaqlaşdı... Bizə elmi faktlara istinad edənlər deyil, möcüzədanışanlar lazımdır. Nədənsə, buna qulaq asmağı xoşlayırıq”.

“Sovet dövründə hamımıza “Elmi ateizm” dərsi keçirilirdi”

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl isə bildirib ki, şagirdlər bununla neqativ istiqamətlərə meyillənməyəcəklər:

“Baxın, dinin təbliğ olunduğu İran camaatının özünün buna antipatiyası yaranıb. Dəfələrlə iranlıların bura gəlib, oruc tutan birini görən kimi, bu işlərdən bezməsini etiraf etməsinin şahidi olmuşam. Buna görə də uşaqlara dini tədrisin həm müsbət, həm də mənfi təsirlərini görürəm.

Nəticə dinin hansı formada tədrisindən asılıdır. Normal tədris olunub elementar bilgilər verilsə, pis təsiri olacağını düşünmürəm. Sovet dövründə hamımıza “Elmi ateizm” dərsi keçirilirdi. Amma biz ateist olmadıq. Dini dərslər də hamının dindar olacağı anlamına gəlmir. Onlar sadəcə məlumatlı olacaqlar”.

İlham İsmayılın fikrincə,dini dərsləri kiçik yaşlardan, həyat haqda rəy formalaşmamış keçmək lazımdır:

“16-17yaşlışagirdə dini təhsil verilsə, o, daha çox meyillənəcək. Çünki həyata baxışlarının formalaşdığı dövrdədir.

Təhlükəsizlik məsələləri isə onu tədris edən müəllim və proseslərin gedişindən  asılıdır. Bu prosesin radikallıq yaratdığını hiss etsələr, mənbəyi  axtarılacaq və dövlət bunun qarşısını alacaq”.

Qeyd edək ki, hazırda istifadə olunan “Həyat bilgisi” dərsliyində dini biliklərlə bağlı məlumatlar olsa da, təkmilləşdirilmiş variantda bu məlumatlar daha da genişləndirilib.

Təkmilləşdirilmiş yeni dərsliklərin sentyabrdan şagirdlərin istifadəsinə verilməsi nəzərdə tutulur.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları