Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-15 09:31:00
 “Bakıda yaranan bu elmi nəzəriyyədən bütün dünya faydalanır, lakin biz...” – Sosioloqun təəssüfü

2019-cu il 13-14 aprel tarixlərində Bakı şəhərində Pullman Bakı Otelinin “Auditorium” zalında “Kutvan Project Group”-un təşəbbüsü və təşkilatçılığı ilə “TRIZ Conference and Workshop 2019: The Inventive Method of Problem Solving” konfransı keçirilib.

Tədbirdə iş dünyasının, o cümlədən elmi cəmiyyətin nümayəndələri iştirak edib.

AzEdu.az xəbər verir ki, dünyanın müxtəlif ölkələrindən (ABŞ, İngiltərə, Hollandiya, İsrail, Türkiyə, Hindistan, Latviya, Rusiya) dəvət olunan TRIZ Masterlər və innovasiya sahəsində bir çox uğurlu layihələrə rəhbərlik etmiş mütəxəssislər 2 gün ərzində TRIZ (Теория Решения Изобретательских Задач) nəzəriyyəsi haqqında təqdimatlarla çıxış ediblər.

Lakin konfransın aktiv iştirakçılarından biri, sosioloq-alim Əhməd Qəşəmoğlu yerli mütəxəssislərin bu cür vacib elmi konfransa münasibətindən narazı qalıb:

“İndi dünyanın ən aparıcı böyük firmalarının diqqət mərkəzində olan, onlara hər il milyonlarla gəlir gətirən, onun köməyi ilə 40 mindən artıq patent alınan TRİZ (теория решения изобретательских задач) – ixtiraçılıq məsələlərinin həlli nəzəriyyəsi Bakıda, həmyerlimiz H. Altşuller tərəfindən yaradılıb.

13-14 Aprel  tarixlərində Bakı şəhərində türkiyəli professor Əli Kutvanın rəhbərlik etdiyi “Kutvan Project Group”-un təşəbbüsü və təşkilatçılığı ilə “TRIZ Workshop and Meet-Up 2019: Towards Sustainable Innovation” adlanan beynəlxalq konfrans keçirildi.

Konfransda dünyanın müxtəlif  ölkələrindən çox nüfuzlu TRİZ mütəxəssisləri olan məşhur alimlər-ixtiraçılar iştirak edirdi. Heyf ki, müxtəlif saytlarda, TV – də geniş məlumat verilsə də, əksər təşkilatlara məlumat göndərilsə də, yerli mütəxəssislərimiz, istehsalat rəhbərlərimiz bu konfransa demək olar ki, maraq göstərmədi. Halbuki, bu iki gündə istehsalatda elmin köməyi ilə yaradılan möcüzələrdən, onlara nail olma yollarından danışıldı. Azərbaycandan yalnız mənim “TRİZ nəzəriyyəsinin inkişafında Ahəngyoldan istifadə” mövzusunda qısa məruzəm dinlənildi.
Bakıda yaranmış bu nəzəriyyədən indi dünyanın ən qabaqcıl ölkələri xeyli faydalandığı halda bizim TRİZ - ə etinasız münasibətimizə çox təəssüf edirəm”.