Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-10 11:49:00
Ucqar kənd müəllimi: “İclasa girəndə valideynlər  üstümə “hücuma qalxıb”, dedilər ki....” – MÜSAHİBƏ

Babək Rzazadə: “Bəzi  valideynlər şikayətə gələndə sinif otaqlarının qapısını bağlayıb, içəridə otururuq ki, səs gəlməsin”

“Məktəbimizdəki yaşlı müəllimlər deyir ki, uşaqları texnologiyadan uzaqlaşdırmaq lazımdır, kompüterdə ingiliscə cizgi filmləri izləmək əvəzinə, qayda keçib, qrammatika öyrədin. Guya texnologiyanı uşaqlara yaxın buraxmaq olmazmış... Lakin belə olanda kurikulumdan əsər-əlamət qalmır, sistem sovet təhsilindən heç nə ilə fərqlənmir” – Kənd müəllimi

Mir Cəlal Paşayevin əsərdə öz qəhrəmanının dilindən dediyi kimi, doğrudan da kənd müəllimlərinin işi digərlərindən daha çətindir. Çünki onlar maarif işığı yandırmaqdan ötəri ta uzaq kəndlərimizə gedib, belə demək olarsa, sözün əsl mənasında mübarizə aparırlar.

“Gərək unutmasınlar ki, zəhmətkeş kəndlinin hörmətini qazanmaq birinci vəzifədir. Kəndli sizə inanmasa, nə sözünüzə məna verər, nə də ixtiyarınıza uşaq verər. Gərək onun qəlbinə girəsiniz, özünüzü sevdirəsiniz. O da nə ilə olar? Xoş rəftar ilə. Kəndlinin uşağına öz uşağın kimi bax! Təmiz, mərifətli, dərrakəli, təvazökar dolan! Müəllim kəndlinin əli qələmli dostudur. Kəndli ona həm uşaq tapşıracaq, həm məsləhət eləyəcək, həm də çoxlarına demədiyi dərdini deyəcək”. (red: “Nazik Mətləb”, səh:149)

İndi isə böyük yazıçımızın “Nazik Mətləb”indən, birbaşa öz mətləbimizə keçək:

AzEdu.az davamlı olaraq, respublikanın ucqar rayonlarının kəndlərində işləyən gənc müəllimləri elə onların öz dili sizə təqdim edir.

Budəfəki müsahibimiz Astara rayonunun Şahağacı kənd tam orta məktəbinin İngilis dili müəllimi Rzazadə Babəkdir.

Gənc müəllimin öz dilindən  DOSYE

-Mən Rzazadə Babək, Astara rayonu Şahağacı kənd tam orta məktəbində ingilis dili müəllimi işləyirəm. 2013-cü ildə Lənkəran Dövlət Universitetinin ingilis dili müəllimliyi ixtisasını bitirmişəm. Məzun olduqdan sonra Lerik rayonunun Molalan kəndində 2 il müəllim işləmişəm. Sonra magistr təhsili ilə əlaqədar işdən ayrılıb, UNEC-də ingilis dili bölməsində MBA (Master of Business Administration) ixtisası üzrə təhsilimi davam etdirmişəm. 2018-ci ildə MİQ imtahanlarında iştirak edərək yenidən müəllim kimi fəaliyyətə başlamışam. Hazırda bir məktəbdə müddətli, digərində isə müddətsiz müqavilə ilə çalışıram. Ümumiyyətlə, VII-XI siniflərə İngilis dili fənnini tədris edir, həmçinin, repetitor kimi fəaliyyət göstərirəm.

Ehtiyac duyulan yerdə olmaq

“Məhz bu səbəb məni həmin məktəbini seçməyə sövq etdi”.

-MİQ imtahanlarında iştirak edəndə, elə ən başından rayonda işləməyi planlaşdırmışdım. Düzdür, dostlar Bakıda qalmağım üçün çox təkid etdilər, amma valideynlərim, ən çox atam rayonda qalmağımı istəyirdi. Əvvəl özüm də sırf atamın istəyi ilə kəndə qayıtmalı olsam da, buna qətiyyən peşman olmadım. Çünki kənddə mənə daha çox ehtiyac var. Şəhərdə yaxşı müəllimlər çoxdur deyə, burada vicdanım o baxımdan daha rahatdı ki, ehtiyac duyulduğu yerdəyəm. Maraqlı bir məqamı da qeyd edim: vakansiya seçimi edərkən mənə hazırda müəllim işlədiyim kəndi yazmamağı məsləhət bildilər. Çünki sakinləri bütün mənalarda çox aktivdirlər, belə deyim: hər yer bir adəti ilə məşhur olduğu kimi Şahağacı da belə tanınırdı. Bu fikirlər, imtahan edilməyi çox sevirəm deyə, məni məhz bu kənd məktəbini seçməyim üçün daha çox sövq etdi. Açığı, xarakterimdə bir az tərslik var, kimsə filan şeyi etmə dedikdə məni daha çox maraq bürüyür.

Keçmişə səyahət – min bir arzu, min bir həvəs...

 “Anam indi zarafatla deyir ki, sənin ovaxtkı şagirdlərin universitetə qəbul oldular?”

-Hələ uşaqlıqdan müəllimlik peşəsini çox sevmişəm. Yadımdadır, şagird olanda evin bir otağında şkafı lövhə kimi istifadə edirdim. Özüm üçün “jurnal” tutub, orada siyahı ilə şagirdlərin adlarını qeyd edirdim. Günorta oxuduğum üçün, səhər durub “dərs keçir”, gəlməyənlərə qaib yazırdım və s.

Anam indi zarafatla deyir ki, sənin ovaxtkı şagirdlərin universitetə qəbul oldular?

Sözümün canı odur ki, şagirdlərə sevgi ilə yanaşmağa çalışdığım və bu peşəni çox sevdiyim üçün onlarda da mənə qarşı sevgi yaranır. Onlara şəxsiyyət kimi yanaşdığıma görə, qarşılıqlı anlaşa bilirik. Belə olanda artıq yaşlı müəllimlər də heç nə deyə bilmirlər. Görürlər ki, şagird nə vaxt yaxınlaşıb mənə sual versə, dəhlizdə, bufetdə, harada olur-olsun mütləq cavablandırır, izahını verirəm. Valideynlər bəzən gəlib təşəkkürlərini bildirirlər ki, uşaqlar dinləmə mətnlərinə alışdıqları üçün, artıq internetdə əvvəlki kimi başqa işlərlə məşğul deyillər. Məncə, valideynlərin bu cür razılığı bizi bəyənməyən müəllimlər üçün elə əsl cavabdır.

...Uşaq vaxtı müəllim obrazına girəndə evdəki yastıqları döyməkdən pis günə salmışdım. “Şagird” nə vaxt dərsini öyrənmirdisə, guya uşaq döyürmüş kimi yastıqları yumruqlayırdım. Düşünürəm, müəyyən qədər təsirdə idim. Elə bilirdim ki, müəllim sinfin ağası olmalı, əgər uşaq dərsə hazır deyilsə, onu döyməlidir. Ancaq özüm heç döyülməmişəm, çünki çalışqan və sakit şagird olmuşam. Elə bir xarakterim də var ki, söz götürməyi xoşlamıram. Hələ uşaqlıqdan kiminsə mənə əl qaldırması mənim üçün əsl faciə idi.

Yeni qaydalara gənc müəllimin gözü ilə baxış – fərqli metodlar

“Əvvəl işlədiyim məktəbdə uşaqlar ümumiyyətlə, internetdən xəbərsiz idilər”.

-Bizim məktəb proqramında (V-XI siniflər üzrə) xarici dil fənnindən “listening”lə bağlı heç bir məlumat yoxdur. İşimiz sadəcə, tapşırıq həll edib, yeni sözlər, mətn və qrammatika öyrənməkdən ibarətdir. Buna görə də birdən–birə dinləmə mətnlərinin qəbul proqramına salınması, xüsusilə, bölgədə təhsil alan uşaqlar üçün çox çətindir. Hələ magistr təhsili aldığım vaxtlarda müxtəlif kurslarda İngilis dili müəllimi kimi fəaliyyət göstərirdim. Orada danışıq dərsləri keçirdim və müşahidə edirdim ki, şəhərdə təhsilalanlar ingiliscəni bölgələrdəkilərdən daha yaxşı mənimsəyirlər. Buna səbəb onların texnologiyaya daha yaxın olmasıdır. Rayonda isə təəssüf ki, vəziyyət belə deyil. Əvvəl işlədiyim məktəbdə - Lerikdə uşaqlar ümumiyyətlə internetdən xəbərsiz idilər. Hazırda  çalışdığım kənd məktəbində isə ara-sıra  uşaqlara internetdən yararlanmaqla dərs keçmək imkanım olur.

Lerik məktəbində bu, mümkün deyildi. Ona görə uşaqların qəfildən qəbul imtahanlarında bu tip testlərlə tanış olmaları yaxşı hal deyil; lap elə savadlı şagirdlər də özlərini itirə bilərlər. Sınaq imtahanlarının qəbulda olduğu kimi,  buraxılış üçün də təşkili yerinə düşərdi. Nə qədər “asan suallar tərtib edilib” desələr də, yenə də oradakı həyəcanın tamam başqa şey olduğunu  nəzərə almaq lazımdır.

Özüm şagirdləri öyrətmək üçün əvvəlcə yutubdan ən sadə nümunələri - başlanğıc səviyyəli audiofaylları - yükləyib onlara dinlədirdim. Əvvəl bu mətnləri dinləyəndə çox qəribə qarşılayır, sanki, qorxurdular. Düzdür, məndən əvvəlki İngilis dili müəllimi də belə mətnləri səsləndirmişdi, amma uşaqlar çox da alışmamışdılar. Çünki görünür keçənilki qəbul proqramında dinləmə mətnləri olmadığı üçün müəllimlər çox da üstünə düşməyiblər.  Şagirdlər öncə yad kimi yanaşsalar da, indi az-maz öyrəşiblər. Artıq indi məsləhət etdiyim saytları izləyib, mətnlərə qulaq asırlar. Lakin düşünürəm, yutubdakı materiallarla kifayətlənmək olmaz, ona görə də, dərslikdə olan mətnləri özüm səsləndirir, ona uyğun testlər tərtib edirəm. Tutaq ki, DİM proqramında 3-ü açıq, 3-ü qapalı olmaqla 6 sual nəzərdə tutursa, mən də eynən o cür hazırlayıram.

Artıq yaşlı müəllimlər də bəzən gənc həmkarlardan dinləmə mətnləri istəyirlər. Yaşlı nəsil internetə çox da yaxın olmadıqlarından onlar üçün müəyyən çətinliklər olur və biz onlara bu istiqamətdə əlimizdən gəldiyi  qədər kömək edirik. Məktəb özü də uşaqlara dəstək olmağa çalışır, sınaq imtahanları təşkil edir və s. Amma təəssüf ki, məktəblərdə linqafon, disk, səsucaldıcı və s. bu kimi texniki avandanlıqlar yoxdur.

Özüm də müəllim olduğum üçün heç vaxt həmkarlarımı aşağılamaq, yaxud da nəsə bu cür fikir  səsləndirmək istəmirəm. Düzdür, müəllimlərimiz daha çox qrammatika, oxu və tərcümə üzərində çalışıb, özlərini o istiqamətdə inkişaf etdirib, danışıq və dinləmə bacarıqlarına diqqət etməyiblər. Məni universitetə hazırlaşdıran müəllimim çox savadlıdır, mənə qəbula uyğun olaraq, sırf qrammatikanı öyrədib.

Problemin kökü barədə

“Şagirdlər hələ ana dilindən dinləmə mətnləri ilə tanış olmadan niyə bu yeniliyi xarici dil fənninə edirlər?”

-Bu problemi kökü universitetlərimizdən qaynaqlanır. Yəni, İngilis dili müəllimi hazırlayan universitetlərdə də tələbələr tədrisi linqafonla öyrənmirlər. LDU region universiteti olsa da, maraqlanıram, heç Bakıda da - hətta Azərbaycan  Dillər Universitetində belə linqafondan istifadə etmirlər. Bu məsələ ən axırıncı planda saxlanılır.

Şagirdlər hələ ana dilindən dinləmə mətnləri ilə tanış olmadan niyə bu yeniliyi xarici dil fənninə tətbiq edirlər?! Əksinə, ilkin olaraq, Ana dili fənninə şamil olunsa idi, uşaqlar bunu bir dəfə gördükləri üçün onlara yad görünməyəcəkdi.

Dinləmə sualları zamanı şagirdlərin Ana dilində verilən mətndə qoyulan mövzuya münasibəti, məntiqi əsasları yoxlanacaqdı. Şagirdlər bəlkə ingiliscə də verilən tapşırıqların öhdəsindən gələ bilərlər, lakin onlarda inam yoxdur, bu məsələdə özgüvənləri çox aşağıdır. İstərdim, müəllimlər şagirdlərimizdə inam hissini artırsınlar. Onlara quru-quru “sən bunu bacaraqsan” deməklə yox, sinifdə imtahan keçirib, düzgün yazdırıb onlara sübut etmək: bax, sən bunu bacardın. Gərək uşaq özü şahidi olsun ki, mən 6 sualdan 3 və ya 4-nə düzgün cavab verə bildim. Bir şagirdim var, ağlamaq vəziyyətindədir ki, sualların heç birinə düzgün cavab verə bilməyəcəm. Mətnə qulaq asmaq istəmir, qorxa-qorxa dinləyir. Bir şeyi də qeyd edim, müəllimlər şagirdlərin yanında “listening” mətnlərinin çətin olduğunu deməməlidirlər.

Nəsillərin mübarizəsi - yaşlılarla gənc nəslin debatı

“Belə çıxır ki, mən şagirdə yalnız şeir əzbərlətdirməliyəm?!”

-Şagirdlərlə ingiliscə cizgi filmləri izlədikdə narazılıq edənlər çox olurdu: deyirdilər ki, guya dərsi yola verirəm. Amma hesab edirəm ki, belə təcrübələr uşağa ingilis dilindən daha çox şey öyrədir: həm dinləmə, həm də danışıq bacarığını inkişaf etdirir. Lakin məktəb daxilində buna boş bir şey baxır, müəllim kompüter gətirib uşağa mane olur düşüncəsi ilə yanaşırdılar. Yaşlı müəllimlər deyirdi ki, şagirdləri texnologiyadan uzaqlaşdırmaq lazımdı, onun əvəzinə qayda keçin, qrammatika öyrədin. Guya texnologiyanı uşaqlara yaxın buraxmaq olmazmış... Belə olanda kurikulumdan əsər-əlamət qalmır, sistem sovet təhsilindən heç nə ilə fərqlənmir. Belə çıxır ki, mən şagirdə yalnız şeir əzbərlətdirməliyəm?! Nəzərə almaq lazımdır ki, o cür dərs keçmiş olsam belə sabah imtahanda həmin mövzulardan suallar düşməyəcək. Yəni deməyim odur ki, bəzən hətta ziyalılarımız da etdiyim yeniliklərlə razılaşmır, fəaliyyətimi yanlış adlandırırlar.

Müəllim - valideyn – şagird üçbucağı

“Sonra valideynlər gəlib deyirlər ki, uşaq niyə yüksək qiymət ala bilmədi?”

Bəzən, gənc valideynlər - qadınlar gəlib elə sözlər işlədir, müəllimi elə qınayırlar ki! Halbuki, müəllim heç onun uşağına toxunmayıb da... Sanki başqa yerdə əsəbiləşərək, sonra da gəlib hirsini müəllimlərə tökürlər. Bəzən, elə valideynlər şikayətə gələndə sinif otaqlarının qapısını bağlayıb, içəridə otururuq ki, səs gəlməsin. Uşaqlar eşidib gülürlər ki, filan valideyn filan müəllimə belə dedi. Açığı, uşaqların yanında o vəziyyətə düşməyi özümə yaraşdırmaram. Düşünürəm ki, belə vəziyyət yaransa, şagirdlərin yanında hörmətim azalar. Yəni həmişə təkcə müəllimlər problemli deyil, çətin valideynlər də az deyil. “Mənim uşağım deməz”, “mənim uşağım qətiyyən belə hərəkət eləməz” və s. kimi sözlərlə özlərini aldadırlar.

Hazırlıq keçdiyim uşaqları küçədə görəndə deyirəm ki, sonuncu ilinizdir, gedin dərs oxuyun. Onların isə cavabı belə olur: 11-cilərik də. Mən izah edirəm ki, elə buraxılış sinfi olduğunuz üçün universitetə bu il sənəd verənlər də sizsiz. Buna görə məhz siz oxumalısız. Valideynsə baxmır ki, uşaq küçədə gəzir, sabah gəlib müəllimlərə deyir ki, uşaq niyə yüksək qiymət ala bilmədi? Daha bilmir ki, uşağı həmin dərs keçiriləndə heç sinifdə oturmayıb.

“Valideynlər ilk növbədə özlərini qınamalıdırlar ki, uşaq niyə evdə oturmur?”

-Deməli bir dəfə rüb sonunda qiymətləndirmə keçirəndə bir çox şagirdin qiyməti haqlı olaraq zəif çıxdı. Hələ qiymətləndirmədən əvvəl iclas keçirəndə də həmin şagirdlər barədə valideynlərinə məlumat vermişdim. Lakin heç vaxt “sizin övladınız heç nə bilmir”, “övladınızın bilik səviyyəsi sıfırdır” kimi cümlələr qurmuram. Valideyn bunu özü də dərk etməlidir ki, onun övladı nəyi bilir, nəyi yox. O da eynilə, övladına “sən niyə heç nə bilmirsən?” demək əvəzinə onu həvəsləndirməlidir.

...Qiymətləndirmədən sonra iclasa girəndə valideynlər sanki üstümə hücuma qalxdılar. Dedilər, Babək müəllim siz deyirdiniz ki, uşaq çalışsa, düzələcək, bəs necə oldu? Onlar elə bilirlər ki, mən valideynlərə deməliymişəm ki, övladlarınız sıfırdı, heç nə bilmir.

Valideynlər ilk növbədə özlərini qınamalıdırlar ki, uşaq niyə evdə oturmur? Uşaqlarına dərsə azca vaxt ayırmağı tapşıra bilməyib, hər şeyi müəllimdən tələb edirlər.

Tez verilən qərarlar, gözlənilən nəticələr...

“Təmayülləşmə olmayan məktəblərdə sağlam rəqabəti formalaşdırmaq çətin olur”

-Baxmayaraq ki, təmayül siniflərinin yaradılması çox yaxşıdır, lakin bəzi problemlər qaçılmazdır. İngilis dili fənnində belə hal çox da yaşanmır, çünki şagirdlər artıq buraxılış imtahanlarında xarici dildən imtahan verirlər. Coğrafiya, Fizika, Biologiya və bu kimi fənn müəllimləri isə bəzi problemlərlə tez-tez qarşılaşırlar. Seçdiyi ixtisas qrupunda həmin fənn olmayan şagirdlər dərsə qulaq asmır ki, mənə o fənn lazım deyil. Bu, həm qiymət davasına səbəb olur, həm də şagirdlər dərsdən yayınır. Hesab edirəm, əgər təmayül sinfidirsə, həmin siniflərə ixtisas qruplarında olmayan fənləri mümkün qədər az keçmək lazımdır. Çünki şagirdlər bu kimi fikirləri səsləndirməkdə tamamilə haqlıdırlar. Əslində, fiziki olaraq da bütün fənləri yaxşı oxumaq real səslənmir, uşaqları bu qədər yükləmək olmaz.

Təmayülləşmə olmayan məktəblərdə də ciddi problemlər yaranır. Misal üçün, sağlam rəqabəti formalaşdırmaq çətin olur. “Zəif” uşaqların bir araya toplanması ümumi nəticəyə ciddi təsir göstərir. Belə siniflərdəki şagirdlər kobud şəkildə desək, özlərini “atılmış” hesab edirlər. Belə bir düşüncə formalaşıb: biz qiymət ala bilməyib, zəif bal topladığımız üçün bir yerə yığışmışıq.

Belə uşaqlarda sanki bir az mənəvi uçurum yarandığı üçün düşünürəm ki, bu qərar Azərbaycan üçün tez verildi. Gərək yarana biləcək problemlərin həll yollarını tapıb sonra qərar qəbul edilərdi. Müəllimlərə də bəzən “biz sizdən yüksək nəticə tələb edə bilmərik, çünki bu siniflər təmayül sinfi deyil” kimi fikirlər müəllimlərdə anlamsız arxayınlıq yaradır. Təmayül proqramları digərlərindən müəyyən qədər fərqlənsə də, təkmilləşdirilməsinə mütləq ehtiyac var.

Müəllimlərin maaş məsələsi

“Bəzi müəllimlər haqlı olaraq düşünürlər ki, həmkarım işləmədən çox maaş alırsa, mənim əziyyətimə niyə qiymət verilmir?”

-Hazırda kənd yerində maaşım 500 manatdan yüksəkdirsə, bu, mənə stimul verir; kənd yeri  üçün yaxşıdı. Ümumiyyətlə, 2-3 il əvvəlki ilə müqayisədə maaş sistemi olduqca yaxşıdır.

Fikrimcə, sertifikasiyanın təsdiqlənib tətbiq olunması, əla nəticələnəcək. Ümidlə gözləyirəm ki, müəllimlər müvafiq kateqoriyalara ayrılacaqlar. Özümü demirəm, elə ətrafımdan görürəm ki, iki müəllimdən biri işinə can yandırır, çox işləyir, digəri isə az. Lakin maaş bərabər hesablanır, hətta dərs keçməyənin saatı daha çoxdur. Bu da işinin peşəkarı olan müəllimləri müəyyən qədər incidir. Haqlı olaraq düşünürlər ki, həmkarım işləmədən çox maaş alırsa, mənim əziyyətimə niyə qiymət verilmir?! Ümid edirik ki, 2-3 ildən sonra maaşlar daha da çoxalacaq. Yenə təkrar edirəm, çünki 2-3 il əvvəlki ilə müqayisədə indi daha yaxşı sistem qurulub.

Sertifikasiyada bildiyim qədərilə müəllimlər həm test, həm də müsahibə şəklində imtahan edilərək ən yaxşılar seçiləcək. Hər rayonda çox az sayda olmaqla ən yaxşı “A” kateqoriyası üzrə seçilən müəllimlər olacaq. Sonra isə B, C, D və s. müəyyən ballar üzrə, eynilə kurikuluma uyğunlaşdırılraq seçim aparılacaq. Sertifikasiya tətbiq olduğu halda, düşünürəm ki, müəllimlərin diaqnostik qiymətləndirilməsi ləğv ediləcək.

İllərin müqayisəsi – inkişaf edən təhsil sistemi

“Əvvəllər RTŞ-lərdə müəllimlərə qarşı hörmət ya yox idi, ya da çox aşağı səviyyədə idi”.

-Azərbaycanın təhsil sistemi yerində saymır, davamlı olaraq işləyir, inkişaf edir. Lakin bütün bunlara baxmayaraq, dəyişikliyə ehtiyac duyulan şeylər çoxdur. Bunun üçün zaman lazımdır, biz hələki başlanğıcdayıq. Ən çox gənc müəllimlərin həvəsləndirilməsi, təltif olunmaları və s. sübut edir ki, inkişaf dəqiq var. Hələ rayon təhsil şöbələrinə baxaq, əvvəllər RTŞ-lərdə müəllimlərə qarşı hörmət ya yox idi, ya da çox aşağı səviyyədə idi. İndi isə işləyən, əziyyət çəkən müəllimlərə hörmət edir, tədbir təşkil olunan kimi gənc və eyni zamanda həvəsli müəllimlər dəvət olunur, açıq dərsləri həmin müəllimlərdən istəyirlər və s. Getdikcə müəllimlərin maaşı daha da artsa və digər dediyim məsələlərdə də həvəsləndirici məqamlara tez-tez diqqət ayrılsa, təhsilimiz daha çox inkişaf edər.