Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-17 13:20:21
Uşaqların dərsə gecikməsinin qarşısını necə alaq? - MÜSAHİBƏ

Müəllimlər uşaqların dərsə gecikməsinə eyni münasibət bəsləyirmi? Təbii ki, yox. Bəzi müəllimlər şagirdlərin dərsə gecikməsinə etinasız yanaşır, bəziləri xəbərdarlıq və valideynlə söhbət aparmaqla kifayətlənir, digərləri də xroniki dərsə gecikənlərə qarşı ciddi tədbirlər görməyi zəruri hesab edir. Bu qeyd etdiyimiz tədbirlər fayda verirmi? Bəli verir, amma həmişə yox. Elə isə uşaqların dərsə gecikməsinin qarşısını almaqda həmişə, hamı üçün effektli olan üsul varmı?

AzEdu.az mövzunu ekspertlə müzakirə edib.


Müsahibimiz uzun müddətdir bizimlə əməkdaşlıq edən Bakı Dövlət Universitetinin dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru Əlimusa İbrahimovdur.


- Uşaqların dərsə gecikməsinə Sizin münasibətiniz və bu vəziyyətə qarşı effektiv hesab etdiyiniz metod nə ola bilər?


- Əlbəttə, Sizin bu mövzunu diqqət mərkəzində saxlamanız təqdirəlayiqdir və mütəmadi olaraq səhifələrinizdə bu barədə ekspert şərhləri ilə rastlaşırıq. Bu belə də olmalıdır. Çünki Sizin kimi təhsilin müxtəlif sahələrinə həsr olunan sayt bu fenomeni diqqətdən kənar saxlaya bilməz.


Mənim  şagirdlərin dərsə gecikməsinə münasibətimə gəlincə, bu, bütün müəllimlərin münasibəti  kimi mənfidir. Uşaqların dərsə gecikməsini qəbul edə və heç bir halda ona haqq qazandıra bilmirəm. Təbii ki, söhbət davamlı dərsə gecikən şagirdlərdən gedir. Hesab edirəm ki, biz pedaqoqlar uşaqların vaxtında - zəng vurulan kimi dərsdə iştirakını təmin edə bilməsək,  bizim keçəcəyimiz  dərsin keyfiyyəti artıq aşağı düşəcək.

Düşünürəm ki, dərs prosesinin uğurlu başlaması və bitməsi üçün şagirdlərin gecikmədən dərsdə iştirakını təmin etmək zəruridir. Bu həm də uşaqların tərbiyəsi, onların nizam-intizamı üçün vacib şərtdir. Təcrübə göstərir ki, orta məktəbdə davamlı dərsə gecikən şagird heç yaxşı tələbə də ola bilmir. Elə gecikə-gecikə universiteti bitirir və həyata atılır. Biz sonralar belə gənclərdən məsuliyyətli, işini, peşəsini dərindən bilən mütəxəssis görə biləcəyikmi? Düşünürəm ki, cavab mənfidir.

Təbii ki, mənim bir ali məktəb müəllimi və pedoqoq kimi müəyyən məsləhətlərim var. İlk növbədə müəllimlərin özləri uşaqların dərsə gecikməsinə mənfi münasibət bəsləməli, belə hallara qarşı mübarizə aparmağın vacibliyini bilməlidirlər. Müəllimlərimiz qəbul etməlidirlər ki, biz svadlı şagird, vətənpərvər ziyalı, məsuliyyətli mütəxəssis yetişdirmək istəyiriksə, ilk növbədə onların dərsə münasibətini dəyişmək lazımdır. Bugünkü şagird dərsə universitetə gedirmiş kimi gəlməli, parta arxasında özünü məsul bir vəzifədə işləyən kimi təsəvvür etməlidir. Biz bu təsvvürləri onlara aşılamalıyıq.

Sonra isə müəllimlərimiz dərsə gecikmə hallarına qarşı təkbaşına mübarizə aparmalı deyil. Digərlərinə də yardım üçün müraciət etməlidir. Valideyn, müəllim yoldaşı, məktəb direktoru, psixoloq, təhsil eksperti.., bütün bunlar pedoqoqlatrımızın müraciət edə biləcəyi vəzifə daşıyanlardır.

Eyni zamanda, müəllim nümunəsi burada əhəmiyyətli rol oynayır. O sinfə  birinci gəlməli və şagirdləri orada gözləməlidir. Dərsə gecikən müəllim heç vaxt şagirddən dərsə gec gəlməyi tələb edə bilməz.

Sonra da davamlı dərsə gecikən hər bir şagirdə individual yanaşmaq lazımdır. Çünki hər bir uşaq özünəməxsus bir dünyadır. Bu dünyanın daxilində baş verən təlatümlərə nüfuz etmək lazımdır. Uşaq nə qədər səmimi olub müəllimə problemini açarsa, ona o qədər tez yardım etmək mümkündür.

Təbii ki, uşaqlara dərsə gecikmənin dərs prosesinə mənfi təsir göstərməsini əyani şəkildə  başa salmağa çalışmaq lazımdır. Məsələn, dərsə gecikən bir şagirdlə elə dərs prosesində  20-25 dəqiqəlik proflaktiki söhbət aparılır. Dərs bitəndə isə həmin 20-25 dəqiqə tənəffüs hesabına əvəz olunur və ya başqa vaxta keçirilir. Bu zaman uşaqlara izah olunur ki, “sizin dərsə gecikməniz bizim dərs proqramını yerinə yetirə bilmədiyimizə  səbəb oldu”.

Bunlar müsahibimizin dərslərə gecikən uşaqlarla bağlı gördüyü və məsləhət bildiyi tədbirlərdir. Bəs Siz necə düşünürsünüz? Sizin bu sahədə müraciət etdiyiniz üsul və metodlar hansılardır?

Bizə yazın.