Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-08 08:41:00
Bir neçə ailəni qovuşduran direktor: “Şagird  evində demədiyi sirri psixoloqumuza danışır” - Müsahibə

 

Sevda Qocayeva: “Mentalitet valideynlərdə “şagird mütləq repetitor yanına getməlidir” fikrini formalaşdırıb”

“Əvvəl müəllimə münasibət itaət xarakterli idi. Onun ağzından çıxan söz Quran ayəsi kimi qəbul olunurdu. İndi isə qarşılıqlı hörmət var. Şagird sərbəst şəkildə müəllimə fikrini deyə, haqlı iradını bildirə bilir”.

 Sevda Qocayeva təhsil mühitinə hələ 1975-ci ildə müəllim kimi gəlib. 1988-ci ildə 264№-li məktəb-liseydə fəaliyyətini müəllim kimi davam etdirən Sevda xanım 1993-cü ildə həmin məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini, 2000-ci ildən isə direktoru vəzifəsində çalışır.

 Məktəbdə keçirdiyi illərin onu xeyli təkmilləşdirdiyini düşünür:

 “Kənardan asan görünsə də, direktorluq çox çətin vəzifədir. Təcrübə, savad, insanlarla ünsiyyət qurmaq bacarığı tələb edir. Bu baxımdan, illərimin hədər getmədiyini düşünürəm”.

 AzEdu.az Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə ortaq həyata keçirdiyi “Məktəb rəhbəri” layihəsi çərçivəsində direktorlarla silsilə müsahibələri davam etdirir.

 Bir məktəb haqqında qısa dosye

 Budəfəki həmsöhbətimiz - Sevda xanım müsahibəyə rəhbərlik etdiyi məktəb barədə qısa məlumatla başlayır:

 “Məktəbdə 1819 şagirdin təlim–tərbiyə və tədrisi ilə 123 müəllim məşğul olur. Bütün müəllimlərin diaqnostik qiymətləndirmədən keçiblər. Məktəbin  binası isə 2015-ci ildə əsaslı təmir olunub.

 Özümüzdən tam razı qalmasaq da, nəticələrimiz qənaətbəxşdir. Respublikanın 50 yaxşı məktəbi arasındayıq. Hər il 7-8 şagirdimiz 600 baldan yuxarı nəticə əldə edir.

 Əlavə olaraq...

 Məktəbimizdə təmayül sinifləri fəaliyyət göstərir. Müxtəlif layihə və müsabiqələrdə fəal iştirak edirik. XI sinif şagirdimiz “Sabahın alimləri” müsabiqəsində Fizika üzrə II yeri tutub. Fənn müsabiqələrində də aktivliyimiz hiss olunur. Müəllimlərimiz heç bir müsabiqə və təhsillə bağlı yeni layihələrdən kənarda qalmırlar.

 Məktəbdəki yeniliklərdən biri də “Rəqəmsal bacarıqlar” pilot layihəsinə qoşulmağımız oldu. Azərbaycanda bu layihəyə qoşulan 52 məktəbdən biriyik. Şagirdlərimiz rəqəmsal bacarıqlardan vaxt öldürmək üçün deyil, daha səmərəli məqsədlər üçün istifadə edirlər”.

“Valideyn özünün ən dəyərli varlığını bizə etibar edir”

 -Məktəb idarəçiliyində  diqqət etdiyiniz əsas məqamlar hansılardır?

 -1819 şagird... Təsəvvür edin, bu qədər məktəblinin arxasında atalar, analar, qayğıkeş nənə və babalar dururlar. Həmişə müəllimlərə deyirəm ki, yalnız uşaqlarla deyil, böyüklərlə də təmasda olmalı, qayğı göstərməlisiniz.

 Məktəbin işinin belə geniş kollektivlə sahmanda getməsi üçün öncə nizam–intizam yaradılmalıdır. Bu, rəhbərlikdən asılıdır. Vaxtında işə gəlmək, dərslərin başlanmasına, müəllimlərin işə gecikməməsinə, şagirdlərin xarici görünüşünə nəzarət və s. kimi xırdalıqlara görə direktor məsuliyyət daşıyır. Şəxsən mən səhər 07:20-də artıq məktəbdə oluram. Şagirdlərin məktəb binasına girişinə şəxsən özüm iştirak edib, hər şeyə nəzarət edirəm. Belə olduqda məktəbdəki əhval-ruhiyyədən də xəbərdar oluram.

 Dərs başlandıqdan sonra məktəbə baxış keçirib, dərs proseslərinə nəzarət edirəm. Yeməkxanaya, idman zalına, kitabxanaya, sanitar qovşaqlarına qədər hər yerə baş çəkir, təmizliyə nəzarət edirəm. Daha sonra davamiyyət yoxlanılır və şagirdlərin dərs buraxma səbəblərini araşdırılır, sinif rəhbəri ilə söhbətlər aparılır.

 Hər bir şagirdi nəzarətimdə saxlamağa çalışıram. Bu işi tək deyil, təcrübəli müavinlərimin köməyi ilə görürəm. Məktəbin normal fəaliyyət göstərməsi üçün bir-biri ilə sıx əlaqədə olan komanda mütləqdir.

 Valideynləri də diqqətdə saxlamağa çalışıram. Bu tədris ilində BŞTİ-nin təşəbbüsü ilə məktəbimizdə “Valideynlərlə bir gün” layihəsi keçirildi. Fevralın 15-də 23 sinifdə açıq dərs təşkil etdik. Valideynlər dərslərdə iştirak imkanı qazandılar. Onların arzu və təkliflərini dinlədik. Bilirsiniz ki, əksər valideynlər işləyir və beləliklə də məktəb həyatından dərin məlumatlı deyillər. Bu görüşdən sonra onların məktəb təəssüratları xeyli dəyişdi. Valideyn özünün ən dəyərli varlığını bizə etibar edir. Onlara laqeyd yanaşmağımız, qeyri-ciddi münasibət bəsləməyimiz qəbahət olar.

 Məktəbdə nizam–intizamın yaxşı olmasında psixoloji xidmətin də böyük rolu var. Məktəbimizdə peşəsini dərindən bilən, Bakı Dövlət Universitetini psixologiya ixtisası üzrə bitirən mütəxəssis çalışır. İşini elə peşəkar bilir ki, bəzən valideynlər də övladlarının keçid dövründə ona müraciət edirlər. Hər bir şagird psixoloqumuz Sevinc xanımın ikinci mərtəbədə otağının olduğunu bilir. Özüm dəfələrlə şahidi olmuşam ki, məktəbli dərsdən icazə alıb, könüllü olaraq psixoloqla danışmağa gəlir. O, ailəsinə etibar etmədiyi sirri gəlib, həmin otaqda danışır, məsləhət alır və rahatlaşır.

 İllərdir ki, bu vəzifəni icra edirəm. Səmimi deyim ki, son illərdə məktəbdə işləmək xüsusilə maraqlı olub. Yeni layihə, müsabiqələr həyata keçirilir. Bu, şagirdləri yalnız dərs oxumaqla məhdudlaşmağa imkan vermir.

 -Pedaqoji mühitə 1975-ci ildə gəlmisiniz. O dövrdə olan, hələ də qorunub saxlanmasını istədiyiniz təhsil ənənələri hansılardır?

 -İndiki dövrdə şagirdlərimiz daha açıqfikirli, daha maraqlıdırlar. 1988-ci illərdən məktəbdə nizam-intizamı qorumuşuq. Müəllim–şagird münasibətləri hər zaman tənzimlənib. Şagirdin müəllimə hörməti eynidir. Amma müəllim etikası hər zaman  ön planda olmalıdır. Etikanı gözləməyən müəllim heç vaxt nüfuza malik ola bilməz. Həmişə müəllimlərə tövsiyə edirəm ki, şagirdlərlə rəftarlarında hər sözlərinə nəzarət etsinlər. Nəinki söz, müəllimin xarici görünüşü belə, şagird üçün önəmlidir. Bu ənənələr 1980-ci illərdən bugünəcən inkişaf edir. Yəqin, buna görə də məktəbimiz yaşadığımız ərazidə sayılıb-seçilən təhsil müəssisələrindəndir.

 Əvvəl müəllimə münasibət itaət xarakterli idi. Onun ağzından çıxan söz Quran ayəsi kimi qəbul olunurdu. İndi isə qarşılıqlı hörmət var. Şagird sərbəst şəkildə müəllimə fikrini deyib, haqlı iradını bildirə bilir.

 -Az öncə təmayül siniflər barədə məlumat verdiniz. Təmayülləşmənin gələcəkdəki müsbət nəticəsini öncədən təhlil etmənizi istərdik...

 -Təmayül sinifləri çox yüksək qiymətləndirirəm. Çünki şagird X sinifdən qəbul imtahanına hazırlaşmağa başlayır. Fənlərin çoxluğunu nəzərə alsaq, indiki şagirdlər çox yüklənirlər. Bəzən, heç bu qədər fənnin öhdəsindən gələ də bilmirlər. Bəzi fənlərin ona universitetə daxil olmaq yolunda  çox da lazım olmadığını düşünüb, seçdiyi ixtisas qrupundakı fənlərə daha çox üstünlük verir.

 Təmayül siniflərinin olması bu mövzunu aradan qaldırıb. Tədrisdə təmayül qrupuna daxil olan fənlərə üstünlük verilir. Şagird həmin fənlərə dərindən hazırlaşmış olur. Yalnız bütün təmayüllərdə Fiziki tərbiyə, Gənclərin çağırışaqədərki hazırlığı, Azərbaycan tarixi, Rus bölməsində isə Azərbaycan dili dövlət dili kimi mütləq şəkildə tədris olunur.

 “Mentalitet valideynlərdə “şagird mütləq repetitor yanına getməlidir” fikrini formalaşdırıb”

 -Sizcə, təmayülləşmə repetitorluq sistemini sıradan çıxara bilərmi?

 -Bilirsiniz, burada mentalitet anlayışı var. Azərbaycan mentaliteti valideynlərdə “şagird mütləq repetitor yanına getməlidir” fikrini formalaşdırıb. Amma təmayülləşmə bunun qarşısını almaqdadır. Çünki təmayül qruplarına daxil olan fənlərin tədrisi təcrübəli müəllimlərə həvalə edilib.

 Təmayülləşmə X sinifdən başlanır. Artıq IX sinif başlayanda valideyn və şagirdlərlə müzakirə aparıb, seçimi onların ixtiyarına buraxırıq. Şagird IX sinifdən öz təmayülünü müəyyənləşdirməlidir. Şagird nadir hallarda seçdiyi təmayül sinfini sonradan dəyişmək qərarına gəlir. Belə məktəblinin ərizəsini alır, təmayülünü dəyişməsinə şərait yaradırıq. Amma belə hallar kütləvi şəkildə baş vermir.

 -Belə aydın olur ki, şagird təmayülünü seçərkən valideyninin də fikri nəzərə alınır. Bəs, siz Azərbaycan valideyninin düşüncə və yanaşmasında övladına qarşı hansı yanlışların şahidi olmusunuz?

 -Bu, yenə də mentalitetə bağlanır. Valideyn xüsusilə də oğul övladının ona kortəbii tabe olmasını istəyir. Amma gəlin, zamanı, indiki dövrün tələblərini də nəzərə alaq. Axı, şagirdlər çox məlumatlıdırlar. Belə olanda valideyn-övlad münasibətləri korlanır. Sinif rəhbərləri ilə birgə valideyn iclasları, fərdi görüşlərdə bunun çox şahidi oluram. Sinif rəhbəri, psixoloq, lazım gəldikdə rəhbər səviyyəsində bu işlə ciddi məşğul oluruq. İş günüm başlayan andan qapım bütün valideynlərə açıqdır. Hansısa valideynin övladı ilə bağlı narahatlıq keçirməsini istəmərəm.

 Üstəlik, nəzərə alaq ki, məktəbin təcrübəsi daha böyükdür. Valideyn 1-2 uşaq tərbiyə edirsə, biz bu işlə kütləvi şəkildə məşğul oluruq. Ona görə də bəzi valideynlər məktəbə məsləhət almağa gəlirlər.

 İndi məktəbin azyaşlı şagirdlərinin çoxu bizim nəvələrimizdir. Məzunlarımız öz övladlarını elə bu məktəbə qoyurlar. Hətta bir çox müəllimlərimiz də buranın məzunu olublar.

 “Bir neçə ailənin qovuşmasına nail olmuşam”

 -Bəs, uğursuz ailələrlə necə? Nə kimi söhbətlər aparırsınız?

 -Bir neçə ailənin qovuşmasına nail olmuşam. Cavan ailələr bəzən səbirsizlik nümayiş etdirirlər. Övladlarını düşünmür, məsələdə öz şəxsi mənafeləri üstün tutub, ayrılmaq qərarına gəlirlər. İnanın, bu, şagirdə xüsusilə oğlan uşaqlarına mənfi təsir göstərir. Onlar özlərinə qapanır, dərslərində zəifləyir, sinif yoldaşları ilə ünsiyyətdən qaçırlar. Bu səbəbdən, valideynləri ayrı-ayrılıqda dəvət edib onlarla söhbət aparır, psixoloji yardım təşkil edirik.

 -Sizcə, Azərbaycan orta təhsil sistemində məktəblərin inkişafına yol açan rəqabətli mühit formalaşıbmı?

 -Əlbəttə! Rəqabət hər işdə olmalıdır. Amma sağlam rəqabətin olması daha vacibdir. Sağlam rəqabət sinif daxilində də, məktəb çərçivəsində də, məktəblər arasında da olmalıdır.

 -Hazırda şagirdlərin özünüifadə bacarıqlarını necə dəyərləndirirsiz? Onun inkişafına mane olan əsas amillər hansılardır?

 -Bunun üçün məktəblinin nitqini inkişaf etdirmək lazımdır. Özünüifadə şagirdin bədii qiraətə maraqlarından formalaşır. Ədəbiyyat müəllimlərinin öhdəsinə böyük iş düşür. Onlar bədii qiraətə, klassik irsimizin öyrənilməsinə maraq yaratmalıdırlar.

Məsələn, bildiyimiz kimi artıq şagirdlər yay tətilinə çıxıblar. Bununla əlaqədar mən Azərbaycan dili və Ədəbiyyat müəllimlərindən şagirdlərə hər sinif üzrə oxunacaq kitab siyahısı vermələrini tələb etdim.

Hər il olduğu kimi bu ildə Azərbaycan dili və ədəbiyyat müəllimləri hər sinif üzrə şagirdlərə yayda oxunacaq kitabların siyahısını veriblər. Şagird bilir ki, tətildən sonra həmin kitabların müzakirəsi keçiriləcək. Buna görə də istər – istəməz şagird mütaliə edir.

 “Hər kəs bilir ki, zəif işləsə və kollektivdən geri qalsa, adı mütləq hallanacaq”

 -Direktor olaraq müəllimlərdən gözləntiləriniz, tələbləriniz barədə danışdınız. Bəs, müəllimlər necə? Adətən direktordan gözləntilərində nə dərəcədə ədalətli olurlar?

 -20 ilə yaxındır, bu kollektivə rəhbərlik edirəm. Burada müəllim bilir ki, ən çətin anında rəhbərlik ona dayaqdır. Eyni zamanda da iş işdir. Tələbkarlıq iş mühitində qəbul olunmuş reallıqdır. İşdən başqa bir yerdə əylənə də bilərik, amma bura işdir. Demokratik şəraitdə idarəetmənin tərəfdarıyam.

 Müəllimin çatışmazlığı varsa, irad bildirilir və o, bundan nəticə çıxararaq səhvlərini düzəltməyə çalışır. Bütün məsələlər Pedaqoji Şurada müzakirə olunur.

 

-Son olaraq, layihənin qonağı olan bütün məktəb rəhbərlərinə verdiyimiz sual: - Direktorlara daha hansı səlahiyyətlərin verilməsini istərdiniz?

 -Əksinə. Məsələn, I siniflərə şagird qəbulunun direktorun səlahiyyətindən çıxarılaraq elektron qaydada aparılması işimizi xeyli asanlaşdırıb. İlin əvvəlində məktəbə gələn valideynlər çox olurdu, direktor bunu tənzimləməyə çətinlik çəkirdi. İndi elektronlaşma işimizi yüngülləşdirib. Məktəbi də, müəllimi də valideynlər özləri seçirlər.

 Müəllimlərin işə qəbulu da belə proseslərdəndir. Mərkəzləşdirilmiş qaydada müəllimlərin işə qəbulu məktəbə daha savadlı, təcrübəli müəllimlərin gəlməsinə səbəb olub.

 Ümidvaram ki, yeni dərs ilində müəllimlər daha yüksək əhval–ruhiyyə ilə işləyəcəklər. Möhtərəm Prezidentin əmək haqqının artırılması barədə sərəncamı kollektivin bütün üzvlərinin ürəyincə olub, onlara stimul verdi.

 

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları