Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-28 12:09:34
Universitet sözçülərinin 2018-ci ildə razı və narazı qaldıqları KİV-lər-  “Xırda məsələni şouya çevirirlər”  

Ali təhsil müəssisələriylə bağlı xəbərlərin ictimaiyyətə düzgün və vaxtında çatdırılmasında mətbuat katibləri böyük rol oynayırlar.

Onlar  jurnalistlərlə mütəmadi əlaqədə olur, sualları cavablandırmağa çalışırlar.

Bəs, geridə qoymaqda olduğumuz 2018-ci ildə universitetlərin mətbuat katibləri hansı media qurumlarının fəaliyyətindən razı, hansılardan narazı qalıblar?

AzEdu.az bu sualla Azərbaycanda fəaliyyət göstərən bir neçə ali təhsil müəssisəsinin mətbuat katiblərinə müraciət edib.

Bakı Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova media nümayəndələri ilə əməkdaşlıqdan razı olduğunu vurğulayıb:

“Xoş münasibətin qarşılıqlı olduğunu düşünürəm. Bu günlərdə təhsildən yazan jurnalistlərlə keçirilən sorğuda onların Bakı Dövlət Universitetinin Mətbuat və İnformasiya şöbəsinin işindən razılıq etmələri etimadlarını doğrultduğumuz anlamına gəlir. Yaratdığınız fürsətdən istifadə edərək, Bakı Dövlət Universitetinin fəaliyyətini işıqlandıran jurnalistlərimizi, o cümlədən “Azedu.az” ailəsini qarşıdan gələn bayramlar münasibətilə təbrik edirəm! Qələmizin hər zaman iti olsun!”

Azərbaycan Dövlət İqtisad Universitetinin mətbuat xidmətinin rəhbəri Cavid Xəlilov isə əməkdaşlıq etdiyi media qurumlarına təşəkkürünü bildirib:

"UNEC ölkə və ölkə xaricindəki media qurumları ilə əməkdaşlıq edir. Burada tədris keyfiyyətinin daha da artırılması, elektron universitet modelinin tətbiqinin daha da dərinləşməsi və s. istiqamətlərdə yenilikləri geniş ictimaiyyətə çatdırdığına görə, bütün tərəfdaşlarımıza, dostlarımıza, xüsusilə də AzEdu.az təhsil portalına təşəkkür edirəm".

Azərbaycan Tibb Universitetinin mətbuat katibi Günel Aslanovanın narazı qaldığı media qurumu yoxdur:

“Bizə hansı qurum müraciət edirsə, maksimum dərəcədə sualları cavablandırmağa çalışıram. ATU-nu diqqətə alan, daim xəbərlərimizi işıqlandıran bütün media qurumlarına təşəkkür edirəm. Bundan sonra da çalışacağıq ki, onlara köməklik edək. Bəzən, kimsə zəng edib hansısa məlumatı eşitdiyini, dəqiq olduğunu söyləyir. Araşdırıb görürəm ki, heç ortada bu cür hadisə yox imiş. Belə hallar yaşansa da, hansısa media qurumundan və ya jurnalistdən narazıyam deməzdim”.

Azərbaycan Texniki Universitetinin mətbuat katibi Nicat Abdullayev 2018-ci ilin xeyli uğurlu  olduğunu qeyd edib:

“Yeni həmkarlarla tanışlıq və bu tanışlıqları peşəkar əməkdaşlıq sferasına daşımaq baxımından, bu il, sanki daha məhsuldar oldu. Azərbaycan Texniki Universiteti il boyu media monitorinq nəticələrində IV, V yerlərdə olub. Təbii ki, bizim hədəfimiz ilk olmaqdır. Lakin nəzərə alsaq ki, ölkədə təxminən 50 ali təhsil müəssisəsi var, mövcud yerimiz də yaxşı hesab olunmalıdır. Bu uğur Azərbaycan Texniki Universitetinin İctimaiyyətlə Əlaqələr  Şöbəsinin fəaliyyəti ilə yanaşı, universitetimizin dostu olan həmkarlarımın, KİV-lərin də əməyinin nəticəsidir. Bu işlərdə bizə yaxından köməklik göstərən KİV-lərdən "Azedu.az", "Olaylar", "Modern.az", "Azərtac", "Kaspi", "Teleqraf", "Oxu.az", "Azərbaycan müəllimi" və adını çəkmədiyim digər media qurumlarını göstərmək olar.

Nicat Abdullayev Azərbaycan Texniki Universitetinin hansısa KİV-dən xüsusi narazılığının olmadığını söyləyib:

“Bəzən həmkarlarımız operativliyin xatirinə professionallığı unudurlar. Düşünürəm ki, bu da narazılıq üçün böyük səbəb deyil. Açığı, bayram ərəfəsində bütün incikliklərimizi unutmuşuq. Bütün həmkarlarımı Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə ürəkdən təbrik edirəm!”

Azərbaycan Dillər Universitetinin mətbuat katibi Ağa Cəfərli mətbuatda narazı qaldığı bir məqamın olduğunu diqqətə çatdırıb:

“Bəzi hallarda bir-iki sayt hansısa məqaləni qarşı tərəfin mövqeyi olmadan verib. Bu irad sayt rəhbərliyinə çatdırılıb və anlaşılmazlıq aradan qalxıb. Düzü, narazı qaldığım başqa məqam olmayıb. Razı olduğum mətbu orqanlara gəldikdə, bu siyahı genişdir. “525-ci” qəzetə, "Palitra", “Ədalət”, İki sahil, “Səs”, “Yeni Azərbaycan”, “Azərbaycan”, “Respublika” qəzetlərinə xüsusi təşəkkür etmək istəyirəm. Bu qəzetlər hər zaman və heç bir təmənna güdmədən fəaliyyətimizi diqqətdə saxlayıb, işıqlandırıblar. Azərbaycan Dövlət İnformasiya Agentliyi-“Azərtac”a da xüsusi minnətdarlığımız var. “AzEdu.az”, “Axar.az”, “Moderator.az”, “Modern.az”, “Unikal.org”, “Faktor.az”, “Metbuat.az”, “Report.az”, “Trend.az”,“Parafr.az”, “Salamnews.org”, “Azadinform.az”, “Cebhe.info”, “Manera.az”, “a24.az”, “Aznews.az”saytlarına xüsusi təşəkkür edirik. Həmişə tədirlərimizi yüksək səviyyədə işıqlandıran Azərbaycan Dövlət Televziyasına və İctimai Televiziyaya da təşəkkür düşür”.

Bakı Mühəndislik Universitetinin mətbuat katibi Rəcəb Rzayev bütün media qurumlarından razıdır:

“1992-ci ildən mətbuatdayam və şükürlər olsun ki, bütün media qurumlarından və jurnalistlərdən razıyam”.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Bəhruz Nəzərov bir sıra media qurumlarının fəaliyyətini xüsusilə bəyəndiyini deyib:

“Qafqaz.info”, “Səs”, “Azərbaycan müəllimi”, “Respublika” qəzetləri, “Azedu.az”, “Gündəlik teleqraf”, “Moderator.az” saytlarıyla sıx əməkdaşlıq edirik. Narazı qaldığım xüsusi mətbuat orqanları olmayıb. Sadəcə, bəzi mətbu qurumlarda jurnalistlərin peşəkar hazırlığıyla bağlı problemlər var. 1995-ci ildən jurnalistikadayam. Hazırda da baş redaktor kimi çalışıram. Adlarını çəkdiyim qurumlar, “Qafqaz.info”, “Azedu.az”, “Gündəlik teleqraf” peşəkarlardan ibarətdir. Elə saytlar da var ki, cəmi 1-2 nəfər əməkdaşı var. Bəzən zəng edib aidiyyatı olmayan suallar verirlər. Bu da jurnalistlərin özlərinin hazırlıq səviyyəsiylə bağlı problemdir. Bunlar tək saytlara yox, qəzetlərə, telekanallara da şamil olunur”.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin rəhbəri Mənsur İbrahimov əksər mətbu qurumlardan razı olduğunu vurğulayıb:

“Azərbaycan Dövlət Pedaqoji Universitetini təmsil etdiyim üçün  il ərzində ADPU ilə sıx əməkdaşlıq edən, bu ali təhsil müəssisəsinin elmi-pedaqoji və mədəni həyatını geniş və obyektiv şəkildə işıqlandıran bütün mətbu orqanlardan razıyam. Lakin narazı qaldığım məqamlar da olur. Bəzən, xırda məsələni şişirdib şouya çevirirlər. Sorğunu almaq istəyərkən həddindən artıq tələskənliyə yol verirlər. Bir sözlə, əksər mətbuat nümayəndələrinin narazı qaldığı məqamlardan, mən də narazıyam. Həmkarlarımı qarşıdan gələn Həmrəylik günü və Yeni il münasibətilə təbrik edir, möhkəm can sağlığı, müqəddəs və şərəfli peşə fəaliyyətlərində uğurlar arzulayıram”.

Lənkəran Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Esmira İsmayılova mətbuatda narazı qaldığı məqamın olduğunu diqqətə çatdırıb:

"Hər şeydən əvvəl, başa çatmaqda olan 2018-ci ildə bizə dəstək olan, Lənkəran Dövlət Universiteti ilə mütəmadi əməkdaşlıq edən bütün media qurumlarına,  “Azedu.az”  kollektivinə minnətdarlıq bildirmək istəyirəm. Düzünü deyim ki, bizim universitetlə bağlı bu il  yayımlanan  xəbərlər əksərən  ürəkaçan oldu.  LDU-da aparılan çoxistiqamətli işin  müsbət tərəflərini işıqlandırmağa xidmət etdi. Öz növbəmdə, bir mətbuat xidməti rəhbəri  kimi  mənə  ünvanlanan bütün sorğuları yazılı və ya şifahı cavablandırmağa , KİV-lərə operativ məlumat ötürməyə səy göstərdim. Amma çox təəəsüf ki, bir çox media qurumları bizim mətbuat xidməti ilə heç bir əlaqə saxlamadan  düzgün olmayan xəbərləri yaydılar, hətta  başlığa çıxartdılar. Bir faktı xatırladım. Saytların biri yazdı ki,  Lənkəran Dövlət Universitetinin tələbəsi dəm qazından boğulub. Dəqiqləşdirəndə ki, bizdə həmin adda tələbə oxumur, məcbur qalıb özüm araşdırma apardım, bölgənin hüquq mühafizə orqanları ilə əlaqə saxladım. Məlum oldu ki, heç bir KİV-dən baş verən hadisə ilə bağlı onlara müraciət olunmayıb. Bəs bu xəbərin mənbəyi hardandır? Araşdırma nəticəsində öyrəndim ki, boğulan qız vaxtı ilə kollecə daxil olub, sonra valideynləri xaricə köçdüyündən oxumaqdan elə daxil olduğu il də könüllü imtina edib. Yəni, tələbə deyil. Amma iş işdən keçmişdi. Əksər saytlar bu xəbəri dəqiqləşdirmədən yayan həmin sayta (Adını bayram olduğuna görə açıqlamıram) istinadən paylaşdılar ki, Lənkəran Dövlət Universitetinin tələbəsi boğulub. Həmin gün təkidli tələbimlə xəbərə düzəliş olunsa da, bu fakt həmkarlarımın obyektivliyinə məndə şübhə yaratdı. Çox istərdim ki, yeni ilimizdə belə qanqaraldıcı hallar baş verməsin,  həmkarlarımız operativliklə yanaşı, obyektivliyi itirməsinlər".

 

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları