Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-25 13:30:00
Orta təhsil müəssisəsini kimlər idarə edə bilməz? –Hüquqi bilgi  

Çoxları orta təhsil müəssisəsində idarəetmənin yalnız məktəb direktorundan asılı olduğunu, onun qərar verməkdə sərbəst  olduğunu düşünürlər. Amma təhsil haqqında qanunda idarəetmə ilə bağlı müxtəlif məqamlar əks olunub. Onun təsisçisi və rəhbəri üçün ayrı-ayrılıqda bəndlər nəzərdə tutulub. 

AzEdu.az xəbər verir ki, qanunvericiliyə əsasən, təhsil müəssisəsi aşkarlıq, şəffaflıq və demokratiklik prinsipləri ilə idarə olunmalıdır. O, “Təhsil haqqında” Qanun, normativ hüquqi akt və öz nizamnaməsinə uyğun fəaliyyət göstərir.

Orta təhsil müəssisəsinə kimlər rəhbərlik edə bilər?

Dövlət təhsil müəssisəsinə müvafiq icra hakimiyyəti orqanının təyin etdiyi şəxs rəhbərlik edir. Dövlət təhsil müəssisəsinin ali idarəetmə orqanı elmi və pedaqoji şuralardır. Onların yaradılması və fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi əsasnamə və təhsil müəssisəsinin nizamnaməsinə görə müəyyən edilir.

Bələdiyyə təhsil müəssisəsinin rəhbərini bələdiyyə təyin edir.

Özəl təhsil müəssisəsinə rəhbərliyi isə buranın təsisçilər şurası tərəfindən təyin edilən rəhbər həyata keçirir.

Amma təsisçisi əcnəbilər olan,  nizamnamə kapitalı və ya səhmlərinin 51%-dən çoxu  əcnəbi, vətəndaşlığı olmayan və ya xarici hüquqi şəxslərə məxsus olan məktəblər xüsusi şərtlərə cavab verməlidirlər. Həmin təhsil müəssisəsinin rəhbərinin müavini mütləq Azərbaycan vətəndaşı olmalıdır.

Göstərilən təhsil müəssisələrinə rəhbər və müavin təyin edilərkən müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılır. Yalnız bundan sonra həmin məktəb dövlət qeydiyyatına alına bilər.

Dövlət təhsil müəssisəsində akademik və inzibati vəzifələr üçün yaş həddi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu yaş həddinə çatan pedaqoji işçilər akademik və inzibati vəzifə tuta bilməzlər. Amma təhsil müəssisəsinin tədris və elmi fəaliyyətində tam iştirak etmək hüquqları var.

Məktəbin idarəetməsinə təhsili  idarəetmə  orqanları  istisna olmaqla, dövlət və yerli özünüidarəetmə orqanlarının və digər təşkilatların müdaxiləsinə yol verilmir.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları