Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-13 11:50:00
Gömrük akademiyası ilə bağlı ən çox verilən suallar - Qəbul qaydaları, xüsusi tələblər

Bakıda fəaliyyət göstərən bir neçə ali təhsil müəssisəsindən biri Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Akademiyasıdır.

AzEdu.az ali təhsil müəssisəsinin fəaliyyəti və Akademiyaya qəbul qaydaları barədə yazını təqdim edir:

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 24 yanvar tarixli 1972 nömrəli Sərəncamına əsasən yaradılan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası ali və əlavə təhsil proqramlarını həyata keçirən, fundamental və tətbiqi elmi tədqiqatlar aparan xüsusi təyinatlı dövlət ali təhsil müəssisəsidir.

Akademiya hüquqi şəxsdir, onun müstəqil balansı, istifadəsində olan dövlət əmlakı, xəzinə və bank hesabları, üzərində Azərbaycan Respublikası Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürü, ştampları və blankları vardır.

Akademiya Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi üçün ali təhsilli kadrlar hazırlayır, gömrük orqanlarının işçilərinin əlavə təhsilini və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin fəaliyyətinin aktual problemləri üzrə elmi tədqiqat işlərinin aparılmasını təşkil edir.

Akademiyanın fəaliyyətinin əsas istiqamətləri aşağıdakılardır:

  • Gömrük işi sahəsində elmi tədqiqatların aparılması;
  • Metodik işin təşkili və təkmilləşdirilməsi;
  • Gömrük işi üzrə yüksəkixtisaslı kadrların hazırlanması;
  • Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin fəaliyyət istiqamətləri üzrə kadrların əlavə təhsilinin həyata keçirilməsi.

Akademiyaya tələbə qəbulu biliyin qiymətləndirilməsi üzrə keçirilən imtahanlarda abituriyentlərin əldə etdikləri nəticələrə əsasən, Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçirilir.

Akademiyanın bakalavriat səviyyəsinə tam orta təhsili və ya orta ixtisas təhsili olan şəxslər, magistratura səviyyəsinə isə bakalavr səviyyəsini bitirən şəxslər qəbul oluna bilərlər.

Akademiyanın bakalavriat, magistratura, doktorantura səviyyələrinə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin qəbulu Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulan hallarda həyata keçirilir.

Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Akademiyaya qəbul planı barədə təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edir. Azərbaycan Respublikasının Nazirlər Kabineti isə qəbul planı barədə təkliflərini Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiyaya təqdim edir. Akademiyaya qəbul planını Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiya müəyyən edir.

Akademiyada bakalavriat təhsili yalnız əyani formada, magistraturada təhsil isə əyani və qiyabi formalarda təşkil olunur. Bakalavriat səviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti dörd ildir. Magistratura səviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti iki il, qiyabi forma üzrə isə iki il altı aydır.

Akademiyada əlavə təhsil aşağıdakı istiqamətləri əhatə edir:

İxtisasartırma;

Kadrların yenidən hazırlanması;

Stajkeçmə və kadrların təkmilləşdirilməsi;

Təkrar ali təhsil;

Dərəcələrin yüksəldilməsi.

Akademiyada əlavə təhsil ödənişli əsaslarla həyata keçirilir. Azərbaycan Respublikası gömrük orqanlarının əməkdaşlarının əlavə təhsili Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasının gömrük sisteminin büdcədənkənar inkişaf fondu haqqında Əsasnamə və fondun vəsaitinin xərclənməsi Qaydaları”na əsasən gömrük sisteminin büdcədənkənar inkişaf fondu hesabına ödənilir.

Ali təhsilin bakalavr və ya magistr təhsil proqramlarını başa vurmuş və yekun dövlət attestasiyasından keçmiş təhsilalanlara təhsil haqqında dövlət sənədi - diplom verilir.

Doktoranturada təhsilini başa vurmuş və müvafiq elmi dərəcə almış şəxslərə həmin elmi dərəcəni təsdiq edən vahid formada dövlət nümunəli sənəd - diplom verilir.

Ali təhsilin müvafiq səviyyələrini başa vurmayan təhsilalanlara Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada arayış verilir.

2014/2015-ci tədris ilində hazırki Dövlət İmtahan Mərkəzinin ali təhsil müəssisələrinin bakalavr pilləsinə qəbul imtahanlarında iştirak edərək İqtisadiyyat və Hüquqşünaslıq ixtisasları üzrə ayrı-ayrılıqda 20, ümumilikdə 40 abituriyent Dövlət Gömrük Akademiyasının müdavimi adını alıb və sentyabrın 15-də Dövlət Gömrük Komitəsinin Akademiyası ilk tədris ilinə başlayıb.

Ölkəmizdə multi-funksionallıq baxımından ilk dəfə olaraq Dövlət Gömrük Akademiyasında tədrisin avtomatlaşdırılması və təhsil prosesinin Boloniya sisteminə uyğun elektron idarə edilməsi üzrə innovativ proqram təminatından istifadə olunur. 40-a qədər moduldan ibarət olan proqram təminatı vasitəsilə tələbə və müəllim heyətinin qeydiyyatı, onların idarə olunması, tədris planlarının hazırlanması, fənlərin dərs cədvəllərinin yaradılması, tələbələrin qiymətləndirilməsi, imtahanların təşkili, tələbələr arasında sorğuların aparılması, Akademiyadaxili yazışmalar və forumlar, habelə kitabxana işi və mühasibatlığın aparılması avtomatlaşdırılır və elektron qaydada təşkil olunur.

İnnovativ proqram təminatından tələbə və akademiya heyəti ilə yanaşı, valideynlər də istifadə edə biləcəklər: 

Proqram təminatı sayəsində valideynlər övladlarının dərsdə, yataqxanada və ya Akademiyadan kənarda olması,dərsə davamiyyəti haqqında məlumat ala, onların seminar, kollekvium və imtahan qiymətləri ilə tanış ola bilərlər.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları