Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-12 12:10:00
DTX  akademiyası ilə bağlı ən çox verilən suallar – Qəbul qaydaları, xüsusi tələblər…    

Azərbaycanda  fəaliyyət göstərən bir neçə ali təhsil müəssisəsi xüsusi təyinatlı hesab olunur.

Bu müəssisələrdən biri də Azərbaycan Respublikası  Dövlət  Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasıdır.

AzEdu.az ali təhsil müəssisəsinin fəaliyyəti və Akademiyaya qəbul qaydaları barədə yazını təqdim edir:

Azərbaycan  Respublikası  Dövlət  Təhlükəsizliyi  Xidmətinin  Heydər  Əliyev adına Akademiyası  ali və əlavə təhsil proqramlarını həyata keçirən, dövlət təhlükəsizlik orqanları üçün xüsusi  ixtisaslı ali təhsilli zabit kadrlar hazırlayan, fundamental və tətbiqi elmi tədqiqatlar aparan xüsusi təyinatlı dövlət ali təhsil müəssisəsidir.

Azərbaycan Respublikası  Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasına peşə seçiminin bütün tələblərinə cavab verən orta məktəb məzunları olan çağırışçılar, eləcə də respublikanın təhlükəsizlik orqanlarında xidmət edən, zabit hərbi rütbəsi olmayan orta və ya orta-ixtisas təhsilli hərbi qulluqçular qəbul oluna bilərlər.

Akademiyaya qəbul olunmaq üçün aşağıdakı yaş hədləri müəyyən olunub:

- hərbi qulluqçular – 18 yaşından 23 yaşınadək;

- orta məktəb məzunları olan çağırışçılar – 17 yaşından 19 yaşınadək.

Akademiyaya daxil olmaq istəyən şəxslər qəbul keçirilən il yanvarın 10-dək ərizə ilə yaşayış yeri üzrə  DTX-nin  yerli  orqanlarına (hərbi qulluqçular komanda üzrə raportla) müraciət etməlidirlər. Müraciət edən namizədlər müəyyən olunan qaydada tibbi yoxlamadan keçdikdən və fiziki hazırlıq normativlərini ödədikdən sonra onlarla Akademiyada Mandat Komissiyası tərəfindən peşə seçimi ilə bağlı söhbət aparılır.

Peşə seçimini uğurla  keçən namizədlər  akademiyanın  "Əməliyyat işçilərinin hazırlanması" fakültəsinə ("Hüquqşünaslıq" və və "İnformasiya təhlükəsizliyi" ixtisasları üzrə) qəbul olunmaq üçün Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən test imtahanlarında I və III ixtisas qrupunda qəbul imtahanı verirlər. İmtahanlarda yüksək bal toplayan abituriyentlər Akademiyaya qəbul olunurlar. 

Akademiyaya qəbul imtahanları namizədin arzusu ilə Azərbaycan və ya rus dilində verilə bilər, təhsil isə Azərbaycan dilində aparılır.

Akademiyada təhlükəsizlik orqanları üçün xüsusi  əməliyyat  hazırlığı, hüquqşünaslıq, informasiya təhlükəsizliyi və digər istiqamətlərdə peşəkar əməliyyatçı zabit kadrlar hazırlanır. Akademiyada Xüsusi təyinatlı əməliyyat, Hüquq, İnformasiya texnologiyaları və informasiya təhlükəsizliyi, Xarici dillər, İctimai-siyasi, Hərbi hazırlıq, Fiziki hazırlıq kafedraları, eləcə də xüsusi siniflər, laboratoriyalar, kabinetlər, kompüter sinifləri, linqafon zalları və s. fəaliyyət göstərir.

Akademiyaya qəbul olunan kursantlar tam dövlət təminatına götürülür, hərbi geyim forması, gündəlik yemək və yataqxana ilə təmin edilirlər. Akademiyada təhsil alan kursantlar aylıq  pul  təminatı  alırlar

Bundan əlavə, təhsildə yüksək müvəffəqiyyət qazanan, elmi-yaradıcılıq fəaliyyəti ilə məşğul olan və Akademiyanın ictimai həyatında fəal iştirak edən əlaçı kursantlara Heydər Əliyev adına təqaüd verilir.

Kursantlar təhsil müddətində Dövlət Təhlükəsizliyi Xidmətinin orqanlarında əməliyyat təcrübəsi və ixtisaslaşması keçirlər. Akademiyanı bitirən məzunlara müvafiq ixtisas üzrə ali təhsil alması barədə dövlət nümunəli bakalavr diplomu, əməliyyatçı ixtisası alması barədə şəhadətnamə və  “leytenant” ilk zabit hərbi rütbəsi verilir.

Akademiyada Dövlət Təhlükəsizliyi Xidmətinə yeni qəbul olunanların hazırlığını təmin etmək məqsədilə ali kurslar, eləcə də Xidmətin əməkdaşlarının ixtisaslarının artırılması üçün müxtəlif kurslar təşkil olunur.

Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının "hüquqşünaslıq" ixtisası üzrə ali təhsil almasını təmin etmək məqsədilə Akademiyada qiyabi təhsil də həyata keçirilir.

Akademiyada dərslər tədris korpuslarında aparılır. Tədris prosesini yüksək səviyyədə təmin etmək üçün müasir kompüterlər,  audio-video texnika, proyektorlar və stendlərlə təchiz edilən xüsusi təyinatlı siniflər, kriminalistik kabinetlər, sınaq otaqları və laboratoriyaları, müasir kompüter sinifləri, linqafon zalları, xüsusi, ümumi və bədii kitabxanalar, və audio-video qurğulara malik klublar və s. kursant və dinləyicilərin ixtiyarına verilib. 

Akademiyada əməliyyat, hüquq və informasiya təhlükəsizliyi sahələrində fənlərin tədrisi diqqət mərkəzində saxlanılmaqla, müxtəlif xarici dillərin öyrənilməsinə xüsusi yer verilir.

Tədris prosesi yüksək ixtisaslı elmi-pedaqoji kadrlar, o cümlədən elmlər doktorları və fəlsəfə doktorları, habelə uzun illər təhlükəsizlik orqanlarında xidmət etmiş təcrübəli zabitlər tərəfindən həyata keçirilir.

Akademiyada bir çox ixtisaslar və elmi istiqamətlər üzrə elmi tədqiqatlar aparılır.

Xatırladaq ki, Akademiya Azərbaycan Respublikası Prezidentinin 1 dekabr 1998-ci il tarixli 37 nömrəli Sərəncamı ilə yaradılıb.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları