Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-29 15:53:09
“Özümün və ailəmin ünvanına hələ də müəyyən təhdidlər var” – Məşhur direktorun “canlı şikayəti”  

“Ailəm və özümə təhdidlər davam edir. Məndən onlara reaksiya verməyimi gözləməsinlər. Çünki əxlaq mənəvi kateqoriyadır və təfəkkürdən başlayır. Başqasını  təhqir edib, iftira ataraq özünün əxlaqlı olduğunu sübut edə bilməzsən”

AzEdu.az xəbər verir ki, bu sözləri 220 saylı məktəbin direktoru Tural Mirzəliyev müsavat.com-a canlı yayım zamanı deyib. O, bir müddət əvvəl aktyor Rza Rzayevlə arasında yaşanan insidentə aydınlıq gətirib. Hadisənin təfərrüatını liseyə direktor təyin olunduğu gündən başlayaraq izah edən Tural müəllim əsas səbəbləri izah edib:

“Məsələ belədir, məni  220 saylı liseyə oradakı müəyyən məsələlərlə bağlı vəziyyətə nəzarət etmək üçün direktor kimi göndərdilər. Mən ora getdiyim gündən vəzifəmin layiqincə icrasına çalışmışam. Valideyn, müəllimlərə öz vəzifə funksiyalarımı düzgün izah etmişəm. Onlardan ümumi qaydalara uyğun iş tələb etmişəm.

Bir müddət sonra Zeynəb Rzayevanın vəzifə funksiyasında dəyişiklik etməyə qərar verdim. Çünki vəzifəsini doğru icra etmirdi. Müəllimləri təhdid və şantaj etməsi ilə bağlı şikayətlər vardı. Müəyyən kursları buraxmışdı.

Qeyd edim ki, vəzifə və ya maaş  dəyişikliyi olmayacaqdı. Zeynəb xanım  təlim-tərbiyə işləri üzrə müavin idi və elə də qalacaqdı. Hətta ibtidai siniflər üzrə müavinlikdən  daha yuxarı siniflər üzrə müavinliyə keçəcəkdi. İnsident buradan qaynaqlanıb”

Müəllim onu məsələni ictimailəşdirməkdə  qınayanlara bildirib ki, bunu o etməyib:

“Tam səmimi deyirəm, mən o videonun yayılmasını istəmirdim. Onu 3 aidiyyatı quruma təqdim etmişdim. O, heç də bütün video deyil, kifayət qədər abıra salınmış videodur.

Bəzən məni bunu ictimailəşdirməkdə qınayırlar. Bunu mən etməmişəm. Rza Rzayev yayımladı və nəticədə cavab olaraq ictimailəşdirildi. Bu barədə ittihamlar yanlışdır. Ən azından qarşı tərəf qadındır. Mən buna sığınıb  adını  çox  hallandırmaq istəmirdim. Amma görürəm ki, o özü bunu başa düşmmür.

Mən həmişə sülh tərəfdarı olmuşam. Çünki təhsil işçisi belə olmalıdır.

Kollektivdə mənə deyirlər ki, müəllim, nə deyirsən edək. Amma mən sakitlədirməklə məşğulam . Çünki, inanın dava adamı deyiləm. Heç kim deməz ki, mənim Tural müəllimlə filan insidentim olub”.

“Rza Rzayev məni rüşvətxor kimi  tanıyırdısa, onda niyə  hadisədən 10 gün əvvəl film təqdimatına dəvət  edirdi?”

Tural Mirzəliyev eyni zamanda sosial şəbəkələrdə hələ də müxtəlif təhdidlərlə üzləşdiyini, amma bunlara reaksiya verməyəcəyini bildirib:

“Mən saxta sosial şəbəkələrindən xeyli təhdid mesajları almışam. Buna görə də hər şeyə hazır idim. Elə indi də hazıram. Heç nədən qorxmuram. Sadəcə, demək istəyirəm ki, o, ailəm və özüm haqda təhdidlərini davam etdirir. Məndən onlara reaksiya verməyimi gözləməsinlər. Çünki əxlaq mənəvi kateqoriyadır və təfəkkürdən başlayır. Başqasını  söyərək, iftira ataraq özünün əxlaqlı olduğunu sübut edə bilməzsən. Ən böyük əxlaqsızlıq elə kiməsə iftira atmaqdır.

Rza məni rüşvətxor kimi tanıyırdısa, onda niyə hadisədən 10 gün əvvəl öz film təqdimatına dəvət  edirdi?”

Xatırladaq ki, bir müddət əvvəl aktyor Rza Rzayevlə direktor Tural Mirzəliyev arasında yaşanan insident nəticəsində məhkəmə iclasında sonra isə tərəflər arasında mübahisə düşüb. Rza Rzayev məktəb direktoruna bədən xəsarətləri yetirib. Direktorun döyülmə hadisəsinin bir neçə ay əvvəl aktyorun qohumunun işdən çıxarılması səbəbindən baş verdiyi bildirilir.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları