Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-23 10:00:00
700 bal toplayanlardan  DİM ekspertinə etiraz – “I və IV qruplarda Tarix fənni olmamalıdır!”  

Dövlət İmtahan Mərkəzinin Tarix üzrə seminar sədri Kərəm Məmmədov I və IV ixtisas qruplarına Azərbaycan tarixi fənninin əlavə olunmasını təklif edib. O, hesab edir ki, tələbələrin tarixi bilməməsi təhsil aldıqları ali təhsil ocağının reytinqinin aşağı düşməsinə səbəb olur. 

Bəs, Azərbaycan tarixinin I və IV ixtisas qruplarına əlavə olunması bu qrup üzrə hazırlaşan abituriyentlər üçün hansı nəticələrə səbəb ola bilər? 

AzEdu.az bu sualla vaxtilə I və IV ixtisas qrupları üzrə hazırlaşan və 700 bal toplayan bir neçə tələbəyə müraciət edib.

I ixtisas qrupu üzrə 700 bal toplayan və Bakı Ali Neft Məktəbində təhsil alan Sona Mehdizadə məsələyə iki istiqamətdə yanaşır:

“Tarixçi Kərəm Məmmədovun təklifinin mahiyyətini anlayıram. Tarixi bilmək hər insan üçün, xüsusilə gələcək nəsil üçün vacibdir. Lakin nəzərə almaq lazımdır ki, ölkəmizdə  Tarix fənninə xüsusi diqqət ayrılır. V sinifdən XI sinfə qədər məktəblərdə keçirilir. Bütün universitetlərdə də ilk semestr məcburi fənn olaraq tədris edilir. Bir neçə ay əvvəl abituriyent olan biri kimi deyə bilərəm ki, I ixtisas qrupu əsasən texnikiyönümlüdür  və bu qrupa Tarixin əlavə edilməsi abituriyentlər üçün böyük çətinlik yarada bilər”.

Azərbaycan Tibb Universitetinin vunderkindi Rəna Əliyeva IV ixtisas qrupuna Azərbaycan tarixinin əlavə edilməsi fikri ilə razılaşmır:

“IV qrupda Biologiya, Kimya kimi çətin fənlər var. Üstəlik, son illərdə Fizikandan sualları I qrupa nisbətən çətin salırlar.  Universitetlərdə ilk il tələbələrə Azərbaycan tarixi tədris olunur. Məncə, fənnin IV ixtisas qrupuna əlavə edilməsi düzgün deyil”.

Bakı Ali Neft Məktəbinin 700 ballıq tələbəsi Vasif Əsədov  şagirdlərin öz tarixini bilməyini üstünlük hesab edir:

“Hazırda universitetdə təhsil alanda görürəm ki, hərtərəfli məlumatı olan şəxslər hər kəsdən 1 addım yox , 10 addım öndədirlər. Odur ki, tarixi bilmək bizi irəli apara bilər, amma Tarix I və IV qruplar üçün elə məktəbdə keçirilən fənn kimi qalsa, daha yaxşıdır. Əzbərçilik tələb edən fənn olduğuna görə bu fənnin qəbul imtahanına daxil edilməsi, əzbər sevməyən I və IV qrup uşaqlarına inanılmaz zülm və ədalətsizlik olar. Bu mənada Kərəm Məmmədovun fikirləri  ilə razı deyiləm”.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları