Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-20 10:43:11
DİM dövlət qulluğuna qəbulla bağlı vacib məqamlara aydınlıq gətirdi  

2018-ci ildə dövlət qulluqçularının sayı 30.123 nəfər olub.

Bu, Dövlət İmtahan Mərkəzinin 17 noyabrda  keçirdiyi konfransda elan edilib. Konfransda eyni zamanda, dövlət qulluğuna qəbulla bağlı bir neçə vacib məqama aydınlıq gətirilib.

AzEdu.az xəbər verir ki, Dövlət qulluğuna qəbul test və müsahibə mərhələsindən ibarətdir. Test imtahanı online (kompüter vasitəsilə), həm də yazılı formada həyata keçirilir.

Test imtahanında namizədlər Azərbaycan dili, qanunvericilik, məntiqi təfəkkür və informasiya texnologiyalarından imtahan verməlidirlər.

Test imtahanı inzibati vəzifələrin aşağıdakı qruplarına uyğun həyata keçirilir.

A növü – AA, AB, AC qrupları - inzibati rəhbər (idarəetmə) vəzifələr

B növü – BA,BB qrupu – inzibati icraçı vəzifələr

Test imtahanlarında qapalı, açıq və esse tipli tapşırıqlardan istifadə olunur.

Test imtahanında müəyyən olunmuş balı toplayan şəxslərə sertifikat verilir. Sertifikat 5 il müddətində qüvvədədir. Sertifikat şəxsin inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edir. Altqruplara daxil olan vəzifələrə uyğun olaraq verilir. Şəxsə sertifikatda nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak hüququ verir.

Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə sertifikatı qüvvədə olan şəxs müsabiqənin müsahibə mərhələsində iştirak edə bilər.

Ümumi müsahibədə hazırda dövlət qulluğunda çalışan və ya ümumilikdə 5 il qulluq stajı olan şəxslər iştirak edə bilər.

Daxili müsahibə müvafiq dövlət orqanında çalışan dövlət qulluqçularının qulluqda yüksəlişi məqsədilə həyata keçirilir.

2017-2018-ci illər üzrə Dövlət qulluğuna qəbulla bağlı statistik göstəricilər:

Müsahibə mərhələsi üzrə təqdim olunan vəzifə sayı 4586, ümumi müsahibə üzrə 567, müsahibə mərhələsi üzrə iştirak edən namizədlərin sayı 2907, ümumi müsahibə üzrə 644, müsahibə mərhələsi üzrə uyğun hesab olunan namizəd sayı 1130, ümumi müsahibə üzrə 370, müsahibə mərhələsi üzrə təyinat alanların sayı 505, ümumi müsahibə üzrə 241. Ehtiyat kadr siyahısına 226 nəfər düşüb.

Nəticə:

Dövlət qulluğuna qəbul zamanı daha çox maraq BB qrupuna daxil olan icraçı vəzifələr üzrə müşahidə edilir. Kütləvi vəzifələrə maraq daha çoxdur. Çünki burada namizədlər üçün qoyulan tələblər daha azdır. Eyni zamanda, iş stajı da çox tələb olunmur. Ona görə müəyyən imtahanlarda 1.000-1.500, digər imtahanlarda isə 100-150 namizəd iştirak edir. Bu say imtahanın növündən və təqdim olunan vakant yerlərin sayından, təsnifatından asılıdır.

Dövlət qulluğuna qəbul üçün hər ay imtahan keçirilir. Bu imtahandan əvvəl isə sınaq imtahanları təşkil olunur. Namizədlərin imkanı var ki, əvvəlcə sınaq imtahanında özlərini yoxlasınlar, daha sonra isə dövlət qulluğuna qəbul imtahanında iştirak etsinlər. DİM dövlət orqanları tərəfindən təqdim olunmuş bütün vakant yerlər üzrə müsabiqələr elan edir. Dövlət qulluğuna qəbul üçün hər bir vəzifə üzrə olan tələblər isə fərqlidir.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları