Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-15 17:00:00
Rektorluqdan uzaqlaşdırılan Abel Məhərrəmovun dosyesi – 55 ixtira müəllifidir

Akademik Abel Məhərrəmov Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib.

Bəs, akademik Abel Məhərrəmovun elmi fəaliyyəti nədən ibarətdir?

AzEdu.az xəbər verir ki, A. Məhərrəmov 1966–cı ilin may ayının 25-i Amasiya rayonun Güllübulaq kənd orta məktəbini qızıl medalla bitirdikdən sonra, elə 1966-cı ildə Bakı Dövlət Universitetinin kimya fakültəsinə qəbul olub. Ali məktəbi bitirdikdən sonra təyinatla Ümümittifaq Olefinlər Elmi-Tədqiqat İnstitutunda operator, sonra isə mühəndis vəzifəsində çalışıb. 1973-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində "Üzvi kimya" ixtisası üzrə əyani aspiranturaya daxil olub.

1976-ci ildə akademik N.S.Zefirovun rəhbərliyi altında "İkiqat rabitələrə birləşmə reaksiyalarında sulfenxloridlərin elektrofilliyinin artırılmasının yeni metodu" mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.

1991-ci ildən "Alkenlərin, üçüzvlü karbo və heterotsiklik birləşmələrin elektrofil reaksiyaları əsasında yeni sintetik yanaşmalar" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib və həmin ildən "Üzvi kimya" kafedrasının professorudur.

BDU-da tədris hissəsinin müdiri, dekan vəzifələrində də çalışıb.1999-cu il yanvarın 11-də Bakı Dövlət Universitetinə rektor təyin edilib.

Alim yarıdan çoxu aparıcı xarici elmi jurnallar olmaqla 1000-dən artıq elmi əsərin, 51 dərslik və dərs vəsaitinin, 20 monoqrafiya və 55 ixtiranın müəllifidir. Tomson Röyter agentliyinin siyahısına daxil olan jurnallarda 250-dən çox elmi məqaləsi çap olunub.  Rəhbərliyi altında 60-dan çox elmlər doktoru və elmlər namizədi dissertasiya işlərini müdafiə ediblər.

A.Məhərrəmov elmi nəticələrinə və təhsil quruculuğuna görə 11 fevral 2000-ci ildə Azərbaycan Respublikasının "Əməkdar Elm Xadimi" fəxri adına, Y.Məmmədəliyev adına qızıl medala layiq görülüb. Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə 30 oktyabr 2009-cu ildə “Şöhrət” ordeni  ilə təltif edilib. Bundan başqa müxtəlif vaxtlarda Beynəlxalq EKO mükafatına və Rumıniyanın Ali Komandor dərəcəli Qızıl ulduz ordeninə layiq görülüb.

Avropanın bir neçə universitetinin fəxri doktoru, Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü, Beynəlxalq ali təhsil assosiasiyalarının prezidenti və idarə heyətinin üzvü, 2002-2004-cü illərdə Qara Dəniz Universitetləri Assosiasiyasının prezidenti olub.

2005-2010-cu illərdə 16 saylı Yasamal ikinci seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. Milli Məclisin Elm və təhsil məsələləri daimi komitəsinin üzvü olub.

2016-cı ilin oktyabrın 28-dən etibarən Rusiya Elmlər Akademiyasının üzvü seçilib.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları