Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-15 13:45:00
Universitetlərdə attestasiya “macəraları” – Diplom işi və dövlət imtahanı çaşqınlığı

“Dövlət Attestasiyası” haqqında Qanundan çıxarış:

“Qanuna uyğun olaraq, ali təhsil müəssisələrində ayrı-ayrı əsas ixtisas fənlərinin tədrisi ali peşə təhsili proqramları başa çatarkən tələbələrin uyğun olaraq həmin fənlər üzrə yekun və buraxılış yekun dövlət attestasiyasından keçirilməsi məcburidir”.

Lakin yekun qiymətləndirilmə hər universitetdə müxtəlif formalarda təşkil oluna bilər.

Bəs, ali təhsil müəssisələrində dövlət attestasiyası hansı formalarda həyata keçirilir?

AzEdu.az xəbər verir ki, məzunların dövlət attestasiyası yalnız dövlət akkreditasiyasından keçmiş ali təhsil müəssisələrində ali peşə təhsilinin dövlət standartlarında nəzərdə tutulan istiqamət və ixtisasları üzrə aparılır.

Dövlət attestasiyası ali təhsil müəssisəsində müvafiq baza təhsil proqramları üzrə təşkil olunan dövlət attestasiya komissiyası tərəfindən həyata keçirilir.

Dövlət attestasiyası aşağıdakı formalar üzrə keçirilə bilər:

Müəyyən fənlər üzrə (əsas ixtisas fənləri, o cümlədən xarici dildən, həmin fənlərin tədrisi başa çatarkən) yekun dövlət imtahanları;

İstiqamət (ixtisas) üzrə fənlərarası buraxılış yekun dövlət imtahanı; buraxılış işinin müdafiəsi.

Müəyyən fənlər üzrə yekun dövlət imtahanı tələbənin bu fənlər üzrə tədris planlarında nəzərdə tutulan və dövlət təhsil standartları ilə müəyyən edilən materialların mənimsənilmə səviyyəsini təyin edir.

İstiqamət (ixtisas) üzrə fənlərarası buraxılış yekun dövlət imtahanlarında, ayrı-ayrı fənlərin məzmunu olan tələbələrlə yanaşı, həmçinin məzuna həmin istiqamət (ixtisas) üzrə dövlət təhsil standartının qoyduğu ümumi tələblər də nəzərdə alınmalıdır.

Buraxılış işi müvafiq kafedralar tərəfindən müəyyənləşdirilir və fakültə elmi şurasında təsdiq edilən mövzular əsasında yerinə yetirilir. Tələbəyə mövzu seçmək və eləcə də işlənməsinin məqsədəuyğunluğu və əhəmiyyəti əsaslandırılan mövzular təklif etmək hüququ verilir. Buraxılış işinin yerinə yetirilməsi üçün hər bir tələbəyə rəhbər və zəruri hallarda məsləhətçilər təyin edilir.

Buraxılış işləri təhsil dövründə məzunun yerinə yetirdiyi kurs işləri və layihələrini ümumiləşdirməklə də hazırlana bilər.

Dövlət attestasiyasının tərkibinə hökmən müəyyən fənlər üzrə (əsas ixtisas fənləri, o cümlədən xarici dildən, həmin fənlərin tədrisi başa çatarkən) yekun dövlət imtahanları və buraxılış işinin müdafiəsi daxil edilir.

Müəyyən hallarda bu bəndə istisnalar təsisçi tərəfindən edilə bilər.

Dövlət attestasiyası tərkibinə daxil edilən attestasiya sınaqlarının konkret siyahısı, buraxılış işinin yerinə yetirilməsi qaydası və müddətini, onların müdafiə vaxtını ali məktəbin (fakültənin) elmi şurası müəyyənləşdirir və ali məktəb rəhbərliyi tərəfindən təsdiq olunur.

Müəyyən fənlər üzrə yekun və ya istiqamət (ixtisas) üzrə fənlərarası buraxılış yekun Dövlət imtahanlarının proqramları, eləcə də bu imtahanların və buraxılış işlərinin qiymətləndirmə meyarları komissiya sadrlərinin iştirakı ilə müzakirə olunur və müvafiq fakültə elmi şurası tərəfindən təsdiq edilir.

Dövlət attestasiyasının keçirilmə qaydaları:

Dövlət attestasiyasının keçirilməsi formasını və şərtləri ali məktəbin elmi şurası müəyyənləşdirir və onların başlanmasına ən azı 4 ay qalmış tələbələrin nəzərinə çatdırır.

Tələbələr imtahan proqramları ilə təmin olunur, hazırlaşmaq üçün onlara lazımi şərait yaradılır, məsləhətlər verilir.

Əsas peşə təhsili proqramlarından biri üzrə tam təlim kursunu başa çatdırmış və tədris planında nəzərdə tutulan bütün əvvəlki attestasiya sınaqlarından müvəffəqiyyətlə keçmiş məzunlar istiqamət (ixtisas) üzrə fənlərarası buraxılış yekun dövlət imtahanlarına və buraxılış işinin müdafiəsinə buraxılırlar.

Buraxılış yekun imtahanlarının verilməsi və buraxılış işlərinin müdafiəsi imtahan komissiyasının açıq iclasda onun tərkibinin ən azı üçdə ikisi iştirak etdikdə keçirilir.

Dövlət attestasiyasının nəticələrinə görə buraxılış işi üzrə attestasiya komissiyası məzunlarına ixtisas dərəcəsi və ali təhsil haqqında diplom verilməsi barəsində qərarı fakültə elmi şurasında təsdiq olunur.

Təhsil proqramının mənimsənilməsində xüsusi nailiyyətlər əldə etmiş, təhsil müddətində “yaxşı” qiymətlərinin sayı bütün qiymətlərinin sayının 25 %-dən çox olmamaqla, bütün imtahanlardan yalnız “yaxşı” və “əla”, buraxılış yekun dövlət attestasiya sınaqlarından isə yalnız “əla” qiymətlər almış məzunlara fərqlənmə diplomu verilir.

Dövlət attestasiya komissiyasının və onun strukturuna daxil olan komissiyaların qərarları qapalı iclasda komissiya üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Səslər bərabər olduqda sədrin sözü həlledici sayılır.

Dövlət attestasiyasına daxil olan bütün sınaqlardan müvəffəqiyyətlə keçmiş məzunlara ixtisas dərəcəsi və ali təhsil haqqında diplom verilir. Müəyyən fənlər üzrə dövlət imtahanlarında qeyri-müvəffəq qiymət alan tələbələrə ali məktəbin müəyyən etdiyi vaxtda bir dəfə təkrar imtahan verməsinə icazə verilir.

İstiqamət (ixtisas) üzrə fənlərarası buraxılış yekun imtahanlardan və ya buraxılış işinin müdafiəsindən qeyri-müvəffəq qiymət alan tələbələrə akademik və natamam ali təhsil haqqında arayış verilir. Elə məzunlar 4 il müddətində ali təhsil müəssisəsi tərəfindən müəyyən edilmiş qaydalarla həmin sınaqlara 2 dəfə buraxılır.

Tələbənin hər hansı yekun sınaqdan “qeyri-kafi” qiymət alması onun digər yekun sınaqlarına buraxılmaq hüququndan məhrum etmir.

Üzürlü səbəbə görə attestasiya sınaqlarından tələbələr üçün təlim müddəti rektor tərəfindən dövlət attestasiya komissiyalarının növbəti iş dövrünə kimi (bir ildən çox olmamaqla) uzadıla bilər. Belə halda attestasiya sınaqlarının tərkibində edilən sonrakı dəyişikliklər bu məzunlara aid olmur.

Dövlət attestasiya komissiyasının işi haqqında hər il ali məktəbin (fakültənin) elmi şurasında hesabat verilir. Bu hesabat buraxılış yekun attestasiyası başa çatdıqdan sonra üç ay müddətindən gec olmayaraq ali məktəbin tabe olduğu idarəetmə orqanına təqdim olunur.

Xatırladaq ki, Dövlət attestasiya komissiyasının əsas funksiyaları aşağıdakılardır:

Məzunların hazırlıq dərəcəsinin təhsil standartının tələblərinə uyğunluğunun kompleks şəkildə qiymətləndirilməsi;

Dövlət attestasiyası nəticələrinə görə məzuna müvafiq dərəcə və ali təhsil diplomunun verilməsi haqqında qərar çıxarılması;

Komissiyanın işinin nəticələri əsasında mütəxəssis hazırlığının təkmilləşdirilməsi üzrə tövsiyələrin işlənməsi.

Dövlət attestasiya komissiyaları öz fəaliyyətlərində Azərbaycan Respublikası “Təhsil Qanunu”, “Ali təhsil müəssisələrinin Əsasnaməsi”, eləcə də digər qanunvericilik aktlarını və bu Əsasnaməni rəhbər tuturlar.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları