Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-15 09:47:00
“Bu universitet niyə yaradılıb, bilmirəm, adını dəyişib, özünü əvəzləmək yaxşı olar” – Bir özələ “gözəlləmə”

Dünyanın inkişaf etmiş ölkələrində özəl ali təhsil müəssisələrinin sayı getdikcə azalır. Tələbələr dünyanın əksər universitetlərində dövlət hesabına təhsil alırlar.

Azərbaycanda isə vəziyyət bir qədər fərqlidir. Üstəlik, özəl ali məktəblərə edilən ödənişlərin qarşılığı olaraq keyfiyyətli təhsil demək olar ki, yox səviyyəsindədir.

AzEdu.az-ın təqdim edəcəyi silsilə yazılarda hər özəl ali məktəb haqda ekspert və tələbə fikirlərinə yer veriləcək.

Budəfəki yazıda Bakı Qızlar Universitetinin fəaliyyətindən danışılıb.

Rejissor,  Əməkdar İncəsənət Xadimi  Əbdül Mahmudov AzEdu.az-a açıqlamasında təhsil sisteminin müzakirələri  ilə bağlı görüşlərdə tez-tez iştirak etdiyini vurğulayıb:

“Bakı Qızlar Universitetində, eləcə də digər özəl ali təhsil müəssisələrində oxuyan tələbələrinin təhsil səviyyəsi gözlədiyimdən çox-çox aşağıdır. Bunun obyektiv və subyektiv səbəbləri var. Obyektiv səbəb odur ki, təhsil sistemi ali məktəblərdə tamamilə fərqli təşkil olunmalıdır.

Konkret olaraq, Qızlar Universitetində verilən təhsil barədə o qədər də məlumatlı deyiləm.

Amma ümumən cəmiyyətdə müşahidə etdiyim bir detalı deyim ki, onun da təhsilə müəyyən təsiri var: Bu gün din adıyla insanlar özlərini pis vəziyyətə qalırlar. Cəhalətə qarşı Hacı Zeynalabdin Tağıyev əsrin əvvəlində mollaların hamısını başa saldı və qızlar üçün gimnaziya açdı. Orda cinsindən asılı olmayaraq bütün müəllimlər dərs dedilər”.

“Bakı Qızlar Universitetinin keyfiyyətli təhsil baxımından digər ali məktəblərdən heç bir fərqi yoxdur”

Sosioloq Zəminə Səfərovanın sözlərinə görə, qızlarla oğlanların bir-birindən təcrid olunması, onlar arasında böyük  uçurumun yaranmasına səbəb ola bilər:

“Qız və oğlanlar birgə mühitdə olan zaman şəxsiyyət kimi formalaşırlar. Yəni, onlar bir-biri ilə ünsiyyət qurmaqda çətinlik çəkə bilərlər. Cəmiyyətdə kişi və qadınların düzgün münasibətlərinin necə qurulmasında da problemlər yaşayacaqlar. Ona görə də kiçik yaşlardan oğlan və qız uşaqlarının birgə uşaq bağçasında, məktəbdə, ictimai birliklərdə olmasının böyük əhəmiyyəti var. Oğlanların qızlara qarşı hörmət etmək hissi kiçik yaşlarından yaranmağa başlayır. Oğlanlar başa düşəcəklər ki, qızları incitmək olmaz. Əgər sinifdə uşaqların hamısı oğlan olsa,  onlar qışqıra-qışqıra söhbət edəcək, kobud danışacaq, şit zarafatlar edəcəklər”.

Sosioloq düşünür ki, sinifdə bir-iki  qızın olması vəziyyəti tamam dəyişir:

“Bu zaman onlar özlərini mədəni aparır, şit zarafatlar və kobudluq etmirlər. Ümumiyyətlə, fərdin şəxsiyyət kimi formalaşması üçün qız və oğlanların bir mühitdə olmaları vacibdir. Sivilizasiyalı cəmiyyətdə yaşamaq istəyiriksə, oğlan və qızlar bir yerdə oxumalıdırlar. Onlarda artıq kiçik yaşlarından ilk estetik baxışlar yaranır. Nə qədər sinif yoldaşları, qrup yoldaşları sonradan ailə həyatı qururlar. Qaldı ki, bu universitetdəki təhsilin keyfiyyətinə, aldığım məlumata görə digər ali məktəblərdən heç bir fərqi yoxdur. Əksinə, ötən illər əhalidən götürülən sorğulardan belə nəticə əldə olunub ki, keyfiyyətli təhsilalma göstəriciləri burada  0% təşkil edir”.

“Qızlar Universitetinin nəyə görə fəaliyyət göstərdiyinin fərqində deyiləm”

Psixoloq Roza Kazımlı Bakı Qızlar Universitetin niyə yaradıldığını başa düşə bilmədiyini vurğulayıb:

“Azərbaycan İran İslam Respublikası, yaxud da Ərəbistan deyil. Qızlar Universitetinin adını dəyişərək başqa ali məktəbə çevirmək olar. Əvvəllər, mollalar məktəbi, H.Z.Tağıyevin qızlar gimnaziyası var idi. Çünki zaman bunu tələb edirdi. Təəssüflər olsun ki, hazırda bəzi ailələr uşağın öz istəyi ilə məhz Qızlar Universitetinə qəbul olunmasını istəyirlər. XXI əsrdə cins ayrıseçkiliyi qızın davranışında, xanımlığında, hisslərində fərqlər yaradır. Peşə seçimində, eləcə də iş rejimində qadın-kişi ayrıseçkiliyi absurd məsələdir. Üzümüzə gələn qısa müddət ərzində bu universitetin adını dəyişərək başqa ali məktəblə əvəz etsələr, yaxşı olar. Burada keçirilən dərslərdən və onların keyfiyyətindən xəbərsizəm. Əsas məqam universitetdə yalnız qızların təhsil almasıdır.

Bakı Dövlət Universitetində təhsil aldığım müddətdə qrupda oğlan tələbə olmayıb. Lakin bu seçimi könüllü etməmişdik. Sadəcə təsadüf nəticəsində belə alınmışdı. Bəzən bu məsələ insanların gülüş obyektnə də çevrilir”.

Psixoloq hazırki dövrdə bu cür universitetin fəaliyyət göstərməsini normal hesab etmir:

“Heç bir halda qadın-kişi ayrıseçkiliyi olmamalıdır. Qadınlar kişilərdən daha dözümlüdür. Doğuş ağrısı qadının 220 sümüyünün sınmasına bərabərdir. Qadının düşünmə qabiliyyəti və özünüidarə etməsi də güclüdür. Nə evdə, nə məktəbdə, nə də universitetdə belə ayrıseçkilik yolverilməzdir. Hər birimiz yetəri qədər inkişaf edən insanlarıq. Qızlar Universitetinin nəyə görə fəaliyyət göstərdiyinin fərqində deyiləm. Ola bilər ki, dərslər çox mükəmməl keçirilir. Buranın adını dəyişib oğlanların da oxuya biləcəyi müəssisəyə çevirmək olar. Bəlkə hansısa oğlan heç bir universitetə daxil olmayıb, amma burada oxuya bilərdi? Bu cür universitetin fəaliyyət göstərməsiylə kiminsə həyat fəaliyyətinə belə mane olmuş oluruq”.

Xatırladaq ki, Bakı Qızlar Universitetinin tarixi  1992-ci ildən başlayır. Ali məktəbdə Xarici dil, Azərbaycan dili və ədəbiyyatı, Tarix müəllimliyi, Təhsildə sosial-psixoloji xidmət, Psixologiya, Coğrafiya müəllimliyi, İbtidai sinif müəllimliyi, Məktəbəqədər təlim və tərbiyə, Riyaziyyat və informatika müəllimliyi ixtisasları üzrə yalnız qızlardan ibarət kadrlar hazırlanır.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları