Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-07-25 11:23:00
Məktəbdən məzun olan ŞƏHİD ANASI: “Təhsilimə davam etmək istəyirəm”

Xəbər verdiyimiz kimi, 2-ci Qarabağ müharibəsi şəhidi Nurağa Tağıyevin anası Yeganə Tağıyeva eksternat qaydada imtahan verərək Xaçmaz şəhər 4 nömrəli tam orta məktəbdən tam orta təhsil haqqında attestat alaraq məzun olub.

 

Bu münasibətlə AzEdu.az Təhsil Portalı olaraq Yeganə Tağıyeva ilə əlaqə saxladıq.

 

O, təəssüratlarını bizimlə bölüşüb.

 

41 yaşlı müsahibimiz gələcək təhsili üçün attestat aldığını qeyd edib:

 

“Mən, Yeganə Tağıyeva 1983-cü ildə anadan olmuşam. Hazırda 41 yaşım var.  Xaçmaz şəhər 4 nömrəli məktəbdə oxumuşam. Lakin məktəbə 7-ci sinfə qədər gedə bildim. Çünki müxtəlif səbəblər var idi. Atam yox idi deyə ailə vəziyyətimiz yaxşı deyildi. Ona görə də 11-ci sinfə qədər təhsil ala bilmədim.

Düşündüm ki, gələcəkdə hər hansısa bir yerdə fəaliyyət göstərə bilməyim üçün mənə attestat lazım olacaq. Eşitdim ki, bunu imtahanla əldə etmək mümkündür. Məndə hazırlaşıb imtahan verdim və daha sonra attestat aldım”.

 

Yeganə Tağıyeva kollec təhsili almaq istədiyini vurğulayıb:

 

“Attestat almaq üçün bu ilki buraxılış imtahanında iştirak etdim. Gələcəkdə kollec üzrə təhsil almaq istəyirəm.Düşünürəm ki, ali təhsil almaq, yəni universitetə qəbul olmaq mənim üçün çətin olar. Bu səbəbdən kollec təhsilini seçmişəm. Əgər qəbul oluna bilsəm tibb bacası ixtisası üzrə təhsil almaq istərəm.

 

Bir Şəhid anası kimi oğlumun adını hər zaman uca tutaraq biliyimi inkişaf etdirmək istəyirəm. Mənim tək oğlum var idi, o da şəhid oldu. Lakin hazırda 1 yaş 7 aylıq balaca Nurağa adlı oğlum var. Oğluma şəhidimin adını vermişəm. Şəhid olan oğlumu istədiyim kimi böyüdə bilməmişəm. Çox əziyyət və çətinliklər çəkmişəm. Arzum budur ki, balaca Nurağam yaxşı böyüsün.

 

Müsahibimiz özü timsalında olan şəhid analarına ürək sözlərini söyləyib:

 

“Şəhid analarına demək istəyirəm ki, heç zaman ruhdan düşməsinlər. Həyat davam edir. Bizim oğullarımız Vətən uğrunda vuruşub qəhrəmancasına şəhid olublar. Mən oğlumla fəxr edirəm. Dövlətim mənə kömək olsa istəyirəm ki, təhsilimi davam etdirim”.

 

Qeyd edək ki, Nurağa Tağıyev Murov dağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olub. Oktyabrın 10-nu şəhidlik zirvəsinə ucalıb.