Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-05 14:11:12
“Məni “kəsən”, acıq çıxan müəllim sonradan işdən qovuldu” –  Kəsir rekordçusu olan xanımla atüstü söhbət

AzEdu.az Azərbaycan Təhsil Portalı tələbələrin universitet həyatıyla bağlı olan “Atüstü  söhbət” layihəsinə start verir.

Layihə vasitəsilə Azərbaycanın müxtəlif universitetlərində təhsil alan gənclərin tələbə həyatıyla bağlı maraqlı fikirlərinə yer veriləcək.  Amma geniş və ağır-ləngərli müsahibə formatında yox, elə tələbənin öz özgürlük, sürət tələbinə uyğun olaraq, atüstü söhbət...

Layihənin ilk qonağı Bakı Dövlət Universitetinin Jurnalistika Fakültəsinin IV kurs tələbəsi Ayşən Rəhimovadır.

Ayşən Rəhimova: “III kursda təhsil alanda I kursları maraqla gözləyirdim”

-Ali məktəblərdə belə bir ənənə var ki, yuxarı kurs tələbələri aşağı kurslara sanki “yuxarıdan aşağı” tərzində baxırlar. Hazırda IV kursda təhsil alan tələbə kimi siz də I kurslara belə baxırsınız?

-I kursları heç görməmişəm. Növbə fərqimiz var. Amma III kursda təhsil alanda onları maraqla gözlədiyim doğrudur. Lakin onlara heç vaxt bizə baxılan kimi “yuxarıdan aşağı”, “hər an səhv axtaran” insan tərzində baxmamışam. Qısası, əsgərlikdəki “dembil-molodoy” münasibətlərini (hansı ki, fakültədə ənənə halını alıb) onlara tətbiq etməmişəm.

“Çıx bayıra, 10 dəqiqəyə qayıdarsan!”

-Hər hansı bir hərəkətinizə görə dərsdən qovulduğunuz olubmu?

-İndiyə qədər mənfi davranış səbəbindən heç bir dərsdən qovulmamışam. Sadəcə, birinci kursda xarici dil dərsində müəllimlə qarşılıqlı dialoq zamanı gülüş doğuran situasiya yaranmışdı və müəllim mənim gülüşümə güldüyü, özünü saxlaya bilmədiyi üçün mənə "çıx bayıra, 10 dəqiqəyə qayıdarsan" demişdi.

-Heç sevmədiyin müəllim obrazı hansıdır?

-Haqsızlığa dözə bilən biri deyiləm. Tələbələr arasında haqsızlıq eləyən müəllimlərdən həmin anda soyumuşam. Fərqi yoxdur, bu haqsızlıq mənə edilib, ya başqasına.

Ayşən Rəhimova: “Mənə yazılan ən aşağı qiymət elə ən aşağı göstərici olub”

-Dərslərdən aldığınız ən aşağı qiymət neçə olub?

-Aldığım ən aşağı qiyməti xatırlamıram, amma ümumi göstərici üzrə ən aşağı qiyməti yazıblar. Sıfır.

-Belə bir deyim var ki, hər tələbənin mütləq kəsri olmalıdır. Onların deyimiylə, kəsirsiz tələbəni əsl tələbə adlandıra bilmərik?

-Elə vəziyyət yaranıb ki, kəsirsiz tələbələri tərifləmək əvəzinə, əksər vaxtlarda "tapşırılmısan" damğası vurulur. Gözümün qarşısında heç bir köməyi olmadan 4-cü kursa kəsirsiz gəlib çatmış bir neçə tələbə var, bəli, tələbə və kəsirsiz.

-“Qayib yazdırma, gəlirəm” deyib hər dəfə qaib alan tələbələrdənsiniz?

-Bu cümlə daha çox mənə deyilir .Uzağı 10 dəqiqə geciksəm də, çatıram və əksər vaxtlarda mənə “q/b” yazılmır. Yox, əgər daha çox gecikəcəyimi bilirəmsə, ümumiyyətlə "q/b yazdırma" söhbətinə girmirəm.

- Sizcə, tələbələrə hansı güzəştlər edilməlidir?

-Uzaqdan gələn tələbələrə qaib məsələsində hər zaman güzəşt edilsə, yaxşı olar. Təbii ki, bundan sui-istifadə edən tələbələrə aid deyil. Müəllim özü müşahidə etməlidir  ki, dərsimə gecikən şəxs hansı tip tələbədir. "Uzaqdan gəlirəm" deyib avaralanan, yoxsa həqiqətən uzaqdan gəlir deyə gecikib “q/b”  alsa da, oturub mühazirəni yazan?”.

Kəsirli tələbə: Tarixdən 2, Politologiyadan 3 kəsir.

-Ən uzun mühazirə nə qədər davam edib?

-Bəzən müəllim əsəbiləşəndə kobud tərzdə desək, "dirəşir" ki, tənəffüs olmayacaq, zəngin səsini eşitməmiş çıxmayacağıq. Bu da bizi sıxır. Ən uzun mühazirəni bilmirəm, amma ən uzun dərslər cədvəldə ard-arda salınan, dörd 45 dəqiqə davam edən dərslərdir.

-Bir fəndən ən çox neçə dəfə kəsilmisiniz?

- Tarixdən iki, Politalogiyadan üç dəfə kəsilmişəm. Tarix fənni I kursun 1-ci semestrının ilk imtahanı idi. Təcrübəsiz olduğumçün vərəqləri tam doldurmamışdım, sadəcə, konkret faktları yazmışdım. Sonradan öyrəndim ki, hər cümləni başqa formada 10 dəfə yazmaq lazım imiş. Buna görə kəsildim və alt qrupa yazıldım. İkinci dəfə imtahandan çıxış balım çatsa da, giriş balım az olduğu üçün kəsildim. Nəhayət, 3-cü cəhddə imtahandan keçdim.

“Bu dəfə də kəsildim..”

Politologiya II kursun ilk  semestrında keçirilirdi. I dəfə kəsiləndə qrupun 50 faizi kəsilmişdi. Məlum oldu ki, həmin kafedradan bizim vərəqləri yoxlayan hansısa "müəllim"in bizdən əvvəlki qruplarla mübahisəsi olubmuş. Acığını bizdən çıxmaq istəyib, amma bu, ona baha başa gəldi. Eşitdiyimə görə ötən gün işdən azad olunub. Yenidən imtahan təşkil olunsa da, bu dəfə də kəsildim. İmtahan vərəqimə baxmaqçün günlərlə süründürdülər, nəhayət, baxa bildim. Amma nəyə görə kəsildiyimi heç kəs əsaslandıra bilmədi. Hələ də səbəbini bilmirəm. Kəsildikdən sonra alt qrupa yazılmışdım, ordan da qayıbdan kəsildim. Sonra yenidən alt qrupa yazılıb keçdim.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları